Ramiz MEHDİYEV,
akademik,
Azərbaycan
Respublikası
Prezidentinin İcra Aparatının rəhbəri
ZAMAN HAQQINDA DÜŞÜNƏRKƏN VƏ ELİTANI TRANSFORMASİYA EDƏRKƏN:
VARİSLİK
VƏ İNNOVASİYALILIQ
“Yeni sivilizasiya gündəlik həyatımıza daxil
olanda biz özümüzdən soruşuruq: bəlkə, biz də köhnəlmişik? Bizim nə qədər
adətlərimiz, dəyərlərimiz, müəyyən olunmuş qaydalarımız və baxışlarımız şübhə
altına alınır, ona görə də təəccüblü deyil ki, bəzən biz özümüzü keçmiş dövrün
adamları, İkinci dalğa sivilizasiyasının qalıqları kimi hiss edirik. Lakin əgər
bunların bəziləri həqiqətən anaxronizmdirsə, onda bizim aramızda gələcəyin
insanları - belə demək mümkündürsə, gələcək Üçüncü dalğa sivilizasiyasının
gözlənilən vətəndaşları varmı? Bizi əhatə edən tənəzzül və dezinteqrasiyanın
arxasında gələcəyin şəxsiyyətinin meydana çıxmaqda olan konturlarını, necə
deyərlər, “yeni insanın" zühur etməsini görmək olarmı?"
E.Toffler. “Üçüncü
dalğa".
Əminəm ki, ölkənin dinamik inkişafı şəraitində tərəqqinin
perspektivlərini necə təsəvvür etməyimiz barədə mülahizələrimizi bölüşmək, bu
mülahizələri qərarların qəbul edilməsinə və onların həyata keçirilməsinə görə
cavabdeh olanlarla əlaqələndirmək zəruridir. Qarşıdakı işlərin uğuru və həyata
keçirilən dövlət siyasətinin səmərəliliyi çox vaxt bu və ya digər taleyüklü
qərarları kimin və necə reallaşdıracağından asılı olur. Ona görə də açıq
danışmaq və hər birimizin bütün bu yolda öz həyat prinsiplərimizə möhkəm
inanması lazımdır. Bu prinsiplərin mahiyyəti isə yalnız Vətənə ləyaqətlə xidmət
etməkdən ibarətdir.
Yeni dövrün postulatları
Mənim
doğulub boya-başa çatdığım ölkə bu gün çox dəyişmişdir. Sovet imperiyasının
süqut etdiyini bildirən Belovejsk sazişinin imzalanması ilə bu dünyanın nisbətən
qısa bir müddətə solğunlaşmış birqütblü şəkil aldığı vaxtdan 17 ildən bir qədər
çox keçmişdir. Təbii ki, bu sazişdən əvvəl vaxtilə vahid dövlət olmuş ölkənin
parçalanmağa başlamasını göstərən başqa proseslər də getmişdir. Yeltsin, Kravçuk
və Şuşkeviç həmin sazişi imzalayanda sovetlər ölkəsinin ümumən yalnız adı
qalmışdı, çünki endogen siyasi proseslər onun təməlini çoxdan dağıtmağa başlamış
və nəticə etibarilə total parçalanma və iqtisadi durğunluq vəziyyətinə gətirib
çıxarmışdı. Etnosiyasi münaqişələr keçmiş dövləti didib-dağıdırdı, bir vaxtlar
“qardaş xalqlar" deyilən millətlər yeni ərazilər naminə bir-biri ilə döyüşməyə
hazır idilər və bununla da tarixə və müasir bəşəriyyətə yenidən xatırlatmaq
istəyirdilər ki, fərdin mahiyyəti demək olar ki, dəyişməz qalır.
Azərbaycan Belovejsk sazişinə 1991-ci il dekabrın 21-də qoşulmuşdur. Biz
müstəqilliyimizi hələ oktyabrın 18-də elan etdiyimizə baxmayaraq, qeyri-adi
dərəcədə günəşli olan həmin dekabr günündə mən azadlıq havası ilə nəfəs aldım,
sanki zamanı dayandırmaq ümidi ilə qarşıdakı möhtəşəm dəyişikliklər barədə fikrə
daldım. Hələ üç il əvvəl, 1988-ci ilin may ayında Dağlıq Qarabağda baş verən
hadisələrlə əlaqədar Moskvanın ədalətsiz siyasətinə cavab olaraq kütləvi xalq
çıxışlarının başlandığı Azadlıq meydanını xatırladım. Respublika Kommunist
Partiyası Mərkəzi Komitəsinin katibi kimi etirazçı özəklərin təşkilatçıları ilə
keçirdiyim görüşlər, onların öz yığıncaqlarında qaldırdıqları məsələləri
müzakirə etməyimiz gözlərim önündə canlandı. Bəlkə də çoxları bunları bilmir və
bu sətirlər onlara bir növ kəşf kimi görünəcək, lakin həmin kütləvi çıxışların
təşkili və keçirilməsinə özləri kölgədə qalmağa çalışaraq, məhz Azərbaycan
Kommunist Partiyası MK-nın bəzi büro üzvləri kifayət qədər mənəvi dəstək
göstərirdi. İkili mövqe vəziyyəti ondan irəli gəlirdi ki, Sovet İttifaqı və onun
repressiya aparatı hələ mövcud idi. Lakin Mərkəzin düşmənçilik siyasətinin başa
düşülməsi bizlərdə – Dağlıq Qarabağdakı separatçılıq əhval-ruhiyyəsini
şirnikləndirən Qorbaçov siyasətinin nə kimi təhlükəyə səbəb ola biləcəyini dərk
edən insanlarda Azərbaycanın taleyi barədə təşviş doğurmaya bilməzdi.
Cəmiyyətdə o dövrün siyasi elitasının necə formalaşması və onu kimlərin
təmsil etməsi barədə düzgün təsəvvür yaranmalıdır. Axı, sirr deyil ki, ölkənin
rəhbər orqanlarında işləyənlər arasında həmin taleyüklü vaxtda Mərkəzə qulluq
göstərməkdə davam edən və bununla da öz xalqının iradəsinə, onun ərazi
bütövlüyünü qorumaq və tarixi ədaləti bərpa etmək cəhdlərinə qarşı çıxanlar da
vardı. Xoşbəxtlikdən, millətin həqiqi maraqlarına yabançı olan həmin insanlar bu
gün Azərbaycanda yoxdur.
Yəqin ki, indi Sovet İttifaqının nə olması
barədə danışmağa dəyməz, çünki əvvəl necə yaşamağımıza və müstəqillik əldə
etdikdən sonra nələr qazandığımıza tarix birmənalı qiymətini vermişdir.
Müstəqilliyə və azadlığa can atmaq bəşəriyyət üçün həmişə dünyanın mahiyyətini
dərk etməyin yüksək və müqəddəs məqamı olmuşdur. Daim başqa dövlətlərin əsarəti
altında və ya onlardan asılı vəziyyətdə yaşamağa razılaşan cəmiyyətləri təsəvvür
etmək çətindir. Azadlıq və müstəqillik gec-tez millətlərin inkişafının təsirli
amillərinə çevrilmiş, onlar buna doğru getmişlər. Lakin hər bir halda millətləri
azadlığa və həqiqi müstəqilliyə ümumi kütlə arasında öz zəkası, istedadı və
xarizması ilə fərqlənən insanlar qovuşdurmuşlar. J.J.Russonun təbirincə desək,
siyasi Orqanizm məhz insanların bu kateqoriyası sayəsində salamat qala və öz
vətəndaşları naminə inkişaf edə bilir.
Azərbaycanın müasir inkişafını
müəyyən edən bir sıra məsələlərdə Azərbaycan cəmiyyətinin total transformasiyası
nəzərə alınmaqla vaxtında təshihlər və dəyişikliklər edilməsinə ehtiyac var.
Tamamilə aydındır ki, postmodern postsovet məkanındakı keçid cəmiyyətlərinin
qapılarını getdikcə intensiv şəkildə döyür və bizim adət etdiyimiz davranış
normalarını və stereotipləri tədricən dəyişir. Bu da tamamilə qanunauyğundur ki,
həmin dəyişikliklər dövlətin və cəmiyyətin inkişafı prosesində müdafiə və
amortizasiya xarakterli ovqat doğura bilər və doğuracaqdır. Bu, Tofflerin
dalğalarının dəyişməsinin qarşılıqlı təsiri amilidir, bir dalğa digərinə
transformasiya edir, yaxud ənənəvi cəmiyyətlər “Üçüncü dalğa"nın özü ilə
gətirdiyi dəyişikliklərə məruz qalır.
Azərbaycan cəmiyyətinin mərhələli
transformasiyasının baş verdiyi yeni dövr sosiumun inkişafının eyni dərəcədə
yeni gündəliyinin müəyyən edilməsi üçün zəmin yaradır. Bu, xeyli dərəcədə
dəyərləri milli sosiomədəni məkan tərəfindən gizli şəkildə qəbul edilən
postindustrial dünyanın tərkib hissəsinə çevrilmək cəhdi ilə şərtlənmişdir. Eyni
zamanda, unutmaq olmaz ki, Azərbaycan üçün indiki dövr keçid dövrüdür: biz “adət
etdiyimiz" totalitar kommunist rejimindən çətinliklə ayrıldıq, yeni ənənələri
qəbul etməkdən daha çox onları yaratmağa başladıq, cəmiyyət demokratik dövlət
quruculuğu yoluna qədəm qoydu. İndiki mərhələdə qarşımızda duran vəzifə
Azərbaycan dövlətçiliyinin perspektivli və səmərəli inkişafını, ayrılıqda
götürülmüş hər bir şəxsiyyətin intellektual inkişafını və mənəvi-əxlaqi
təşəkkülünü təcəssüm etdirəcək yeni dəyər oriyentirlərini təkamül yolu ilə
irəlilətməkdən ibarətdir. Yeni davranış normalarına və standartlarına mərhələlər
üzrə keçidlə şərtlənən bu dövrün sabit olmamasına baxmayaraq, demokratik
cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda
tədricən transformasiya edir və adaptasiya olunur, onlar bunu daha yaxşı dərk
edirlər. Hərçənd, hələlik bu proses əhalinin ən savadlı, buna hazırlıqlı olan
təbəqələri arasında daha şüurlu şəkildə baş verir.
Şübhə yoxdur ki,
cəmiyyət sosial və siyasi azadlıqların reallaşdırılmasına xeyli məhdudiyyətlər
qoyan əvvəlki normaları artıq qəbul etmir. Müasir Azərbaycan cəmiyyətində
demokratiya təkcə inkişafın ən mühüm oriyentiri kimi deyil, həm də şəxsiyyətin
azadlığı, sabitlik və perspektivli, dinamik transformasiya amili kimi qəbul
olunur. Bizim hər birimiz dövlətin iqtisadi tərəqqi imkanlarını cəmiyyətin
demokartik inkişafı ilə əlaqələndiririk, çünki hər bir vətəndaşın maddi və
maliyyə firavanlığı demokratik transformasiyanın sürəti ilə sıx bağlıdır. Başqa
sözlə desək, bu mühakiməni bir qədər bəsitləşdirsək, mədə boş olanda şüurun
azadlığından, təfəkkürün rasionallığından danışmaq çətin olacaqdır. Ona görə də
demokratik inkişafın iqtisadi tərəqqi ilə sıx bağlı olmasından danışarkən biz
bunu əsas götürürük ki, azad vətəndaş ilk növbədə maddi və maliyyə baxımından
azaddır, bu da ona siyasi azadlıq verir. Vəzifəsi inkişaf strategiyasını və
dövlətin gələcəyini müəyyən etməkdən ibarət olan “seçilmişlər zümrəsi"nin
formalaşmasında yalnız hər cəhətdən azad vətəndaş mühüm, həlledici amil ola
bilər. İnnovasiya təfəkkürünə malik olan istedadlı insanlar yalnız azad və
müstəqil cəmiyyətdə mütərəqqi ideyalar verməyə, inkişafın strategiyasını
yaratmağa, cəmiyyətin mənafelərini dövlətin mənafeləri ilə əlaqələndirməyə
qadirdirlər.
Mənim seçilmişlər zümrəsi adlandırdığım insanlar elmdə
bəzən mübahisələrə, diskussiyalara, müzakirələrə səbəb olan, bəzən də bu və ya
digər ideoloji konsept tərəfindən qəbul edilmədiyinə görə, ümumiyyətlə, təkzib
olunan başqa bir məfhumla adlanır. Hərçənd, məhz “elita"nın səviyyəsi, onun
keyfiyyət göstəriciləri cəmiyyətin vəziyyətinin ən mühüm göstəricilərindən biri,
dövlətin inkişaf dinamikasının əlamətidir.
