AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan türk dünyası birinci Beynəlxalq musiqi festivalında təmsil olunur

03.10.2014 [16:29]

Bakı, 3 oktyabr (AzərTAc). Oktyabrın 3-də Kazanda “Mədəniyyət İli”nə və “Kazan türk dünyasının mədəni paytaxtıdır” İlinə həsr olunmuş türk dünyası I Beynəlxalq musiqi festivalı açılır.
AzərTAc Tatarıstan KİV-lərinə istinadla xəbər verir ki, türk dünyası festivalı iki əlamətdar tarixə - Tatarıstan Bəstəkarlar İttifaqının 75 illiyinə və TÜRKSOY təşkilatının 20 illiyinə həsr olunub.
Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Rusiya, o cümlədən Başkortostandan bəstəkar və musiqiçilər iştirak edirlər.
Festivalın proqramında 3 konsert günü nəzərdə tutulub. Açılış günündə Salih Saydaşov adına Dövlət Böyük Konsert Salonunda Aleksandr Sladkovskinin dirijorluğu ilə Tatarıstan Respublikası Dövlət Simfonik Orkestrinin konserti olacaq.
Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, gecədə Azərbaycandan olan dirijor Fəxrəddin Kərimov qonaq qismində iştirak edəcək.
Sonra festival Auxadeyev adına Kazan Musiqi Məktəbinin kamera musiqisi salonunda davam edəcək. Konsertdə Vitali Xarisovun rəhbərlik etdiyi “Mayatnik” ansamblı çıxış edəcək.
Festival oktyabrın 5-də Salih Saydaşov adına Dövlət Böyük Konsert Salonunda başa çatacaq.
Konsertdə Rüstəm Abyazovun dirijorluğu ilə “La Primavera” kamera orkestri çıxış edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az