AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı pəhləvan qardaşların adları dünya rekordları kitabında yer alacaq VİDEO

07.05.2015 [13:24]

Quba, 7 may, Elxan Yusifli, AZƏRTAC

Bu ilin sonunda dərc olunacaq yeni dünya rekordları kitabında qubalı pəhləvan qardaşlar - Laçın və Hüseyn Abdulhüseynovların adları da yer alacaq.
AZƏRTAC xəbər verir ki, adları həm də “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qardaşlar bu uğura Ukrayna televiziyasında yayımlanan “Ukraina mae talant” layihəsi zamanı nail olublar.
Pəhləvan Laçın Abdulhüseynov qeyri-adi üsulla göz nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaq, kəsici-deşici aləti boğaz boşluğuna söykəməklə avtomobil itələmək və heç bir qoruyucu vasitə olmadan biləyi üzərindən 2 tonluq maşını keçirməklə dünya rekorduna imza atıb. Onun qardaşı H.Abdulhüseynov isə boğaz boşluğunda 33 kiloqram daş asmaqla, ayaqları üzərindən 3,4 ton ağırlığında avtomobili keçirməklə fərqlənib.
Pəhləvan qardaşların növbəti hədəfi isə adlarının “Ginnesin rekordlar kitabı”na salınmasıdır. Artıq onların təqdim etdikləri qeyri-adi nömrələr və imza atdıqları dünya rekordları “Ginnesin rekordlar kitabı”nın nümayəndələri tərəfindən qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az