AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natali Qule: Qondarma “Dağlıq Qarabağ respublikası” ilə “xartiyalar”ın imzalanmasına Fransa hökuməti sərt reaksiya verməlidir VİDEO

21.05.2015 [16:37]

Bakı, 21 may, AZƏRTAC

“Bakıda tolerantlıqdan və sülhdən danışıldığı bir vaxtda Fransanın bir neçə şəhəri ilə qondarma “Dağlıq Qarabağ respublikası” arasında “dostluq və qardaşlaşma xartiyaları”nın imzalanması çox təəssüf doğurur. Mən Fransa hökumətinin bu addıma sərt reaksiya verəcəyinə inanıram”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransa Senatının üzvü Natali Qule bildirib.
Senator deyib ki, bu “sənədlər”in imzalanması beynəlxalq hüquqa ziddir, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması, qaçqın və məcburi köçkünlərə qarşı laqeydlik deməkdir. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa buna mütləq reaksiya verməlidir. Doğrudur, Fransada yerli hakimiyyət orqanları müstəqildir, ancaq bu, o demək deyil ki, kommunalar, şəhər və departamentlər istədikləri kimi hərəkət edə bilərlər. Bu addım həm də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Fransanın diplomatiyasına, eləcə də iki ölkə arasında münasibətlərə xələl gətirə bilər.
N.Qule bildirib ki, Senatda Azərbaycanla dostluq qrupunun sədri artıq bu məsələ ilə bağlı yerli hakimiyyət orqanları üzrə nazirə, daxili işlər və xarici işlər nazirlərinə müraciət edib. “Biz Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə də müraciət edəcəyik. Belə qəbuledilməz halların qarşısı alınmalıdır. Yerli hakimiyyət orqanlarının bu “xartiyalar”ı imzalaması Fransanın Minsk qrupu çərçivəsində tarazlı siyasətinin pozulması deməkdir. İnanıram ki, Fransa hökuməti bütün bu hərəkətlərə son qoymaq üçün ciddi addımlar atacaq”, - deyə senator qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az