Cəmiyyət zəif
strukturlaşdırıldıqda və müəyyən maraqları, davamlı siyasəti və ideoloji
oriyentasiyası olan sosial təbəqələrin dəqiq bölgüsü olmadıqda elit qrupların
hərəkətləri ictimai inkişafın istiqamətini indi həmişəkindən daha artıq dərəcədə
müəyyənləşdirir. Bəri başdan demək istəyirəm ki, mən bu kontekstdə “elita"
dedikdə, ölkənin bütün hakim qruplarını, dövlət qərarları qəbul edən və onlara
görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə
dövlət qulluqçuları olmayan, lakin öz hərəkətləri ilə ölkədəki sosial-siyasi,
iqtisadi, mədəni və başqa proseslərə bu və ya digər şəkildə təsir göstərən
insanları nəzərdə tuturam. Elita cəmiyyətin o hissəsidir ki, dövlətin inkişaf
yolları və mexanizmlərinin aşkar edilməsində ona həlledici yer ayrılır. Dünya
tarixində seqmentar və ya asefal (“başsız") cəmiyyətlər olması faktları
məlumdur, ancaq hər halda, mənim bildiyimə görə, hətta həmin cəmiyyətlərdə böyük
ailə, nəsil və ya tayfa mövcud olduqda da, elə qruplar vardı ki, orada bəzi
fərdlərin mövqeyi və onların cinsi, yaşı və ailə vəziyyəti ilə müəyyən olunan
nüfuzu həmin fərdlərin ictimai əhəmiyyətini və üstünlüyünü formalaşdırırdı.
Tarixi baxımdan məhz həmin qruplar demokratiyanı inkişaf etdirməyə başlamışlar.
Yeri gəlmişkən, Yunanıstanın antik şəhərlərində demokratiya bəzilərinin təsvir
etməyə çalışdıqları kimi, aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya doğru
yayılırdı. Antik Yunanıstanın siyasi ideyası olan demokratiya heç vaxt o mənada
başa düşülməmişdi ki, qullara hüquqlar vermək olar, çünki yalnız azad
vətəndaşlar “xalq" hesab edilirdi.
Müasir Azərbaycanın xüsusiyyəti
ondadır ki, milli tarixin dramatik məqamlarını xeyli dərəcədə elitaların (hakim
qrupların) və ya onların opponentlərinin (əks-elitaların) maraqları və
hərəkətləri müəyyən etmişdir. Demək lazımdır ki, hazırda ölkənin intensiv siyasi
və iqtisadi inkişafı şəraitində bu prosesdə elitanın rolu və yeri məsələsi bizim
tədqiqatçıların deyil, getdikcə daha çox bəzi kütləvi informasiya vasitələrinin
diqqətini cəlb edir. Onlar isə, təəssüf ki, hələ də cəmiyyətin konsolidasiyasına
kömək edən amilə çevrilməmişdir, məhdud qrup mövqelərindən və ya konyunktur
mövqelərdən çıxış edirlər. Ona görə də əminəm ki, elita haqqında danışmazdan
əvvəl, “elita" anlayışının özünə müraciət etməyə dəyər, çünki bu, aşağıda bəhs
edəcəyimiz məsələnin mahiyyətini daha geniş şəkildə anlamağa kömək edəcəkdir.
Üstəlik, əminəm ki, elitarizmin bəzi nəzəri əsaslarına toxunmaqla milli
elitarizm məsələləri ətrafında elmi, intellektual müzakirələr üçün bazis yarada
bilərik, bu isə Azərbaycan cəmiyyətinin müasir inkişafı problemlərinin
öyrənilməsində mühüm cəhətdir.
Sosial-fəlsəfi, sosioloji və politoloji
konsepsiyalara görə, elita dövlətin mədəni və sosial-iqtisadi siyasətini işləyib
hazırlayan və həyata keçirən üstün ictimai qruplardır. Elita istənilən tipli
sosiumun fəaliyyəti üçün zəruri və həyati əhəmiyyətli struktur elementidir.
1823-cü ildə buraxılmış Oksford lüğətində “elita" termini yüksək əyanlar,
“seçmə" insanlar kateqoriyalarının tərifi kimi işlədilmişdir. Elitanın klassik
və müasir nəzəriyyələrinin ideya sələfləri Platon, T.Karleyl, F.Nitsşe, italyan
mütəfəkkiri Valfredo Pareto (1848 - 1923), italyan sosioloqu Qaetano Moski (1858
- 1941), alman politoloqu Robert Mixels (1876 - 1936) və başqaları olmuşdur.
Onlar cəmiyyəti idarə edən təbəqənin siyasi prosesdə xüsusi rolu ilə bağlı
məsələləri ayırmağa və sistemləşdirməyə cəhd göstərmiş, bu təbəqəni məxsusi
tədqiqat obyektinə çevirmişdilər.
Ötən əsrin 80-ci illərində sovet
elmində elitanın tədqiqinə müraciət edilməsi cəmiyyətin sosial strukturunun yeni
konsepsiyasının bərqərar olması, formasiya prinsipindən, tarixin
marksizm-leninizm nəzəriyyəsinə xas olan təhlilindən imtina edilməsi ilə
müşayiət olunurdu. Məlum olduğu kimi, marksizm-leninizm nəzəriyyəsinə görə,
cəmiyyətin inkişafının hər bir pilləsi, hər bir formasiya müvafiq istehsal üsulu
və onun şərtləndirdiyi istehsal münasibətləri ilə səciyyələnir, tarixin əsas
hərəkətverici qüvvəsi isə sinfi mübarizədir. Sinfi mübarizədən fərqli olaraq,
elitalar nəzəriyyəsi elitanın özünün daxilindəki dəyişiklikləri, habelə
cəmiyyətin elitaya və kütləyə bölünməsini siyasi və sosial dəyişikliklərin əsas
səbəblərinə aid edir.
Digər keçmiş sovet respublikalarında və sosialist
ölkələrində olduğu kimi, Azərbaycanda da elita nəzəriyyəsi vaxtilə nəinki qəbul
edilmirdi, hətta kifayət qədər araşdırılmamışdı. Bunun da səbəbi sovet dövründə
ciddi partiya senzurasının olması, sonralar isə milli ictimaiyyatşünaslıqdakı
çalışmazlıqlar idi. Sirr deyil ki, ölkəmizdə humanitar elm bəzən dünya məkanında
hərtərəfli tədqiq edilən elmi problemlərin öyrənilməsindən əhəmiyyətli dərəcədə
geri qalır. Ona görə də tez-tez təəccüblənirsən ki, bəzi “elm xadimləri" çoxdan
cavab verilmiş problemləri yalnız indi “tədqiq etməyə" başlayırlar. Özümüzü
aldatmağa dəyməz, milli fəlsəfə məktəbinin potensialı çox zəifləmişdir və
təəssüf ki, indi biz ictimaiyyatşünaslıq elmlərinin yeni parlaq nümayəndələrini
görmürük. Bu gün alimlərin yeni nəslinin formalaşmasından, o cümlədən gələcəkdə
ümumən milli elmi inkişaf etdirməli olan gənc tədqiqatçıların yetişməsi üçün
şərait yaradılmasından söhbət gedir. Keçid dövrünün bütün çatışmazlıqları
tədqiqat mövzularının cılızlaşmasına, Azərbaycanın müasir inkişafının aktual
problemlərinə həsr edilmiş keyfiyyətli monoqrafik tədqiqatların olmamasına
gətirib çıxarmışdır. Təəssüf ki, biz hələ milli politologiya və sosiologiya
məktəbinin yaradılmasının kandarına da çatmamışıq, hələ sovet dövründə mövcud
olan fəlsəfə məktəbi isə indi, müstəqillik və sosiomədəni transformasiyalar
sahəsində fəlsəfi tədqiqatların qlobal şəkildə intensivləşməsi dövründə çətin
günlər yaşayır. Belə vəziyyətdə elitalar nəzəriyyəsinin milli kontekstdə
araşdırmalarının nə üçün bizim elmi mərkəzlərin maraq dairəsindən kənarda
qalması tamamilə aydındır. Hərçənd, milli elitanın inkişafı aspektlərinə
tətbiqən nəzəriyyənin hərtərəfli öyrənilməsi heç də mənasız məsələ deyildir.
Hesab edirəm ki, Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutu ölkənin inkişafının aktual problemlərinin araşdırılmasına,
Azərbaycanda siyasi təsisatların indiki vəziyyətinin, habelə ölkənin
modernləşməsinin uzunmüddətli planları kontekstində demokratiyanın milli
(Azərbaycan) modelinin tədqiqinə rəhbərlik etməlidir. Qarşıdakı sosial və siyasi
dəyişiklikləri nəzəri baxımdan müvafiq şəkildə əsaslandırmadan, həyata keçirilən
tədbirlərin elmi zəmininin varlığından danışmaq çətin olacaqdır.
Son
illərdə biz tez-tez azərbaycançılıq ideologiyası barədə danışır, ona müraciət
edirik. Belə hesab edirik ki, o, yeni şəxsiyyətin formalaşmasının əsaslarından
biridir. Lakin biz bu anlayışın mahiyyəti və onun tərkib hissələri ilə əlaqədar
fundamental elmi araşdırmaları görmürük, indiyə qədər onun strukturu elmi
səviyyədə müəyyənləşdirilməmişdir. Bizim ideoloji korpus, təhsil müəssisələrinin
müəllimləri ümumən bu ideoloji konsepti dolaşıq təsəvvür edir və buna müvafiq
olaraq, onu özlərinin elmi-praktik araşdırmaları sahəsinə daxil etmirlər. Milli
Elmlər Akademiyası bu boşluğu doldurmağa və onun işlənməsini mühüm dövləti
vəzifə kimi müəyyənləşdirməyə, əlaqədar elmi institutları və ali məktəblərin
müvafiq kafedralarını bu işə cəlb etməyə sadəcə borcludur.
Bir sıra
milli elmi tədqiqat institutlarında hələ də qalmaqda olan kiflənmiş, köhnəlmiş,
bəsit norma və standartlardan uzaqlaşmaq və Azərbaycan cəmiyyətinin inkişafının
real problemləri və amilləri üzərində ciddi düşünmək lazımdır. Tədqiqatçılar
mühitinin cavanlaşdırılması, aktual sosial, siyasi, iqtisadi və tarixi
məsələlərin müəyyən edilməsi, xarici mərkəzlərlə birgə elmi layihələrin və
proqramların həyata keçirilməsi, gənclərin elmə marağının artmasının
stimullaşdırılması qarşıdakı illərdə milli elmin inkişafına dair proqramın
işlənib hazırlanmasında prioritet məsələlərə çevrilməlidir.
Klassik
nəzəriyyənin milli reallıqlar prizmasından dərk edilməsi
Müasir
Azərbaycanın dövlətçiliyin inkişafının yeni fazasına daxil olduğunu nəzərə
alsaq, heç bir riskə yol vermədən, elitaların ehtiyatlı transformasiyası barədə
düşünmək vaxtı çatmışdır. İndi bu, zamanın tələbi, ölkənin dinamik inkişafından
doğan zərurətdir. Biz inkişafın elə bir mərhələsindəyik ki, yeni vətəndaş
obrazı, onun davranış normaları və stereotipləri əsasən Qərb sivilizasiyasının,
daha dəqiq desək, postindustrial sivilizasiyanın təsiri altında formalaşır.
Postmodernin bizim bütün varlığımızı və sosial gerçəkliyi bürüməsinin şahidləri
oluruq. Təbii ki, bu proses heç də həmişə təkamül yolu ilə baş vermir və bəzən
elə təsəvvür yaranır ki, o, qeyri-təbii xarakter daşıyır. E.Toffler yazır:
“Sosial dəyişikliklər amili kimi texnikanın sürətlə inkişaf etməsi dünyagörüşü
məsələlərinin mürəkkəb spektrini aktuallaşdırır". (Э.Тоффлер. Третья волна, М.,
1999, стр.9).
Baxışların dəyişməsi, yeni dəyər or iyentirlərinin
yaranması bizim “qərbləşmə" adlandırdığımız, digərlərinin isə ənənəvi
cəmiyyətlərə universal dəyərlər gətirilməsi adlandırdığı prosesə kömək edir.
Bəziləri Qərb dəyərlərinin təsirini məhvedici, digərləri müsbət amil hesab edir.
