AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏDƏ YENİ HÖKUMƏT TƏŞKİL EDİLMİŞDİR

19.11.2002 [18:00]

Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər Ədalət və İnkişaf Partiyası sədrinin müavini Abdullah Gül tərəfindən təqdim olunmuş yeni, 58-ci hökumətin tərkibini təsdiq etmişdir. 

Birpartiyalı Nazirlər Kabinetinin tərkibinə 25 nəfər, o cümlədən baş nazirin üç müavini - dövlət nazirləri Əbdüllətif Şənər, Məhməd Əli Şahin və Ərtoğrul Yalçınbayır daxildirlər.
Xarici işlər naziri peşəkar diplomat Yaşar Yakış təyin edilmişdir. O, uzun müddət bir sıra ərəb dövlətlərində və başqa ölkələrdə, habelə Türkiyənin BMT və NATO-dakı nümayəndəliklərində işləmişdir.
Milli müdafiə naziri əvvəllər vali və Hesablama Palatasının sədri vəzifələrində çalışmış Vəcdi Gönül təyin olunmuşdur.
Hökumətdə yeganə qadın olan - Güldal Akşid turizm naziri vəzifəsini tutacaqdır. Yeni hökumətə dörd nəfər dövlət naziri daxildir: Mehmet Aydın, Bəşir Atalay, Əli Babacan, Gürşad Tüzmən.
Konstitusiyaya uyğun olaraq, yeni hökumətin proqramı bir həftədən sonra Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəkdir. Sonra hökumətə etimad barədə səsvermə keçiriləcəkdir. Bu, çox güman ki, formal xarakter daşıyacaq, çünki Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 363 səsə malikdir.
Tural Rzayev,
AzərTAc-ın xüsusi müxbiri
Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az