AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ

04.02.2002 [12:45]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 2-də Nyu-Yorkda Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür. 

Görüşdə Azərbaycan-Polşa münasibətlərinin perspektivləri ətraflı müzakirə olunmuşdur.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə geniş fikir mübadiləsi aparmışlar.
Prezident Heydər Əliyev və Prezident Aleksandr Kvasnevski Nyu-Yorkda keçirilən Dünya İqtisadi Forumunun işini yüksək dəyərləndirmiş, 11 sentyabr faciəsindən sonra beynəlxalq terrorizmə, təcavüzkar separatizmə qarşı birgə mübarizənin daha da gücləndirilməsi üçün bu Forumun xüsusi əhəmiyyət daşıdığını nəzərə vurğulamışlar.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi olmuşdur.

X x x


Həmin gün Nyu-Yorkda, dövlətimizin başçısı üçün ayrılmış iqamətgahda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının prezidenti Kaspar Filliger ilə görüşü olmuşdur.
Azərbaycan Prezidenti Heydər Əliyev ilə Davosda və Bakıda keçirdiyi görüşləri həmişə məmnunluqla xatırladığını vurğulayan cənab Filliger dövlətimizin başçısının Dünya İqtisadi Forumuna göstərdiyi diqqətdən razılıqla söhbət açmışdır.
11 sentyabr faciəsindən sonra Davos İqtisadi Forumunun Nyu-Yorkda toplaşmasını çox dəyərli addım hesab etdiyini bildirən Prezident Heydər Əliyev cənab Filligerin bu Forumdakı çıxışını yüksək qiymətləndirmişdir.
Prezidentlər ümidvar olduqlarını bildirmişlər ki, Davos İqtisadi Forumu dünyanın qarşılaşdığı qlobal problemlərin beynəlxalq ictimaiyyətin birgə səyləri ilə tezliklə həll edilməsinə güclü təkan verəcəkdir.
Söhbət zamanı Azərbaycan-İsveçrə əməkdaşlığının daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə vəziyyət və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Prezident Heydər Əliyev cənab Filligerə Bakıda nəfis tərtibatda nəşr olunmuş “Davos: Qlobal iqtisadiyyatın üfüqləri” kitabını hədiyyə etmişdir.

X x x

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 2-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Bill Klinton ilə görüşmüşdür.

Aslan Aslanov,
Şəfəq Akifqızı
AzərTAc-ın xüsusi müxbirləri
Nyu-York

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az