Hərçənd, bu yaxınlarda bir kitabda oxuduğum fikirlə razılaşmamaq çətindir:
mənəvi başlanğıclar olan dinləri dünyaya məhz Şərq, makiavellizm kimi
nəzəriyyələri və faşizm kimi ideyaları isə Qərb təklif etmişdir. Görünür, bu,
onunla əlaqədardır ki, günəş Şərqdən çıxır və Qərbdə batır. Artıq hiss edirəm
ki, bəzi oxucular necə də mübahisə etmək istəyirlər, yəni indi bizim çox fəal
surətdə və canfəşanlıqla irəlilətdiyimiz demokratiyanı bəşəriyyətə təqdim edən
məhz Qərb dünyası olmuşdur. Lakin xalq hakimiyyəti Yer planetində yaşayan bütün
insanların can atdığı dəyər deyilmi? Məgər bu gün dünya nizamının sabitliyini
pozan amil demokratiya, daha doğrusu, onun şəkli dəyişmiş forması olan
geodemokratiya deyilmi? Burada tamamilə haqlı olaraq belə bir sual doğur ki, biz
demokratiyanı necə görür və necə qəbul edirik, demokratiya bir tərəfin baxışları
əsasında və müəyyən məsələləri həll etmək məqsədi ilə yaradılmış yalnız
stereotiplər yığınına çevrilməyibmi?
Bu baxımdan, çox güman ki, yaxın
aylarda milli siyasi məkanda ən çox müzakirə ediləcək və təbii ki, əks-elita və
bəzi beynəlxalq təşkilatlar tərəfindən müəyyən reaksiya doğuracaq bir məsələyə
toxunmaq istərdim. Gəlin səmimi olaq, axı hər birimiz başa düşürük ki, müəyyən
beynəlxalq tərəflər bu və digər məkanın daxili, suveren inkişafı ilə əlaqədar
hansısa dəyişiklikləri, adətən, necə qəbul edir.
Azərbaycanın müasir
inkişafı simmetrik islahatların dinamikasını müəyyənləşdirməyi tələb edir, başqa
sözlə, bu, elə Prezident İlham Əliyevin siyasi və iqtisadi dəyişikliklərin
paralel surətdə həyata keçirilməsinin vacibliyi barədə dəfələrlə vurğuladığı
fikirdir. Deməli, hər bir sahədə islahatlar bir-birini tamamlamalı, dövlətin və
cəmiyyətin gələcək inkişafına şərait yaratmalı, bu prosesə yeni təkan
verməlidir. İslahatlar Azərbaycan sosiumunun ümumi transformasiyası üçün stimul
olmalıdır. Qlobal proseslərin getdiyi, bütünlükdə dövlətə, sosiuma və fərdə
münasibətin dəyişdiyi dövrdə bu məsələ daha da aktuallaşır.
Bu gün,
sərhədlərin və milli suverenliyin şərti anlayışlara çevrildiyi,
informasiya-kommunikasiya texnologiyalarının intensiv təsiri altında milli
özgünlük məsələlərinin dəyişdiyi, sosiomədəni amillərin səngiməyən münaqişəsi və
milli identiklik aspektlərinin itirilməsi ilə əlaqədar fərdin getdikcə
kosmopolitləşdiyi, təhlükəsizlik və dini fundamentalizm məsələlərinin yeni dünya
nizamını formalaşdırdığı bir vaxtda keçdiyimiz yola bir daha nəzər salmalı və
bizim siyasi və sosial gerçəkliyin XXI əsrin çağırış və təhdidlərinə cavab verə
bilməsi barədə düşünməliyik. Biz onu da başa düşməliyik ki, indən belə qəbul
olunan qərarlar yalnız gələcək dinamik iqtisadi və demokratik inkişafımıza kömək
etməlidir. Ona görə də bizim əsas oriyentirlərimiz azad vətəndaş, təhlükəsiz və
etibarlı məkan, intensiv inkişaf edən iqtisadi və siyasi təsisatlardır. Müstəqil
Azərbaycanı hər bir fərdin ona verilmiş hüquq və azadlıqları bildiyi, habelə
dövlətin və cəmiyyətin onun üzərinə qoyduğu məsuliyyəti dərk etdiyi müasir, açıq
və demokratik məkana çevirmək istəyimiz bundan ibarətdir.
İctimai-siyasi
transformasiyanın hər bir mərhələsi, – istər Konstitusiyaya dəyişikliklər və ya
ölkə parlamentinə seçkilərin keçirilməsi sistemində dəyişikliklər olsun, istər
ictimaiyyətin nümayəndələrinin şüurunda yetişmiş bir yenilik, – həmişə
cəmiyyətin inkişaf sürətini əks etdirməli, dövlət sisteminin səmərəliliyinin
yüksəldilməsi xəttini təcəssüm etdirməli, habelə qarşıdakı illərdə inkişafın
strategiyasını müəyyənləşdirməlidir. Başqa sözlə desək, əgər hər hansı
dəyişikliklər üç amilə – sabitliyin qorunub saxlanmasına, dövlətçiliyin
möhkəmlənməsinə və ümumi rifaha xidmət edirsə, onlar səmərəlidir. Bütün bunların
reallaşması yalnız öz maraqlarına cavab verən qərarlar qəbul etməkdə sərbəst
olan və buna haqqı çatan Azərbaycan xalqının suverenliyinin ümumi dərkinə
əsaslanmalıdır. Məsələyə bu cür yanaşma bizim nəinki regional liderə
çevrilməyimizə imkan verəcək, həm də sabit daxili və xarici inkişafımızı təmin
edəcəkdir. Yeni dünya nizamının formalaşması şəraitində isə bu, ölkəmizin
etibarlı tərəfdaş olmasını bir daha vurğulayır. Maliyyə və siyasi sahələrdə
qlobal dəyişikliklər dünya miqyasında dəyişikliklərin bir hissəsi olan
demokratiyanın mahiyyəti barədə bir daha düşünməyə vadar edir. Əminəm ki, öz
imkanlarımızı qiymətləndirərkən və reallıqları təhlil edərkən hər birimiz
qitələrin və mədəniyyətlərin əlaqələndirici vəsiləsi olmağın son dərəcə mürəkkəb
vəzifə olduğunu başa düşürük.
Bütövlükdə, Şərq və Qərb qlobal dünyanın
iki hissəsidir və bunların arasında körpü rolu oynamaq son dərəcə çətindir və
bəlkə də səmərəsizdir. Azərbaycanın Şərq ilə Qərb arasında körpü olmasından
söhbət düşəndə, mən Yan Masarikin sözlərini xatırlayıram. Yeri gəlmişkən, Madlen
Olbrayt həmin sözləri görüşdə misal çəkmiş, sonradan isə öz kitabında vermişdir.
Çexoslovakiyanın xarici işlər naziri Yan Masarik bir dəfə İngiltərə kralı VI
Georqla söhbətdə demişdir: “Atlar körpüdən keçəndə onu tapdalayır və çox vaxt da
peyinləri ilə bulayırlar". Bir sözlə, ölkənin coğrafi mövqeyini bildirmək üçün
seçilmiş bu termin o qədər də uğurlu deyildir. Coğrafi determinizm qanunu
(obyektiv gerçəkliyin hadisələrinin universal qarşılıqlı əlaqəsi və qarşılıqlı
asılılığı) təkcə daxili və xarici siyasi amillərə deyil, həm də geoiqtisadi
xarakterli proseslərə təsir göstərir. Coğrafi mövqe fərdin psixoloji və
sosiomədəni xüsusiyyətlərini əvvəlcədən müəyyən etməklə, onda bu və ya digər
müsbət və yaxud mənfi xüsusiyyətlər formalaşdırır. Bu, millətin bir hissəsi olan
elitaya da aiddir. Yeri gəlmişkən, fərdin formalaşmasına və xüsusiyyətlərinə
tarixi və mədəni determinizm də təsir göstərir.
Mən əvvəlki əsərlərimdə
yazmışdım ki, hər bir transformasiya cəmiyyəti Qərbin təsirinə məruz qalır ki,
bu da öz-özünə əmələ gələn “kor-koranə qərbləşmə" doğurur, yəni milli mənlik
xüsusiyyətlərinə, ənənələrə və mədəniyyətə məhəl qoyulmadan standartların qəbul
edilməsinə gətirib çıxarır. Bununla əlaqədar S.Hantinqton sivilizasiyaların
toqquşması barədə böyük hay-küyə səbəb olmuş əsərində yazırdı ki, bu proses ya
modernləşmə və qərbləşməyə, ya qərbləşməsiz modernləşməyə doğru aparır, yaxud da
nə modernləşməyə, nə də qərbləşməyə gətirib çıxarır və bu halda avtarkiyalı
məkan yaranır. Bəzi tədqiqatçıların fikrincə, bu halda mentalitet, sosial
varlığı yeni ideya və baxışların kənardan zorakı təsirindən müdafiə etməli olan
bir növ qoruyucu amilə, qalaya çevrilməlidir. Xüsusən də ona görə ki, yeni olan
heç də hər şey səmərəli və mütərəqqi deyildir.
Biz unutmamalıyıq ki,
mentalitet zamanın məhsuludur və o, bu və ya digər cəmiyyətlərdə baş verən
dəyişikliklər nəticəsində transformasiya edə bilər. Məgər deyə bilərikmi ki,
keçən əsrin əvvəlindəki Azərbaycan cəmiyyətinin mentaliteti XXI əsrdə
azərbaycanlının mentalitetinə uyğundur? Ümumiyyətlə, bu, çox vaxt “mentalitet"
anlayışı və ictimai tərəqqi üçün tormoz rolu oynayan bir sıra başqa anlayışlarla
pərdələnərək, cəmiyyətin transformasiyasını dondurmağa cəhd göstərən
təfəkkürlərin məhsulu deyilmi?
Siyasi rəhbərliyin xüsusiyyəti ondadır
ki, cəmiyyət dəyişikliklərin növbəti mərhələsinin yalnız sonunu görür, inkişafın
perspektivlərinə görə cavabdeh olan insanların keçməli olduğu və keçdiyi yolun
peripetiyalarını dərhal dərk etmir. Bununla belə, dövlətin gələcəyi elə
amillərin təsiri altında formalaşır ki, onlar ictimai, siyasi, iqtisadi və
sosial transformasiyanın mürəkkəbliklərinə baxmayaraq, elita tərəfindən idarə
edilir və tənzimlənir. Elita o şəxslər qrupudur ki, taleyin qismətindən onlara
millətin aqibətinin müəyyən edilməsində tarixi rol ayrılmışdır. Lakin təcrübənin
göstərdiyi kimi, məsələnin mahiyyəti ondadır ki, bəzi qruplar özlərinin həyatını
milli xüsusiyyətlərin xarakterinə uyğun qurur, digərləri isə dövlətin gələcəyini
öz himayədarlarının, çox vaxt xarici himayədarların imkanları hesabına
formalaşdırmağa çalışırlar.
Elitarizm barədə danışarkən mən himayədarlar
və onların əlaltıları məsələsini əbəs yerə vurğulamıram, çünki cəmiyyətlərdə
elitalar tarixən iki yolla formalaşmışdır. Onların bir qismini daxili zərurət
formalaşdırmış, digərləri isə kənardan zorakılıq və ya müdaxilə nəticəsində
“peyda olmuşdur". Təbii ki, bu elitaların hər ikisinin dövlətçiliyin
təşəkkülündə həm müsbət, həm də mənfi rolu ola bilər, hərçənd, bu halda
suverenlik və müstəqillik məsələləri mübahisəli anlayışlara çevrilir. Lakin
mondializm, yeni dünya nizamının qurulması şəraitində biz özümüzü aldatmamalı,
başa düşməliyik ki, bəzi aparıcı ölkələrin hakim elitaları millətlərin
müstəqillik hüququ və onun tarixi-mədəni xüsusiyyətlərinin qorunub saxlanması
barədə yalnız mücərrəd təsəvvürləri rəhbər tuturlar. Problemin mahiyyətinə
varsaq, bunu başa düşmək çətin deyil ki, onlar yalnız öz xüsusi maraqlarını
reallaşdırmaq üçün əlverişli xarici mühit yaratmağa çalışırlar. Bunu nəzərə
alaraq başa düşmək lazımdır ki, Azərbaycanda bəzi elit qrupların siyasi
bəsirətsizliyi, naşılığı bu halda ölkəyə çox baha başa gələ bilər. Ölkə elitası
yalnız milli birlik, həmrəylik, konsensus və razılıq mövqelərindən çıxış etməli,
dövlətin səmərəli inkişafı üçün bazis yaratmalıdır. Siyasi, iqtisadi,
intellektual və mədəni elitanın, habelə vətənpərvərliyi, Vətənə sevgini,
cəmiyyətə xidmət etmək istəyini təcəssüm etdirənlərin rolu bundan ibarətdir.
Bu baxımdan mən elitarizm nəzəriyyəsinin bəzi məsələlərinə toxunmaq
istərdim və hesab edirəm ki, bu, mövcud tarixi təcrübəyə əsaslanmaqla, necə
deyərlər, velosipedi yenidən icad etmədən müəyyən fikirlər söyləməyə imkan
verəcəkdir.
