AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-Almaniya əlaqələrinin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq

11.09.2015 [17:11]

Bakı, 11 sentyabr, AZƏRTAC

Almaniya–Azərbaycan Forumunun (DAF) idarə heyətinin sədri Hans-Eberhard Şleyer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horzetskinin rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 30-dan oktyabrın 2-dək Azərbaycana səfəri planlaşdırılır.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Almaniya Bundestaqının bir sıra üzvləri və onları müşayiət edəcək alman şirkətlərindən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsindən ibarətdir.
Səfər çərçivəsində nümayəndə heyətinin oktyabrın 1-də Azərbaycanın Energetika Nazirliyində də görüşü nəzərdə tutulub. Almaniyanın “SMS group GmbH”, “Claas Global Sales”, “WILO SE”, “Vallourec Deutschland GmbH” kimi nüfuzlu şirkətlərinin və “Deutsche Bank”ın yüksək səviyyəli təmsilçilərinin qatılacağı görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olacaq.
2006-cı ildə Berlində yenidən təsis edilmiş Almaniya-Azərbaycan Forumu öz fəaliyyətini iki ölkə arasında ikitərəfli münasibətlərin təşviq edilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin intensivləşdirilməsi və elmi mübadilənin inkişaf etdirilməsi istiqamətində davam etdirir. DAF iki ölkənin hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra tədbirlər təşkil edərək Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az