AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADAU-da məzunlarla görüş: 25 ildən sonra... VİDEO

02.05.2016 [15:49]

Gəncə, 2 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində 1991-ci ildə aqronomluq ixtisasını bitirən məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, elm-və təhsil müəssisələrində müxtəlif vəzifələr tutan, həmçinin sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olan 70-dən çox məzun 25 il əvvəl bitirdikləri universitetdə görüşüb, xatirələrini bölüşüblər.
Məzunlar üçün əvvəlcə şərti olaraq ilk dərs keçirilib. Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvi, professor İbrahim Cəfərov onları bir arada görməkdən məmnunluğunu ifadə edib və bildirib ki, vaxtilə universitetdə təhsil alan gənclərin əksəriyyəti bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlardır.
Rektor görüş iştirakçılarının diqqətinə çatdırıb ki, hələ sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyev tərəfindən bu ali təhsil ocağına böyük qayğı göstərilib. Bu gün isə Prezident İlham Əliyevin diqqəti nəticəsində Aqrar Universitetin qarşısında daha böyük imkanlar açılıb. Ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasında, ərzaq təhlükəsizliyinin həllində, insanların ekoloji cəhətdən sağlam qida məhsulları ilə təminatında Aqrar Universitetin üzərinə böyük məsuliyyət düşür. Elə buna görə də universitet peşəkar, yüksək ixtisaslı aqrar mütəxəssislərin hazırlanması üçün bütün potensialını səfərbər edib.
Məzunlara son illər universitetdə həyata keçirilən köklü struktur islahatları barədə məlumat verən İbrahim Cəfərov qeyd edib ki, idarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub. Bütün tədris korpusları laboratoriyalarla, ən müasir avadanlıqlarla təchiz edilib. Universitetdə bildirçin təsərrüfatı, quşçuluq, balıqçılıq, arıçılıq mərkəzləri yaradılıb. Sınaq-təcrübə sahələrində yaz və payız əkin-səpin işləri aparılıb.
Universitet dünya təcrübəsi ilə yaxından tanış olmaq, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədilə Avropanın və dünyanın bir sıra nüfuzlu aqrar universitetləri, elm və təhsil mərkəzləri ilə müqavilələr imzalayıb. Bunun nəticəsidir ki, hazırda universitetin 20-dən artıq tələbəsi dünyanın bir sıra elm-təhsil mərkəzlərində ixtisaslarına uyğun olaraq istehsalat təcrübəsi keçirlər.
Professor İbrahim Cəfərov xüsusi olaraq vurğulayıb ki, məqsəd gələcəkdə yalnız Qafqazda deyil, həmçinin Şərqi Avropada və Yaxın Şərq regionunda ən nüfuzlu universitetlər sırasına qoşulmaq və çoxsaylı aqrar problemlərin həlli mərkəzinə çevrilməkdir.
Sonda məzunlar universitetin tədris korpuslarını və laboratoriyalarını gəzib, tədris-təcrübə sınaq mərkəzlərini müşahidə edib, yaradılan şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az