Yuxarıda artıq qeyd etmişdim ki, italiyalı Vilfredo Pareto
elitalar nəzəriyyəsinin banilərindən biri hesab edilir. O, elitaya cəmiyyətin öz
fəaliyyətində başqalarından daha çox uğur qazanan fərdlərinin daxil olduğu sinif
kimi tərif vermişdir. V.Pareto elitanın tərifinə öz yanaşmasını belə ifadə
etmişdir: “Fərz edək ki, fəaliyyətin bütün sahələrində hər bir fərd öz
qabiliyyətlərinin təxminən imtahanda qiymət verilən şəkildə indeksini alır...
Beləliklə, biz öz fəaliyyət sahələrində ən yüksək indekslərə malik olanlar
sinfini tərtib edəcək və onu elita adlandıracağıq." (Sitat bu kitabdan
götürülmüşdür: Р.Арон. Этапы развития социологической мысли. М., 1992,
стр.451-452).
Pareto “...fəaliyyətin bütün sahələrində" ifadəsini
tərifin əsası kimi götürməklə, elitaya universallıq və ensiklopediklik xarakteri
verir, bu da öz növbəsində elitanı azsaylı sinfə, azlığa çevirir. Eyni zamanda,
Paretoya görə, fərdlərin nailiyyətləri onların statusunu müəyyənləşdirir,
bununla da o, fərz edir ki, sosial iyerarxiyanın əsasında həmişə fərdlərin
qabiliyyətlərinin rəqabəti dayanır.
Beləliklə, elitarizmin nəzəri
əsaslarını yaradanların fikrincə, əhali iki təbəqədən ibarətdir: elitaya aid
olmayan aşağı təbəqə; hakim və qeyri-hakim elitadan ibarət yuxarı təbəqə. Eyni
zamanda, ümumi həyat təcrübəsindən hamımızın bildiyi kimi, sosial bölgünün
əsasında sərvətlərin bölgüsünün aradan qaldırıla bilməyən qeyri-bərabərliyi
dayanır. Bəşəriyyət bu işdə həmişə ədalət uğrunda mübarizə aparmışdır və o,
əbədi davam edəcəkdir. Hərçənd, hətta kütlələr iştirak etdiyi halda da,
sərvətlərin və hakimiyyətin yenidən bölgüsü uğrunda mübarizə yalnız bir hakim
azlığın digəri ilə əvəz edilməsinə gətirib çıxarır.
Marks kimi, Pareto
da cəmiyyətin tarixini siniflərin mübarizəsi tarixində görürdü, lakin Marksdan
fərqli olaraq o, sinfi mübarizəni istehsal vasitələri üzərində mülkiyyət
məsələsi ilə bağlamırdı. Onun fikrincə, sinfi mübarizə həyat uğrunda mübarizənin
yalnız bir formasıdır, “əmək ilə kapital arasında münaqişə" deyilən isə sinfi
mübarizənin bir formasıdır. Deməli, “kapital"ın ləğv edilməsi “iqtisadi
tənəzzüllə yanaşı, həm də sosial ağalığın və tabeliyin formasının dəyişməsinə"
gətirib çıxara bilər.
Paretoya görə, sosial strukturu və sosial
dinamikanı hakim azlıq müəyyən edir. Bu, onun təhlilinin çıxış nöqtəsidir:
“Azsaylı və əbədi olmayan istisnaları xatırlatmadan, biz qismən gücün köməyi
ilə, qismən sayca daha çox olan, idarə edilən sinfin razılığı ilə hakimiyyətdə
qalan azsaylı hakim sinfi görürük". Pareto cəmiyyətin idarə edən elitaya və
idarə olunan kütlələrə bölünməsinin labüdlüyü barədə nəticəni insanların fərdi
qabiliyyətlərinin sosial həyatın bütün sahələrində təzahür edən
qeyri-bərabərliyindən çıxarırdı. O, ilk növbədə siyasi, iqtisadi, hərbi, dini
elitaları fərqləndirirdi.
Marksizmə görə, sinfi münaqişələr sinifsiz
cəmiyyətə doğru tarixi hərəkətin əsas vasitəsidir. Deyə bilərik ki, marksizm
insanların seçimini hamı üçün azadlığa, bərabərliyə və tərəqqiyə doğru labüd
hərəkətin determinist təsəvvürü ilə əvəz edir. Elitarizm bu cür determinizmi və
ümumən, bu cür hərəkətin mümkünlüyünü tamamilə inkar edir.
Elitaristlərə
görə, cəmiyyətin siyasi dəyişməsi, ilk növbədə, elitaların transformasiyasıdır.
Həqiqətən, elitanın xarakteri və tərkibi, onun siyasi oriyentasiyaları və
ideoloji əqidələri siyasi sistemin mühüm tərkib hissələridir. İstənilən ölkədə
baş verən dəyişikliklər, demokratiyaya keçid hökmən siyasi elitaların
dəyişməsini nəzərdə tutur.
V.Pareto elitaların bir-birini fasiləsiz
əvəzləməsi nəzəriyyəsini irəli sürmüşdür və onun fikrincə, bu nəzəriyyə
cəmiyyətin sosial dinamikasını izah edir. Sosial-siyasi sistem tarazlığa can
atır və tarazlığını itirəndə, bir müddətdən sonra yenidən ona qayıdır. Sistemin
bu cür tərəddüdü və normal vəziyyətə gəlməsi prosesi sosial tsikl təşkil edir.
Bu tsiklin müddəti, ilk növbədə, elitaların bir-birini əvəzləməsindən asılıdır.
Bir elitanın müntəzəm olaraq digəri ilə əvəz edilməsi elitaların hər bir
tipinin müəyyən üstünlüyünün olmasının nəticəsidir. Lakin zaman keçdikcə, həmin
üstünlük cəmiyyətə rəhbərlik etmək prinsiplərinə uyğun gəlmir. Buna görə də
sosial və siyasi sistemin tarazlığının saxlanması elitanın daim yeniləşməsini
tələb edir.
V.Paretoya görə, inqilab yalnız elitaların mübarizəsi, guya
xalqın adından danışan hakim elitanın əvəz edilməsidir, lakin bu fikir məsələni
bilməyənlər üçündür. Bu halda əhalinin geniş kütlələri uduzur. Oktyabr inqilabı
deyilən hadisəni Qərb politoloqları məhz bu cür səciyyələndirirlər.
N.A.Berdyayev yazırdı: “Çar bürokratiyasından daha güclü olan yeni sovet
bürokratiyası xalq kütlələrini amansızcasına istismar edə biləcək yeni imtiyazlı
sinifdir" (Н.А.Бердяев. Историки и смысл русского коммунизма. М., 1990,
стр.175). Daha əyani misal üçün milli tariximizi və Ə.Vəzirov, A.Mütəllibov,
Ə.Elçibəy rejimlərini xatırlamaq kifayətdir.
Elitalar nəzəriyyəsinin
digər banisi, italyan Qaetano Moski hesab edirdi ki, kiçik qruplar müvafiq
qaydada təşkil olunduqda çoxluğun siyasi əqidələrinə birbaşa və ya dolayı
şəkildə təsir edə bilər və bu cür azlıq istənilən cəmiyyətin səciyyəvi
xüsusiyyətidir: “Sivilizasiyaya hələ yenicə yaxınlaşmaqda olan cəmiyyətlərdən
tutmuş müasir mütərəqqi və güclü cəmiyyətlərə qədər bütün cəmiyyətlərdə həmişə
insanların iki sinfi yaranır – idarə edən sinif və idarə olunan sinif... İdarə
edən və ya siyasi sinif dövlət idarəçiliyini təmərküzləşdirir, çünki “siyasi
şüura" malik olan fərdləri birləşdirir. Azlığın hökmranlığı labüddür, çünki bu,
mütəşəkkil azlığın qeyri-mütəşəkkil çoxluq üzərində hökmranlığıdır". V.Pareto bu
ideyanı belə bir fikirlə tamamlamışdır ki, həm elitaların, həm də kütlələrin
davranışı iqtisadi maraqların və mənəvi normaların toqquşmasından irəli gəlir.
Buna görə, habelə təbii zəifləmə (degenerasiya) səbəbindən zaman keçdikcə
elitalar yeniləri ilə əvəz edilir, başqa sözlə desək, bu proses dövri xarakter
daşıyır.
Yeri gəlmişkən, Nikollo Makiavelli özünün fəlsəfi əsərlərində
yazırdı: “Bəşəriyyətin bütün tarixi “şirlərə" (idarəetmənin sərt üsullarına
üstünlük verən mühafizəkarlara) və “tülkülərə" (hiyləgər və bic islahatçılara)
bölünən elitaların rəqabət mübarizəsidir.
Cəmiyyətin inkişafının
“şirlərin" hakimiyyətinə xas olan sakit dövrləri “tülkülərin" hakimiyyətdə
olduğu inqilabi dövrlərlə əvəz edilir. Lakin tezliklə cəmiyyət bu
dəyişikliklərdən usanır və “şirlər" yenidən hakimiyyətə qayıdır (yaxud
“tülkülər" onların libasını geyirlər)".
Alman Maks Veberin fikrincə, bu
prosesdə əsas rol liderlərə məxsusdur, onların fəaliyyətinin gücü və səmərəsi
kütlələri öz tərəfinə cəlb etmək bacarığına əsaslanır, bu vəzifə hər bir
partiyada mövcud olan bürokratik aparata həvalə edilir.
Elitarizmin
baniləri arasında R.Mixelsi və onun “oliqarxiya meyillərinin polad qanunu"nu da
qeyd etmək lazımdır. Onun konsepsiyasının mahiyyəti bundan ibarətdir ki,
“demokratiya özünü qoruyub saxlamaq və müəyyən sabitliyə nail olmaq üçün
təşkilat yaratmağa məcburdur. Bu isə elitanın – kütlənin öz taleyini etibar
etməli olduğu fəal azlığın ayrılması ilə bağlıdır".
Nüfuzlu
filosofların, mütəfəkkirlərin və siyasi xadimlərin tezislərini təhlil edərkən
asanlıqla görmək olar ki, elitanın dəyişməsi və ictimai prosesdə onun rolu
haqqında mütləq anlayış yoxdur. Müxtəlif şəraitdə, siyasi vəziyyət birmənalı
olmadıqda, bir qrup idarəçilər və ya azlıq şəklində formalaşmış, lakin prosesə
təsir göstərə bilən “elita" müxtəlif funksional vəzifələri yerinə yetirə bilər,
lakin onun mahiyyəti və missiyası dəyişməz qalır.
Daha bir mühüm
məsələyə toxunmaq lazımdır. Elitalar nəzəriyyəsinə dair əsas tədqiqatlar Qərbi
Avropa ölkələrində aparılmışdır. Lakin keçən əsrin 50-ci illərində elitalar
haqqında tədqiqatların mərkəzi Avropadan ABŞ-a keçmişdir. Orada bir neçə
istiqamət yaranmışdır: C.Börnhemin başçılıq etdiyi “makiavellist" istiqamət,
elitarizmi demokratik dəyərlərlə əlaqələndirmək məsələsini qarşıya qoymuş
liberal istiqamət (Q.Lassuell və onun davamçıları). 70-90-cı illərdə isə
neokonservativ elitarizm (T.Day) geniş yayılmışdı. Elitarizm təkcə akademik
mühitlə məhdudlaşmamış, kütləvi informasiya vasitələri tərəfindən qəbul edilmiş,
siyasi proqramlara daxil olmuş, kütləvi şüura yerimiş, praktik siyasətdə
dərsliyə çevrilmişdir. Məsələn, postsovet respublikaları özlərinin
sosial-iqtisadi sistemini modernləşdirmək yolunu seçəndə, Qərb həmin
respublikalarda Qərb dəyərlərinə səmtlənən yeni elita yaradılmasına kömək
etməyə, öz universitetlərində və digər tədris müəssisələrində onu
formalaşdırmağa başlamışdı.
İnkişaf etməkdə olan Şərq ölkələrində,
habelə “sosializm düşərgəsi" ölkələrində elitarizm “münasib" sayılmırdı, çünki
o, inqilabi liderlərin dəstəklənməsinə kömək etmirdi. Ona görə də bu sahəyə aid
bütün tədqiqatlar üzərində ciddi senzura qoyulmuşdu. Beləliklə də, elitaların
yaranması və inkişafı sahəsində tədqiqatlar məhdud sayda elmi işlərdə əks
olunmuşdu. Məsələn, rusiyalı tədqiqatçılar K.Mikulski, L.Babayeva və başqaları
140 elmi işi (əsasən xarici müəlliflərin işlərini) ümumiləşdirərək, elitaya
aşağıdakı tərifləri verirlər (Микульский К.И., Бабаева Л.В., Таршис Е.Я. и др.
