AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələri inkişaf edir VİDEO

24.05.2016 [01:23]

Lyublyana, 24 may, AZƏRTAC

Sloveniyada səfərdə olan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniya Parlamenti Milli Şurasında olub.
Şuranın sədri Mitya Bervar ilə görüşdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Naqif Həmzəyev, ölkəmizin Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyev, Milli Şuranın üzvü Rudi Matyaşiç, Parlament Aparatının rəhbəri Marian Mauçets, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Lilian Juran iştirak ediblər.
Ötən il mart ayında Azərbaycana səfərini məmnunluqla xatırlayan M.Bervar Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentlərarası işçi qrupun üzvləri ilə keçirdiyi görüşlərin həm parlamentlərarası əməkdaşlığa, həm də ölkələrimiz arasındakı ümumi əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, səfər zamanı ölkəmizdə aparılan sosial, iqtisadi layihələrlə yaxından tanış olduğunu, Azərbaycan xalqı tərəfindən dost sloven xalqına səmimi münasibətlər bəslənildiyini qeyd edib.
Ağalar Vəliyev son illər ərzində Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla, siyasi, iqtisadi, humanitar, elmi və mədəni əlaqələrin inkişaf etməsini məmnunluqla qeyd edib. Vurğulanıb ki, ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya 2006-cı və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərlərinin, bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin mühüm əhəmiyyəti olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. A.Vəliyev bildirib ki, bu ilin aprel ayında erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhəboyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub. Nəticədə mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyektlər dağıdılıb. O, Goranboy-Ağdam-Tərtər seçki dairəsindən seçilmiş deputat kimi həmin günlərdə bu bölgələrdə olduğunu, ermənilər tərəfindən törədilmiş vəhşilikləri öz gözləri ilə gördüyünü qeyd edib. Erməni işğalçılarının bu təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görüb və strateji əhəmiyyətə malik bır sıra yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad edib.
Qeyd edilib ki, Sloveniya parlamenti Milli Şurasının 2014-cü il dekabrın 23-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən və digər ölkələrin qanunverici orqanları üçün örnək rolunu oynayan sənədin qəbul edilməsi, habelə bu ilin yanvar ayında Xocalı soyqırımı ilə bağlı sənədin qəbulu ölkəmizdə yüksək qiymətləndirilir.
Ağalar Vəliyev Milli Məclisin sədri Oqtay Əsədovun sloveniyalı həmkarı M.Bervara salamlarını çatdırıb və ona ünvanladığı məktubu təqdim edib.
Görüşdə parlamentlərarası əməkdaşlığın beynəlxalq qurumlar çərçivəsində də inkişaf etdirilməsinə toxunulub, ATƏT Parlament Assambleyasının bu il Tbilisi şəhərində keçiriləcək illik iclasında müzakirəyə çıxarılacaq bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
                                                                                         x x x
Həmin gün Azərbaycan nümayəndə heyətinin Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Miryam Bon-Klanyşçek, işçi qrupun sədr müavini Marko Frequla və qrupun üzvləri ilə görüşü olub.
Görüşdə mütərəqqi parlamentarizm ənənələrinin formalaşdığı hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, müxtəlif sahələrdə və həmçinin qanunverici orqanların təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Miryam Bon-Klanyşçek yarandığı ilk gündən Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunda fəaliyyət göstərdiyini qeyd edərək, əlaqələrin getdikcə daha da güclənməsi üçün böyük potensialın olduğunu bildirib. O, bu ilin payızında keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuna görə minnətdarlıq edib, bu dəvətdən böyük şərəf duyduğunu diqqətə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev parlamentlərarası əlaqələrin inkişafından danışıb. O qeyd edib ki, 2000-ci ildə yaradılmış Azərbaycan-Sloveniya və 2012-ci ildən fəaliyyət göstərən Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə səmərəli fəaliyyəti qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə layiqli töhfəsini verməkdədir.
Görüşdə Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sloven parlamentarilərə məlumat verilib, cəbhədə baş vermiş ən son hadisələrdən bəhs edilib. Eyni zamanda, Sloveniya parlamenti tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilmiş qərarlara görə minnətdarlıq ifadə edilib.
Görüşün sonunda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun məktubu Miryam Bon-Klanyşçekə təqdim olunub.

Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az