AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI

30.11.2002 [18:50]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı başa çatmışdır. 

“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və maliyyə-kredit siyasəti” mövzusunda keçirilmiş indiki kursda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, kursdan əsas məqsəd iqtisadi islahatlar şəraitində maliyyə-kredit və vergi münasibətlərinin səmərəli idarə olunması, investisiya proseslərinin tənzimlənməsi və həyata keçirilməsi sahələri üzrə mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi və onlara yeni məlumatların verlməsi idi.
Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri Mail Rəhimov, Milli Məclisinin büdcə məsələləri daimi komissiyasının sədri Səttar Səfərov, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, maliyyə nazirinin müavinləri İlqar Fətizadə və Heydər Əsədov, Milli Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev, Birləşmiş Universal Səhmdar Bankın idarə heyətinin sədri Zakir Zeynalov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Uost Van Der Aalst, habelə tanınmış alimlər, mütəxəssislər dinləyicilər qarşısında iqtisadiyyatın müasir problemlərinə dair mühazirələr oxumuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az