Российская элита: опыт социологического анализа. Часть Ы //Концепция и методы
исследования. М., 1995).
Cəmiyyətin elitası cəmiyyətdə elə mövqeyə və
elə keyfiyyətlərə malik olan sosial təbəqədir ki, bu mövqe və keyfiyyətlər onun
cəmiyyəti idarə etməsinə, yaxud idarəetmə prosesinə əhəmiyyətli dərəcədə təsir
göstərməsinə, cəmiyyətdə dəyər oriyentasiyalarına və davranış stereotiplərinə
(müsbət və ya mənfi) təsir etməsinə, nəticə etibarilə cəmiyyətin inkişaf
meyillərinin yaradılmasında onun bütün başqa təbəqələrindən daha fəal, daha
səmərəli iştirakına, eyni zamanda, öz mövqeyini formalaşdırmaqda başqa
qruplardan daha artıq müstəqil olmasına imkan verir.
Elitalar və
cəmiyyətin idarə edilməsinin daha səmərəli sistemləri və mexanizmlərinin
formalaşması məsələlərinə hətta liberalizmin banilərindən olan Fridrix Hayekin
də əsərlərində rast gəlmək mümkündür. O, özünün dünyada məşhur olan “Köləliyə
aparan yol" əsərində yazırdı: “Hamı çevik və qətiyyətli tədbirlər görülməsini
tələb edəndə “nə isə etmək" üçün kifayət qədər güclü təsir bağışlayan siyasi
xadim (və ya partiya) kütlələr üçün daha cəlbedici olur. Bu halda “güclü" olmaq
heç də “say çoxluğuna malik olmaq" demək deyil, çünki ümumi narazılıq məhz
parlament çoxluğunun fəaliyyətsizliyinin nəticəsidir. Vacibi odur ki, bu liderin
dəyişiklikləri səmərəli və tez həyata keçirə biləcəyinə inandıran güclü dəstəyi
olsun" (Ф.Хайек. Дорога к рабству. М., Новое издательство. 2005, стр. 143).
Beləliklə, elitanın mahiyyəti və vəzifəsi tarixin inkişafını seyr etməklə
məhdudlaşmır. Elita özü bu transformasiyaların və dinamik dəyişikliklərin
avanqardı kimi çıxış edir. Yalniz bu halda demək olar ki, elita cəmiyyətin onun
qarşısında qoyduğu vəzifənin öhdəsindən gəlir.
Hər bir ölkədə siyasi
elitanın formalaşması tarixi şəraitə və ənənələrə uyğun olaraq, özünəməxsus
tərzdə baş verir. Məsələn, ABŞ-da siyasi elita, əsasən, işgüzar dairələrin
nümayəndələrindən, dövlət qulluqçularından, tanınmış hüquqşünaslardan, nüfuzlu
alimlərdən və politoloqlardan, Fransada daha çox siyasi partiyaların
rəhbərlərindən və məşhur universitetləri bitirmiş dövlət qulluqçularından ibarət
olur. SSRİ-də elita partiya və komsomol funksionerlərindən, təsərrüfat
rəhbərlərindən və hərbi komandanlıqdan, elm və mədəniyyət xadimlərindən təşkil
edilirdi.
Yenidənqurma lap əvvəldən hakim elitanın hakimiyyətinin ləğv
edilməsinə yox, onun “nəcibləşdirilməsinə" yönəlmişdi. M.Qorbaçov siyasi
dəyişiklikləri həyata keçirərkən artıq mövcud olan strukturlara və hakimiyyət
mexanizmlərinə arxalanır, onlara fərdi dəyişikliklər edirdi. Lakin SSRİ
dağılandan və keçmiş respublikalar müstəqillik əldə edəndən sonra vəziyyət bir
qədər dəyişdi, hərçənd, hər bir respublikada bu dəyişikliklərin özünəməxsus
xüsusiyyətləri var idi. Məsələn, Azərbaycanda Ayaz Mütəllibovun və Xalq
Cəbhəsinin tərəfdarları arasında mübarizənin kəskinləşməsi o dövrdə hakimiyyəti
təmsil edənlərin əhvalına güclü təsir göstərmişdi. Respublikanın bir sıra rəhbər
işçiləri A.Mütəllibovun mövqeyinin zəifliyini, habelə geniş əhali kütlələrinin
onu dəstəkləmədiyini dərk edərək tezliklə ondan üz döndərdi, yaxın
ətrafındakılar isə ona açıq-açığına satqınlıq etdilər. Özü də bu zaman
korporativ, daha doğrusu, merkantil maraqlar həlledici oldu. Hakimiyyət uğrunda
mübarizənin güclənməsi nəticəsində siyasi, iqtisadi, elmi və mədəni elitanın
əsas kütləsi tam süstlük və şaşqınlıq vəziyyətinə düşdü, qalan cüzi hissə isə
ayrı-ayrı, çox vaxt da bir-birinə qarşı duran seqmentlərə parçalandı.
Hakim elita mürəkkəb qurumdur, hakimiyyətdə olanların sayının cəmi demək
deyildir. Bu, ilk növbədə, xüsusi bir sosial qrup, ona daxil olan, ümumi
maraqların birləşdirdiyi siyasətçilərin dərin daxili əlaqələrinə əsaslanan
davamlı birlikdir. Hakim elitanın hakimiyyətə və dövlətə, ölkənin inkişafına və
xarici aləmlə onun qarşılıqlı münasibətlərinə, ictimai problemlərə, dövlətin
idarə edilməsində sosiumun yerinə və roluna öz baxışları vardır. Elita bəzən
cəmiyyətdəki mövcud baxışlara və əhval-ruhiyyələrə o qədər də anlaşıqlı olmayan
xüsusi dünyagörüşünə malikdir. O, çox dərindən dərk edir ki, ölkəyə rəhbərlik
etmək, xalqın taleyini müəyyən etmək onun işidir. Bir sözlə, əgər hakim elita
kifayət qədər sıx birləşmiş sosial qrup şəklində çıxış edirsə, onun işləri
uğurlu və səmərəli olur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra ölkə elitası əvvəlcə bolşevik, daha sonra kommunist idarəetmə sisteminin
prinsiplərinə uyğun olaraq formalaşmağa başlamışdı. Əvvəlki elita – Şərqdə ilk
demokratik cümhuriyyətin yaradıcıları olan milli ziyalıların qaymağının bir
qismi repressiyaya məruz qalmış, bir hissəsi ölkədən qaçmağa məcbur olmuşdu.
Buna görə də yeni, artıq sovet elitası, əsasən, fəhlə və kəndlilər arasından və
yeni rejimə sadiq partiya üzvlərindən yaranırdı. Stalinizm dövründə repressiya
aparatının həyata keçirdiyi cəza əməliyyatları nəticəsində hətta bu elitanın da
tərkibi dəfələrlə dəyişmişdi. Milli siyasi, təsərrüfatçı və yaradıcı elitanın ən
yaxşı hissəsi sui-qəsdlərin, zəhərlənmələrin, sürgünlərin qurbanlarına
çevrilirdi. Hərçənd, çox vaxt bütün bu hadisələr elə həmin elitanın başqa
nümayəndələrinin təqsiri üzündən baş verirdi. Nəticədə, bu qondarma
“yeniləşdirmə" ümumən bütün milli elitaya toxundu.
30-50-ci illərdə
milli elitanın sanki bütün elementləri formalaşmışdı. Bunu belə bir fakt da
göstərir ki, məhz həmin dövrdə Azərbaycan dünyaya elm, ədəbiyyat və incəsənət
sahəsində çoxlu parlaq istedad bəxş etmişdi. Bununla belə, hər halda, onların
arasında bütövlük, mütəşəkkillik, birlik, həmrəylik, yüksək konsolidasiya yox
idi. Bunlar olmadıqda isə elita, sadəcə, qeyri-mütəşəkkil qrup olur. İ.Stalin
peşələr üzrə hər hansı mütəşəkkil müstəqil qrupun mövcud olmasını görmək belə
istəmir, belə qrupları özünün hökmranlığı üçün real təhlükə hesab edirdi. Yetkin
elitanın sıx birləşdikdə özü üzərində amirliyi məhdudlaşdıran qüvvəyə çevrilməsi
barədə Stalinin təsəvvürü öz təzahürünü bunda göstərirdi. Buna görə də “üfüqi"
əlaqələr qadağan edilmişdi, çünki bu, hakimiyyətə qarşı qeyri-loyallıq kimi
qiymətləndirilirdi. Bu iyrənc siyasət nəticəsində milli elitanın
nümayəndələrinin çoxu repressiyaya məruz qalmışdı.
60-80-ci illərdə
SSRİ-də hakim elita iki əsas hissədən – peşəkar partiya işçilərindən və
nazirliklərin, idarələrin və iri sənaye müəssisələrinin rəhbərlərindən
yaranırdı. Demək lazımdır ki, partiya elitası əslində ağalıq edirdi, başqa sözlə
desək, hakimiyyəti əsasən o təcəssüm etdirirdi. Onu formalaşdıran və
istiqamətləndirən isə təsərrüfat elitası idi. İş bundadır ki, ideologiya
(təbliğat, KİV-ə rəhbərlik və nəzarət, təhsil, siyasi xəttin ideoloji təminatı),
habelə kadrların seçilməsi və yerləşdirilməsi partiya funksionerlərinə təhkim
olunmuşdu. Partiya elitası iqtisadiyyata və istehsal fəaliyyətinə bilavasitə
rəhbərlik etmirdi. O, nazirliklərin və idarələrin, iqtisadiyyat sahələrinin
fəaliyyətinin əlaqələndirilməsi ilə kifayətlənirdi.
Təsərrüfatı idarə
edən elita inkişafın strateji xəttini işləyib hazırlayır, onu müvafiq sənəd
formasında partiya elitasına təqdim edir, o da həmin sənədi öz qurultaylarında
təsdiq edərək, ona siyasi xətt statusu verirdi.
Təsərrüfat elitasının
hökmranlığı təkcə onun bilavasitə funksiyalarına əsaslanmırdı. Bu hökmranlıq
onun üzvlərinin partiya elitasına və partiya aparatına fəal surətdə daxil olması
ilə möhkəmlənirdi. Əvvələn, təsərrüfatçılar partiya aparatında işləmək üçün
irəli çəkilir və beləliklə, partiya funksionerlərinə çevrilir, partiya aparatı
şöbələrinin özəyini təşkil edirdilər. İkincisi, təsərrüfat idarəçilərinin
peşəkar partiya işçiləri mühitinə daxil edilməsi onların istər ali, istərsə də
şəhər, rayon səviyyəli seçkili partiya orqanında, habelə istehsal
müəssisələrinin və başqa əmək kollektivlərinin partiya təşkilatında təmsil
olunması praktikası vasitəsilə baş verirdi. Beləliklə, təsərrüfat hakimiyyətinə
partiyadakı hakimiyyət də əlavə olunurdu. Bununla da təsərrüfatçı siyasətin
işlənib hazırlanmasına və həyata keçirilməsinə, həm də partiya elitasının özünün
formalaşmasına təsir göstərmək üçün əlavə imkan qazanırdı. Ona görə də deyə
bilərik ki, sovet hakim elitasının strukturunda partiya elitasından daha çox
təsərrüfat elitası üstün mövqe tuturdu.
Yuxarıda deyilənlərdən göründüyü
kimi, sosialist ictimai-siyasi qarşılıqlı münasibətlər sisteminin əsas dayağı
hesab edilən partiya elitasının hakimiyyəti, əslində, başlıca dayaq deyildi.
1992-ci ildə mütəllibovçuların şəxsində “partokratlar" üzərində qələbə qazanmış
Xalq Cəbhəsi partiya elitasının hakimiyyətinin həcminin onların təsəvvür
etdikləri ilə müqayisədə nə dərəcədə cüzi olduğunu, – xüsusən də ona görə ki, bu
elitanın bəzi əsas rıçaqları Ə.Vəzirov tərəfindən dağıdılmışdı, – yəqin edə
bildi.
Milli tariximizin bəzi faktlarını şərh edərkən bir haşiyə çıxmaq,
Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən əvvəlki hadisələrə qayıtmaq istərdim.
Çünki 1982-ci ildə Heydər Əliyev Moskvaya gedəndən sonra respublikanın siyasi
rəhbərliyində yaranmış və Qorbaçovun “əliyevçiliyə" qarşı hücumlarından sonra
daha da kəskinləşmiş qüsurlu vəziyyətə real qiymət vermək zəruridir.
