AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə hallar naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib VİDEO

29.04.2016 [11:30]

Masallı, 29 aprel, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 29-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin sakinlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Bölgə vətəndaşlarının bir qismi, həmçinin nazirliyin müvafiq qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələn sakinlər nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az