ОФИЦИАЛЬНАЯ ХРОНИКА
DAHA 36 NƏFƏR QARABAĞ MÜHARİBƏSİ ƏLİLİ VƏ ŞƏHİD AİLƏSİNİN ÜZVÜ MƏNZİLLƏ TƏMİN OLUNMUŞDUR
YENİ MƏNZİLLƏRİN SAKİNLƏRİ BUNU AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ONLARA GÖSTƏRDİYİ TÜKƏNMƏZ QAYĞI VƏ DİQQƏTİN PARLAQ TƏZAHÜRÜ HESAB EDİRLƏR
Yanvarın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tikilmiş çoxmərtəbəli, həç cür kommunal şəraiti olan 36 mənzilli bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev yeni ilin ilk günlərində mənzil alan soydaşlarımızı təbrik edərək demişdir: “Azərbaycan xalqının qazandığı dövlət müstəqilliyi yalnız ölkəmizin müdrik rəhbəri Heydər Əlirza oğlunun əzm və iradəsi sayəsində qorunub saxlanmış, inkişaf etdirilmişdir. İndi Azərbaycan dünya dövlətləri arasında layiqli yer tutur. Ölkəmizin qüdrətlənməsi naminə yorulmaz fəaliyyət göstərən möhtərəm Prezidentimiz, eyni zamanda dövlətimizin sosial siyasətinin güçləndirilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən Qarabağ müharibəsi əlillərinin rifahının yüksəldilməsinə daim diqqət və qayğı göstərir. Əlillərin cəmiyyətə inteqrasiyası, onların və vətən naminə şəhid olan döyüşçülərin ailələri üçün çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikilib istifadəyə verilməsi, protezləşmə işinin dünya standartlarına uyğun qurulması, əlillərin tibbi və digər reabilitasiya vasitələri, o cümlədən minik avtomobilləri ilə təmin edilməsi bu diqqət və qayğının bariz nümunəsidir”.
Mərasimdə çıxış edənlər dövlət əhəmiyyətli bir çox sahələrdə fəaliyyət göstərməsinə, işinin çox olmasına baxmayaraq, əlil və şəhid ailələrinin problemlərini yaddan çıxarmayan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Bakının Qaradağ rayonunda və Mingəçevir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikdirib istifadəyə verdiyi binalara görə minnətdar olduqlarını bildirdilər.
Qarabağ müharibəsinin 2-ci qrup əlili Vüsal Babayev, şəhid ailəsinin üzvü Raya Bayramova bu qəbildən olan insanlara Prezident Heydər Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini, yeni binada mənzil almalarını dövlətimizin başçısının onlara çox qiymətli Yeni il hədiyyəsi olduğunu vurğuladılar, 2003-cü ildə keçiriləcək Prezident seçkilərində Azərbaycanın tərəqqisi, onun iqtisadi-sosial yüksəlişi naminə yorulmaq bilmədən mübarizə aparan müdrik rəhbərimizə - Heydər Əlirza oğlu Əliyevə səs verəcəklərini bildirdilər.
Mərasimin sonunda yeni binanın sakinləri adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət oxundu. Müraciətdə deyilir:
Möhtərəm cənab Prezident!
Vətən və xalq qarşısında ləyaqətlə xidmət göstərmək insanlığı şərəfləndirən ən qiymətli keyfiyyətdir. Xüsusilə, bu xidmətlər Vətən tərəfindən, cənab Prezident, Sizin – dövlətimizin müdrik rəhbəri tərəfindən layiqincə qiymətləndirildikdə, həmin insanlar qayğı ilə əhatə olunduqda keçilən yollar daha əzəmətli, daha şərəfli görünür.
Zati-Aliləri, Sizin rəhbərliyinizlə ölkəmizdə uğurla həyata keçirilən daxili və xarici siyasət, aparılan islahatlar bizim kimi insanların mənafeyini ifadə etməyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş insanların ailələrinə, fiziki sağlamlıqlarını itirmiş şəxslərə Sizin başçılığınızla dövlətimiz daim qayğı göstərir, onların sosial müdafiəsi, rifahının yaxşılaşdırılması üçün konkret tədbirlər həyata keçirilir.
Əhalinin aztəminatlı təbəqəsinin mənafeyinin daim müdafiə olunması məhz Sizin yeritdiyiniz sosial yönümlü iqtisadi siyasətin məntiqi tənicəsi olaraq nəticəsidir.
Bizim kimi ehtiyacı olan yüzlərlə insanın mənzil-məişət problemlərinin həlli, min nəfərə yaxın əlilin nəqliyyat vasitələri ilə təmin edilməsi, yeni iş yerlərinin yaradılması, eyni zamanda pulsuz reabilitasiya vasitələri, protez-ortopedik məmulatla təmin edilməsi Vətən yolunda həlak olmuş şəhidlərin ailələrinə, müharibədə bədən xəsarəti almış insanlara qayğının bariz nümunəsidir.
Əziz Prezidentimiz!
Dövlət əhəmiyyətli bir çox sahələrdə fəaliyyət göstərməsinə, işinin çox olmasına baxmayaraq, bizi də yaddan çıxarmayan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən Bakının Qaradağ rayonun da və Mingəçevir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binalarının tikilib istifadəyə verilməsini minnətdarlıqla yad edirik.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Yasamal, Binəqədi, Suraxanı, Xətai rayonlarında, habelə Naxçıvan, Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Abşeron rayonunun Xırdalan qəsəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının, respublikanın müxtəlif rayonlarında tikilib istifadəyə verilmiş fərdi evlərin sakinləri kimi, bizim də sevincimizin həddi-hüdudu yoxdur.
Aztəminatlı ailələrin, əlillərin, veteranların, şəhid ailələrinin sosial qayğıları ilə daim məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaraşıqlı, hər cür kommunal şəraiti olan 36 mənzilli binanın bizim istifadəmizə verilməsini böyük ruh yüksəkliyi ilə qarşılayır, indiyədək və bundan sonra qayğısını çəkdiyiniz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ən böyük Yeni il hədiyyəsi kimi qəbul edirik.
Biz – bu yaraşıqlı binanın sakinləri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslər və şəhid ailələri adından Sizi bütün xalqımız üçün əlamətdar olan yeni 2003-cü il münasibəti ilə səmimi-qəlbdən təbrik edir və əmin etmək istəyirik ki, bu il keçiriləcək Prezident seçkilərində doğma Azərbaycanımızın çiçəklənməsi, onun gələcəyi uğrunda yorulmadan çalışan, xalqımızın qeyrətli oğlu Heydər Əlirza oğlu Əliyevə səs verəcəyik.
Zati-Alinizə dərin hörmət və ehtiramla,
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün istifadəyə verilmiş binanın sakinləri adından:
Niyaz Qasımov, Vüsal Babayev,
Namiq Məmmədov, Fərhad Quliyev-
cəmi 36 imza