Heydər Əliyev Moskvaya gedəndən sonra, Kamran Bağırovun dövründə
Azərbaycan ona qədər yaradılanların hamısını tədricən itirməyə başladı və
1988-ci ilə qədər respublika ətalət üzrə hərəkətini davam etdirdi, lakin artıq
bu hərəkəti inkişaf adlandırmaq mümkün deyildi. Bütün sovet məkanını bürümüş
sosial-iqtisadi xarakterli durğunluq prosesləri, habelə Heydər Əliyevi gözdən
salmaq məqsədi ilə Mərkəzin Bakıya göstərdiyi təzyiq, onun kadrları ilə mübarizə
Azərbaycan SSR-in nəinki iqtisadi, həm də siyasi strukturunu xeyli dərəcədə
zəiflətmişdi. Kamran Bağırovun lider keyfiyyətlərinin, geniş təfəkkürünün
olmaması, gələcək hadisələri irəlicədən görməyi bacarmaması, işdə passivliyi,
Mərkəzin təzyiqinə fəal müqavimət göstərmək, onunla münasibətləri korlamaq
istəməməsi, bəzi hallarda barışdırıcı mövqe tutması və üstəlik, onu əhatə edən
insanların ambisiyaları respublikada siyasi ab-havanın mənzərəsini, demək olar
ki, hər gün dəyişirdi.
Onun bu keyfiyyətlərinin çoxu 1988-ci ilin
fevral-may aylarında Dağlıq Qarabağda fəal separatist çıxışlar,
azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması və bu hadisələrlə
əlaqədar Bakıda Azadlıq meydanında mitinqlər başlayanda xüsusilə özünü göstərdi.
O, işdən kənarlaşdırıldı, proseslərə isə Sov.İKP MK-nın katibi Q.P.Razumovski və
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini F.D.Bobkovun
başçılığı ilə qrup rəhbərlik edirdi.
Dövlətçilik müdrikliyi, iradə və
qətiyyət göstərmək tələb edilən şəraitdə K.Bağırov ruh düşkünlüyünə qapıldı. Tam
çaşqınlığa düşərək, fəal iş, günbəgün mürəkkəbləşən hadisələrə müvafiq münasibət
bildirmək qabiliyyətini itirdi. Heydər Əliyevdən sonra o, respublikanın milli
mənafelərini müdafiə etməyə qadir olmayan aciz və həddən artıq zəif rəhbər kimi
qəbul olunurdu. Təəssüf ki, bütün bunlar xalq kütlələrinin ovqatına, onların
özünə inamına və ruh yüksəkliyinə təsir göstərirdi. Artıq bütün bu keyfiyyətlər
yox olmuşdu.
Təbii ki, belə bir haqlı sual yarana bilər: bəs nə üçün
respublikanın rəhbəri vəzifəsinə onu seçmişdilər? Açığını deyim, MK-nın üç
üzvündən (K.Bağırov, H.Seyidov, İ.Məmmədov) müxtəlif parametrlərə görə bu
vəzifəyə daha münasib olanı o idi. Bundan əlavə, Heydər Əliyev respublikanın
rəhbəri olduğu dövrdə Kamran Bağırov MK-nın katibi kimi əvvəlcə ideologiya
sahəsinə, sonra isə sənayeyə kuratorluq edirdi, MK üzvləri və üzvlüyə
namizədlər, respublika fəallarının digər hissəsi tərəfindən müəyyən qədər
dəstəklənirdi. Bu dövrdə o, kölgədə qalmağa, heç kəslə münasibətləri korlamamağa
çalışırdı. Bir sözlə, elə bir xüsusi tələbkarlığı və prinsipiallığı ilə
fərqlənmirdi. Lakin özü haqqında ölkədə həyata keçirilən xəttin fəal tərəfdarı,
istənilən səviyyəli işçilər üçün açıq olan və sadə bir insan təsəvvürü yarada
bilmişdi. Buna görə də partiya fəalları onu Heydər Əliyevin sədaqətli məsləkdaşı
hesab edir, onun tərəfini saxlayırdılar. Tarix göstərdi ki, mütəşəkkil orqanizm
kimi kollektiv də səhv edə bilər.
MK-nın birinci katibinin
dəyişdirilməsi məsələsini ölkədə yaranmış vəziyyət özü gündəliyə gətirmişdi. Bu
da obyektiv idi. Lakin MK Bürosunun heyətində heç kəs güman etmirdi ki, yeni
birinci katib Ə.Vəzirov ola bilər. Onu respublikaya Sov.İKP MK-nın katibi Yeqor
Liqaçov “gətirdi". Bu, bizim üçün tamamilə gözlənilməz idi.
Keçmişi
təhlil edərkən və 1987-ci ildən sonra Azərbaycanda baş verən hadisələri daha
yaxşı dərk etməyə cəhd göstərərkən mən hər dəfə bir suala cavab tapmağa
çalışıram: nə üçün Ə.Vəzirov Mərkəz tərəfindən Azərbaycan Kommunist Partiyası
MK-nın birinci katibi vəzifəsinə təyin edildiyi ilk günlərdən başlayaraq, özünün
bütün enerjisini Heydər Əliyevə və onun yaratdıqlarına qarşı mübarizəyə
yönəltdi? O, dövlətçiliyin əsas seqmentlərini: ölkənin iqtisadiyyatını,
insanların hakimiyyətə etibarını, sabahkı günə inamını sarsıtdı, regionlar
arasında nifaq toxumu səpdi və sair. Çox fəal şəkildə yenisi ilə əvəz edilən
əvvəlki hakim elita başını itirmişdi, o, nə baş verdiyini anlaya bilmirdi. Yeni
təyin edilənlərin hər biri isə müxtəlif yollarla, çox vaxt təmənnalı şəkildə
rəhbər orqanlara düşən kimi özünü elə aparırdı ki, elə bil dünyanın axırıdır,
üstəlik, elementar məsuliyyət hissini də itirirdi.
Ə.Vəzirovun
hərəkətləri sağlam düşüncəyə zidd idi. Məsələyə sırf əxlaqi mövqedən yanaşsaq,
deməliyəm ki, Ə.Vəzirovun vəzifədə irəliləməsində Heydər Əliyevin çox böyük rolu
olmuşdu. Mən bu insan üçün nələr edildiyinin hamısının şahidiyəm. Bundan əlavə,
Ə.Vəzirov da Pakistanda SSRİ-ni təmsil etdiyi dövrdə bunu dəfələrlə etiraf
etmişdi, özü də təkcə mənə yox. Əgər xatırlasaq, Vəzirov ÜİLKGİ MK-da işdən azad
edilib kənarda qalanda onu məhz Heydər Əliyev xilas etmişdi. Vəzirov çox
gözləməli olmadı, Heydər Əliyev onu əslində Azərbaycanın ikinci paytaxtı olan
Kirovabad (indiki Gəncə) şəhər partiya komitəsinin birinci katibi seçmiş,
Azərbaycan KP MK-nın şöbə müdiri təyin etmiş, sonra isə onun diplomatiya xətti
ilə irəliləməsinə hər cür şərait yaratmış və kömək göstərmişdi. Heydər Əliyev
kommunist sisteminin mərkəzi iyerarxiya strukturunda təmsil edilə biləcək hər
bir azərbaycanlını dəstəkləməyin başa düşülməsinin zəruriliyini əsas tuturdu.
Yanvar hadisələrindən əvvəlki günlər milli elita üçün ciddi sınaq oldu.
Sirr deyil ki, cəmiyyət məhz həmin günlərdə gözləyir və ümid edirdi ki, bu
elitanın nümayəndələri xalqı Ə.Vəzirov başda olmaqla milli xainlərə və
M.Qorbaçovun Moskva qrupuna qarşı yönəldəcəklər. Lakin, təəssüf ki, milli
elitanın nümayəndələrinin bir çoxu öz yaxalarını kənara çəkdi, bununla da həmin
missiyanın yerinə yetirilməsini elitanın Vətənə böyük məhəbbət hissi ilə yaşayan
azsaylı qrupuna həvalə etdi. Bu çox çətin sınaq günlərində həm Bakıda, həm də
Moskvada meydanlarda dayanan, Azərbaycan xalqını dəstəkləyən insanların adları
hamımıza məlumdur.
Lakin ürək ağrısı ilə deməliyəm ki, xalqımız üçün
taleyüklü günlərdə izi-tozu görünməyən keçmiş sovet elitası nümayəndələrinin
çoxu 1993-cü ildə, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra əslində
göstərmədikləri xidmətlərdən və onlara heç bir dəxli olmayan işlərdən dəm
vurmağa, bunları öz adlarına çıxmağa başladılar. Axı, tamamilə haqlı sual doğa
bilər: bu gün müxtəlif dövlət təltifləri və ya xüsusi ehtiram iddiasında olanlar
həmin günlərdə harada idilər? O günlərdə onların vətəndaşlıq mövqeyi nədən
ibarət idi? Məgər elita Vəzirovun antimilli siyasətinin və Moskvanın
azğınlığının bu ölkəni haraya sürüklədiyini görmürdümü? Elitanın Ermənistandan
qaçan həmvətənlərimizin, 1990-cı ilin qanlı yanvar günlərində tankların altında
həlak olanların, ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanların taleyi həll
edildiyi bir vaxtda bu proseslərdə iştirakını ört-basdır etməyə çalışmasına nə
dərəcədə haqq qazandırmaq olar? İndiki dövlət quruculuğu və cəmiyyətin
konsolidasiyası şəraitində milli elitanın bəzi nümayəndələrinin rolu nədən
ibarətdir? Yalnız ölkəmizdə görülən bütün işlərə qara yaxmaq və məntiqini
onların başa düşməsi və dərk etməsi çətin olan prosesləri tənqid etməkmi? Lap
açıq danışmaq istəyirəm, elita adlanmağa iddia edən bu insanlar ancaq özləri
barədə, özlərinin firavanlığı haqqında düşünürlər, Vətən onlara yalnız bu və ya
digər fayda əldə etmək üçün lazımdır. Bəs özləri Vətənə nə veriblər – bu suala
onların cavabı yoxdur.
Yenidən mövzuya qayıdaraq demək istərdim ki,
elitanın bu gün nə isə təqdim etməyə çalışan müəyyən hissəsi Azərbaycanın o ağır
günlərində cəsarətsizlik göstərmiş, sayca daha çox olan digər hissəsi isə
Ə.Vəzirovun və onun əlaltılarının əlində alətə çevrilmiş, Vətənin çətin dövründə
xalq kütlələrinin avanqardı kimi həqiqi elitaya xas olan keyfiyyətləri göstərə
bilməmişdi.
O dövrdə mən bir məsələni başa düşə bilmirdim ki,
Ə.Vəzirovun 1988-ci il mayın 30-da (MK-nın birinci katibi seçiləndən 9 gün
sonra) MK-nın plenumunda mənim Azərbaycan KP MK-nın katibi vəzifəsindən azad
edilməyim barədə birdən-birə qərar çıxarması nə ilə bağlı idi? Zənnimcə,
Azərbaycanın o narahat günlərdəki, artıq dağılmaqda olan sovetlər ölkəsi bütün
gəmini öz arxasınca dənizin dibinə çəkən lövbər kimi milli respublikaları öz
arxasınca sürüdüyü dövrdəki tarixini daha ətraflı təsvir etməyə hələ imkanım
olacaqdır.
Həmin plenumdan sonra Ə.Vəzirov keçən əsrin 70-80-ci
illərində yaradılmış bütün kadr potensialını məhv etməyə başladı. Nə üçün bu
insan öz xalqı üçün bu dərəcədə taleyüklü dövrdə yetərli rəhbərə çevrilə
bilmədi? Axı, tarix ona belə bir fürsət vermişdi. Azərbaycanın o dövrü haqqında
diskussiyalar aparılanda hər dəfə Ə.Vəzirovun ölkəyə rəhbərlik etdiyi iki ildən
az müddətdə onunla işləmiş insanlardan eyni cavab alıram: Ə.Vəzirov nəinki çox
zəif rəhbər idi, həm də ona etibar edilmiş kiçik kollektivi də idarə edə
bilməmək kimi faciəli dərəcədə fərsizliyi ilə fərqlənirdi. Aradan qaldırılması
üçün çox böyük təmkin, intellekt və vəziyyəti idarə etmək qabiliyyəti tələb
olunan böhranlar barədə isə danışmağa dəyməz. Azərbaycan cəmiyyəti bu insanın
düşük “əqli nəticələrini" və çox vaxt onu gülünc vəziyyətə salan dingilişliyini
hələ də xatırlayır.
Milli reallıqları başa düşməmək, respublikada
yaranmış vəziyyətə adekvat yanaşmanın olmaması, Azərbaycan mentalitetinə yabançı
olan davranış normaları elə bir insan obrazı formalaşdırmışdı ki, onun
fəaliyyəti bizi dövlətimizin ərazisinin 20 faizini itirməyə, iqtisadiyyatın
bərbad vəziyyətə düşməsinə düçar etdi. Bütün bunlarla yanaşı, Mixail Qorbaçovun
buyruq qulu və ən yaxın əlaltısı olan Ə.Vəzirov onun bütün göstərişlərini səylə
və can-başla yerinə yetirirdi. Onun, Mixail Qorbaçovun əslində Azərbaycanın
düşməni olmasını, respublikada böhranın yaranmasında və Dağlıq Qarabağ
regionunun ayrılmasında marağının olmasını dərk etməməsinə inanmaq çətindir.
Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər və satqınlıqlar az olmuşdur.
Ə.Vəzirovun rəhbər tutduğu ideya çox sadə idi: məşhurlaşsın və tarixə düşsün,
fərqi yoxdur, qurucu kimi, yoxsa dağıdıcı kimi. Xatırladaq ki, qədim
Yunanıstanda Herostrat da eyni hisslərlə yaşayırdı. Lakin Herostrat kimi,
Ə.Vəzirov da milli tarixə uğursuz bir şəxsiyyət, sosial quruluşun autsayderi
kimi düşdü.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra Dövlət Plan
Komitəsinin keçmiş sədri A.Mütəllibovun ölkəyə rəhbərlik etməsi Azərbaycan
cəmiyyətinin siyasi və iqtisadi dəyişikliklərə olan immunitetini tamamilə məhv
etdi.
Məlum olduğu kimi, Ayaz Mütəllibov hakimiyyətə gələndən sonra SSRİ
məkanında yeni tarixi dəyişikliklərin başlandığını dərhal dərk etməmişdi. O,
Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı hadisələrin arxasında Sovet
İttifaqının dağılmasının başlandığını görə bilmirdi. Heç də təsadüfi deyil ki,
o, QKÇP – Dövlət Fövqəladə Vəziyyət Komitəsi iştirakçılarının qiyamını əvvəlcə
dəstəkləmişdi. Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi kreslosundan
Azərbaycan prezidenti kürsüsünə əyləşəndə isə erməni separatçılarının
cilovlanmasına, habelə ölkənin həyatında nəzərəçarpacaq dəyişikliklər edilməsinə
yönəlmiş qətiyyətli tədbirlər görmədi. A.Mütəllibov AXC-nin cəbhədə baş verən
hadisələrə faktik olaraq rəhbərlik etməsinə imkan verməklə xarakterinin faciəli
dərəcədə zəifliyini göstərdi, bu isə hərbi əməliyyatların gedişində, o cümlədən
onun fəaliyyətsizliyi və birbaşa səhlənkarlığı ucbatından 366-cı motoatıcı
alayın köməyi ilə erməni quldur dəstələrinin Xocalıda həyata keçirdikləri
əməliyyatda dinc əhalinin kütləvi şəkildə qırılması ilə nəticələndi.
M.Qorbaçovun birbaşa göstərişinə əsasən ölkənin rəhbəri olduqdan sonra
o, ictimaiyyətlə və özünün opponentləri olan Xalq Cəbhəsi ilə dialoq yarada
bilmədi. A.Mütəllibov faktik olaraq Ə.Vəzirovun yolu ilə gedir, cəmiyyətin
konsolidasiyası və ölkəni gözləyən təhlükə qarşısında siyasi qrupların
səylərinin birləşdirilməsi məsələlərini öz praktikasından çıxarmışdı. Özünün
qəti mövqeyi olmayan bu insan yaxın ətrafındakı adamların diktəsinə tabe olurdu,
onların çoxu isə dövlətin mənafelərini deyil, sırf konyunktur, şəxsi maraqları
rəhbər tuturdu. Onun hakimiyyətə gətirdiyi kadrları ictimaiyyət tanımırdı və
onlar yalnız A.Mütəllibovla, özü də müəyyən məqama qədər yaxın olmalarından
başqa elə bir xüsusi qabiliyyətləri ilə fərqlənmirdilər. Davranışına xas olan
ədalar ona ümumxalq məhəbbəti və nüfuz gətirməmişdi, yalnız “Torqovı küçəsindən
olan modabaz oğlan" imicini qazandırmışdı. Heydər Əliyevin dövründə işində yol
verdiyi ciddi səhvlərə, nöqsanlara və vəzifədən sui-istifadə hallarına görə
işdən kənarlaşdırılan “cəzalandırılmışları" hakimiyyətə qaytarması da onun
mövqeyini möhkəmlətmədi. Mübaliğəsiz demək olar ki, ötən əsrin 90-cı illərinin
əvvəlində Azərbaycanda hakimiyyət “ayaqlar altında" qalmışdı. Onu kimsə
qaldırmalı idi. Bunu Xalq Cəbhəsi etdi.
Keçmişə müraciət edərkən mən bu
günümüz, yeni nəslimiz, yaşına görə həmin hadisələrin iştirakçısı olmamış,
Azərbaycan xalqının azadlıq və dinclik əldə etməsi üçün hansı məşəqqətlərdən,
çətinliklərdən, deyərdim ki, əzab-əziyyətlərdən keçdiyini görməmiş bugünkü
gənclik haqqında düşünürəm. İndi ölkəmizdə siyasi sabitlik yaradılmışdır,
iqtidarın bəzi siyasi opponentləri anlamağa başlamışlar ki, onlar düşmənçilik,
radikalizm yolu ilə heç nə qazanmayacaqlar, buna görə də hakimiyyət uğrunda
mübarizənin qurucu formalarına müraciət edirlər. Cəmiyyət isə dövlətçiliyi
möhkəmlətməyə, müstəqilliyi, ümumi tərəqqini qoruyub saxlamağa və firavan həyat
tərzini təmin etməyə yönəlmişdir.
Xalq Cəbhəsi də hakimiyyətə gələndən
sonra əvvəlki hakim elitanın dayanıqsız sistemini vəcdlə dağıtmağa, rəhbər
orqanlara və təsərrüfat strukturlarına öz nümayəndələrini, əksər hallarda da
səriştəsiz, o cümlədən meydandan gəlmiş adamları irəli çəkməyə başladı. Onu da
demək lazımdır ki, bu, Xalq Cəbhəsi tərəfindən dövlət quruculuğuna ciddi ziyan
vurmuş zərərli, əsla ölçülüb-biçilməmiş, məsuliyyətsiz qərar idi. Problem ondan
ibarətdir ki, praktikada çoxdan müəyyən edilmişdir: hətta ən radikal siyasi
dəyişikliklər dövründə də əvvəlki elitanın səhnədən tamamilə getməsi
təhlükəlidir, çünki o, tədricən yeni elitanın bir hissəsi kimi ona daxil olmalı,
yaxud heç olmasa, dövlətin sabit bazisi formalaşana qədər yeni elitanı müşayiət
etməlidir. Bütün dövlət idarəçiliyi mexanizmləri və strukturları yeni adamların
əlinə keçəndə, bu, “ölmək ölməkdir, xırıldamaq nə deməkdir" dilemması qarşısında
qalmaq riskini bir qədər azaldır. Bu, bolşevik Rusiyasının yeni yaradılmış
strukturların əksəriyyətini öz kadrları ilə təmin edə bilmədikdə, o vaxt “burjua
mütəxəssisləri" adlandırılan köhnə kadrlardan istifadə etməyə məcbur olduğu
vəziyyəti xatırladır. Bu cür yanaşmanın mahiyyətini bütün əsas vəzifələrdə köhnə
kadrları tezliklə əvəz etməyin mümkünsüzlüyü, habelə köhnə elitanın
dəyərlərinin, normalarının, ideyalarının, adət və ənənələrinin əxz edilməsi
şəklində varisliyin zəruriliyi təşkil edirdi.
Azərbaycan Xalq Cəbhəsinin
intellektual, ideya və mənəvi baxımdan zəifliyi tez bir vaxtda üzə çıxdı, çünki
elitanın bu tipi hakimiyyətə sınaqdan çıxmış ideya baqajı və dövlət idarəçiliyi
təcrübəsi olmadan gəlmişdi. Rusiyada, Ukraynada, Belarusda, Mərkəzi Asiya
respublikalarında və Qazaxıstanda olduğu kimi, bizdə də dövlət müstəqilliyi
SSRİ-nin dağılması nəticəsində əldə edilmişdi. Ona görə də bu gün, kifayət qədər
müddət keçdikdən sonra milli müstəqillik hərəkatının rəhbəri kimi Xalq
Cəbhəsinin bilavasitə xidmətləri barədə danışmaq olduqca çətindir, hərçənd,
demək lazımdır ki, Xalq Cəbhəsi bu ideyanın həyata keçirilməsi seqmentlərindən
biri olmuşdur. Hakimiyyətə gələndən sonra AXC-nin bütün fəaliyyəti səriştəsiz,
xaotik və perspektivsiz təsir bağışlayır, bu isə vəziyyəti daha da
gərginləşdirirdi. Ölkədə asayişi daxili işlər naziri İsgəndər Həmidov başda
olmaqla qeyri-formal silahlı qruplar və “sürətli" dəstələr idarə edir, onlar həm
imkanlı insanların əmlakının qanunsuz yollarla müsadirə olunması, həm də keçmiş
“sexovşik"lərin həbs edilməsi ilə məşğul olurdular. Özü də bütün bunlar qanunsuz
maliyyə-iqtisadi fəaliyyətə qarşı mübarizə məqsədi ilə deyil, külli miqdarda pul
qoparmaq üçün edilirdi. Jurnalistlərin və siyasi opponentlərin döyülməsi adi
hala çevrilmişdi: bir şəxsin fəaliyyət spektri olduqca geniş idi.
1990-cı ilin qanlı yanvar hadisələri nəticəsində hakimiyyətə gəlmiş
A.Mütəllibovun çürük rejiminin devrilməsini, bəlkə də, Xalq Cəbhəsinin
xidmətlərinə aid etmək olardı. Lakin Xalq Cəbhəsi dövlət çevrilişi etməklə
daxili çəkişmələr və intriqalar girdabına çox batdı, rejimin daxilində
bir-birinə qarşı dayanan qruplaşmaların mübarizəsi isə ölkəni az qala tamamilə
dağılmaq, fəlakət həddinə çatdırdı.
Liderlərinin Ə.Vəzirovu və
A.Mütəllibovu hər cür günahlarda ittiham etdiyi Xalq Cəbhəsinin hakimiyyəti,
təəssüf ki, onlardan yaxşı olmadı, bəlkə də pis oldu. Xalq Cəbhəsinin birillik
fəaliyyəti onun geniş xalq kütlələri arasında siyasi dəstəyinin ciddi şəkildə
zəifləməsinə gətirib çıxardı. Bağırova, Vəzirova və Mütəllibova inamını itirmiş
əhali AXC liderlərinin şəxsində “bütün dərdlərin əlacını" axtarırdı, lakin
onların rəhbərliyi ölkəni daha böyük problemlərlə üzləşdirdi. “Yuxarıların" və
“aşağıların" mənafeləri toqquşdu, sözdən əməli işə keçid isə gerçəklikdən çox
uzaq oldu. Üstəlik, AXC-nin dövlət hakimiyyətinin həyata keçirilməsi prosesi
haqqında romantik təsəvvürlərdən əl çəkmək istəməməsi vəziyyəti daha da
gərginləşdirdi, çünki bu liderlərin bəziləri hələ də milli maraqlara və dövlətin
maraqlarına zidd olan ideyalarla yaşayırdı. Xalq Cəbhəsi liderlərinin yeritdiyi
daxili və xarici siyasət iflasa uğradı.
Beləliklə, 1992-ci ilin
ortalarında Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi xalqa təsəlli vermədi, sadə
insanın daha yaxşı yaşayacağı və ictimai-siyasi strukturun demokratikləşəcəyi
barədə geniş reklam edilən perspektivlər əvəzinə, tamam başqa şeylər –
hərc-mərclik, özbaşınalıq və korrupsiya baş alıb gedirdi. Ən başlıcası isə, Xalq
Cəbhəsi Azərbaycan cəmiyyətinin bütün tərkib hissələrini təmsil edə bilmədi.
Yaxşı deyiblər ki, bəzən insanın qüsurları onun məziyyətlərinin davamı olur. AXC
ilə bağlı vəziyyətdə tezliklə məlum oldu ki, hakim elitaya lazım olan
keyfiyyətlər müxalifətçi elita üçün zəruri olan keyfiyyətlərdən fərqlənir. İndi,
artıq “barrikadalarda dayanmaq" və mitinqlərdə odlu-alovlu nitqlərlə çıxış etmək
deyil, cəmiyyəti idarə etmək, özü də bu işi hər gün və səriştəli şəkildə görmək
lazım olduğu bir vaxtda, məlum oldu ki, bu qrup həmin rola qətiyyən hazır
deyildir. AXC “korrupsiyaya qurşanmış partokratiyanı" amansızcasına ifşa edirdi,
lakin məlum oldu ki, bu hakim qrupun nümayəndələri korrupsiyaya daha da çox
qurşanmışlar. Bir neçə il bundan əvvəl mən prezident Ə.Elçibəyin yanında
keçirilmiş iclasların stenoqramlarını oxudum, iş o yerə gəlib çatmışdı ki,
ölkənin prezidenti və eyni zamanda AXC-nin sədri özünün vəzifəyə təyin etdiyi
adamlara müraciətlə deyirmiş: “rüşvət alırsınızsa, heç olmasa vicdanla alın, çox
almayın". İqtidar bu vəziyyətlə əslində barışmışdı.
Həmin illərdə
ölkənin düşdüyü vəziyyət barədə təfərrüata varmaq istəməzdim, lakin bizim ümumi
yaxın keçmişimizə qısa bir nəzər salınması bu hadisələrdə elitanın rolunu
(müsbət, yoxsa mənfi olmasının əhəmiyyəti yoxdur) daha yaxşı başa düşməyə, bizi
nələr gözlədiyini, necə çətin bir yol keçdiyimizi, əvvəllər nəyə malik
olduğumuzu başa düşməyə və qazandıqlarımızın qədrini bilməyə imkan verir. İndiki
hakim elitanın müstəsnalığına əsla iddia etmədən və təbii ki, bizə keçmişdən
miras qalmış problemlərin heç də hamısını həll etmədiyimizi başa düşərək
deməliyəm: son onillikdə Azərbaycan onu xaosa və hərc-mərcliyə düçar etməyə,
xarici qüvvələrin əlində oyuncağa çevirməyə cəhd göstərilən məkandan XXI
yüzilliyin dəyərlərini dinamik şəkildə transformasiya edən müstəqil dövlətə
qədər böyük bir yol keçmişdir.
Milli elitanı formalaşdırarkən
Müasir Azərbaycanın milli elitasının formalaşması ümumən bir neçə
mərhələdən ibarət olmuş və ötən əsrin 70-ci illərində, Heydər Əliyevin
göstərişinə əsasən, minlərlə gənc azərbaycanlı təhsil almaq üçün Sovet
İttifaqının müxtəlif şəhərlərinə göndəriləndə, o dövrdə hələ sovet Azərbaycanı
adlanan ölkəmizin təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi, siyasi
elitasının formalaşmasına böyük diqqət yetirilməyə başladığı dövrdə xüsusilə
nəzərəçarpan xarakter almışdı. Həmin qərarların qəbul edilməsi ilə əlaqədar
siyasi çətinliklərə baxmayaraq, məhz onlar kadrların regenerasiyası, rotasiyası,
əvəzlənməsi və dövlət qulluğunda işə yeni, intellektual və zirək gənclərin cəlb
olunması prosesinin başlanmasına kömək etmişdir.
Heydər Əliyevin tarixi
xidmətlərindən biri də ondan ibarətdir ki, o, bizim gənclər orduda xidmətə
çağrılanda, onların əsasən, tikinti hissələrinə və ya yardımçı işlərə
göndərilməsi praktikasına son qoymuşdu. Azərbaycanlılar arasından müxtəlif qoşun
növləri üçün zabitlər hazırlanmasına yalnız o, nail ola bilmişdi. Uzun illər
boyu Sovet Azərbaycanının Kommunist partiyasının rəhbərliyində təmsil olunmuş
bir insan kimi mən bu cür taleyüklü qərarların qəbul edilməsi və həyata
keçirilməsi zamanı Heydər Əliyevin Moskvanın necə güclü təzyiqinə məruz
qalmasının şahidi olmuşam.
Sovet Azərbaycanının kadr ehtiyatının nüfuzlu
ali məktəblərin gənc məzunları hesabına keyfiyyətcə dəyişməsi ötən əsrin 70-ci
illərinin ortalarından etibarən respublikanın inkişafının, eləcə də kadr
siyasətinin dönüş mərhələlərindən biri olmuşdur. Keçmiş komsomol və məsul
partiya işçiləri özlərinin biliklərinə və təcrübələrinə uyğun olaraq,
Azərbaycanda ən yüksək vəzifələri tuta bildilər. Təbii ki, məsələyə bu cür
yanaşma bəzilərində anlaşılmazlıq doğura, iqtidar nümayəndələrinin zehinlərində
keçmiş dövr barədə qalmış nostalji duyğular kimi görünə bilər, lakin hər dövrün
öz xüsusiyyətləri var. İdarəçilərin yeni sinfinin yaradılması üçün müəyyən zaman
kəsiyini keçmək və Azərbaycan gənclərinin – gələcəyin milli elitasının
nümayəndələrinin təhsil səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlərin
həyata keçirilməsi tələb olunurdu.
1987-ci ilin axırlarında Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
kənarlaşdırılandan sonra bütün bu işlər unuduldu. Mərkəzdə hakimiyyətin yuxarı
eşelonlarında mövcud olan əvvəlki əlaqələr qırıldı. Zənnimcə, məsələyə belə
münasibət xeyli dərəcədə təfəkkürün zəifliyi və bu işin dövlətçiliyin
yaradılması və idarə edilməsi üçün həddindən artıq vacib olmasını başa
düşməməklə bağlıdır.
Hazırda ölkə rəhbərliyinin kadr siyasəti cəmiyyətin
inkişafının təkamül yolunun müəyyən edilməsinə simmetrik yanaşmaya əsaslanır.
Başqa sözlə desək, kadrların yeni, intellektual və kreativ insanlarla əvəz
edilməsinin təkamül xarakteri əvvəlki nəsillərin ənənələrinin və təcrübəsinin
qəbul olunması və onlara hörmət edilməsi, müasir inkişafın və postmodernist
demarşın tələblərinə uyğun olaraq yenilik gətirən ideyaların tətbiq edilməsi
prinsipi əsasında qurulur. Hamımız başa düşürük ki, vərdiş olunmuş normaları
dəyişmək kifayət qədər çətin, bunu bir anda etmək isə mümkün deyildir. Bütün
bunlar üçün vaxt və qüvvə, dövlətin və cəmiyyətin inkişaf strategiyasının
müəyyən edilməsində məqsədyönlülük tələb olunur.
Ölkənin innovasiyalı
inkişafına keçidin zəruriliyi insan kapitalının reallaşdırılmasına, ümumi rifah
səviyyəsini təkmilləşdirmək məqsədi ilə insanların potensial imkanlarının
səmərəli tətbiqinə əsaslanan strategiya yaradılmasını şərtləndirmişdir. Buna
görə də, qərarlar qəbul etmək səlahiyyəti verilmiş müasir hakim elitanın üzərinə
düşən vəzifə XXI əsrdə Azərbaycanın siyasi, iqtisadi və sosiomədəni gerçəkliyini
modernləşdirməkdən ibarətdir. Özü də bu proses bizim müəyyən sahələrdə bəzən
gördüyümüz kimi, yarımçıq şəkildə deyil, kompleks yanaşma nəzərə alınmaqla
getməlidir. Başa düşmək lazımdır ki, Azərbaycan ən cəlbedici ölkəyə çevrilə
bilər və çevrilməlidir. Elitanı bu gün təmsil edən və onu sabah təmsil edəcək
insanların məsuliyyətinin mahiyyəti bundan ibarətdir.
Bir halda ki, azad
insanın inkişafı bizim qəti prioritetimizdir, deməli, gənc nəslin təhsil
səviyyəsinin artırılması millətin özünü qoruyub saxlamasının və
təkmilləşdirməsinin mühüm elementidir. Gənc, kreativ və intellektual insanların
istedadından istifadə edilməsi, dövlətin innovasiyalı inkişafını və həyata
keçirilən siyasətin varisliyini təmin etməyə qadir olan əsas amildir. Ona görə
də milli təhsil sistemi müasir dövrün tələblərini və standartlarını, yeni nəslin
yetişdirilməsi və tərbiyə olunması sahəsində bilikləri və texnologiyaları,
dünyada cərəyan edən ümumi meyillərə müvafiq olan metodları əhatə etməlidir.
Başa düşmək lazımdır ki, gənc insanın yaradıcı zəkası və intellekti ona
başqalarından fərqlənmək, öz potensialını cəmiyyətin səadəti naminə
reallaşdırmaq imkanı verir.
Yalnız bu cür yanaşma ölkədə yeni hakim
elitanın və əks-elitanın formalaşmasına kömək edəcəkdir. Çünki tamamilə aydındır
ki, Azərbaycan cəmiyyətinin transformasiyası şəraitində elitanın strukturlaşması
perspektivdə indiki elitanın yerini tutmalı olan gələcək nəsillər üçün bazis
yaradır. Sabah milli elitanı təmsil edəcək insanlar arasında, məsələn, Prezident
İlham Əliyevin təşəbbüsü ilə bu gün xaricdə təhsil alan və ya gələcəkdə təhsil
almağa göndəriləcək 5000 gəncin bir qismini də görəcəyik. Ona görə ki,
dövlətimizin başçısı bu qərarı qəbul edərkən yeni siyasi, iqtisadi, mədəni,
intellektual elitanın formalaşmasının Azərbaycanın gələcəyi üçün vacibliyini və
aktuallığını nəzərə almışdır.
Ölkəmiz elə bir məkana çevrilməlidir ki,
burada hər bir fərd özünü ümumi inkişaf üçün imkanlarını və arzularını
reallaşdırmağa qadir hesab edir. Lakin biz “büllur saraylar" barədə planlar
qurmamalıyıq. Reallıqları nəzərə almaq və başa düşmək lazımdır ki, fərdin özünü
yalnız peşəkar və yaradıcı baxımdan reallaşdırması, bəzi məsələlərdə özünə sərt
tənqidi mövqedən yanaşması arzuladığımız zirvələrə çatmağımıza imkan verər.
Bizim imkanlarımız bacarıqlarımızla müəyyənləşir, bacarıqlar isə innovasiya
təfəkkürünə malik istedadlı gəncləri formalaşdırır. Çox vaxt deyirlər ki,
istedad anadangəlmə olur, hərçənd, mən məsələnin bu cür qoyuluşu ilə əsla razı
deyiləm. İnsan iki meyar – məqsədyönlülük və özünütəşkil sayəsində istedadlı
olur. Bu amillərin hər ikisi mürəkkəb vəziyyətdə düzgün qərar qəbul edə, çətin
şəraitdə ən məqbul və kreativ yanaşmanı axtarıb tapa, qarşıya qoyulmuş
vəzifələri intellektual baxımdan əsaslandıra bilən şəxsiyyəti formalaşdırır.
Dövlət qulluğunda vəzifə borcumla əlaqədar tez-tez mən ilk dəfə
Prezident Administrasiyasında və ya başqa rəhbər strukturlarda işləməyə başlayan
insanlarla görüşməli oluram. Əksər hallarda bu insanlar orta hesabla 26-36
yaşlarında cavanlardır, onların nəzərində dövlət işi Qərbin transmilli
korporasiyaları ilə orta və ya uzunmüddətli müqavilədən daha maraqlıdır. Öz
gələcəyini xarici şirkətlərdə işdə görən insanların qabiliyyətinə və istedadına
əsla şübhə etməsəm də, hər halda, bizim gənclərin o qədər də yüksək olmayan əmək
haqqı müqabilində və yüksək ödənişli sığortası olmadığına baxmayaraq, dövlət
işində çalışmağa hazır olduğunu görəndə həmişə sevinirəm. Bəzi gənclərlə söhbət
edərkən onların sağlam ambisiyasını, özlərindən yaşca böyük və daha təcrübəli
olanlarla rəqabət aparmaq istəyini görəndə, – bu, onların mənəvi ovqatında aşkar
hiss edilir, – çox maraqlı hisslər keçirirsən. Belə adamlar dövlət qulluğuna
çoxlu təzə, faydalı yeniliklər gətirə bilər və biz məhz bu cür kreativ gənclərə
arxalanmaqla, bəzən inkişafımıza mane olan çox şeyləri aradan qaldıracağıq.
Dövlətimizin gələcəyi üçün bütün məsuliyyət məhz bu cür mütəxəssislərin üzərinə
düşəcəkdir.
Milli elitanın rolu dövlət müstəqilliyini, mədəni-tarixi
dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin
bütün bunlar yalnız o halda mümkündür ki, milli elita öz millətini onun dünyada
inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin
edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası bundan ibarətdir və onun
vəzifəsini millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etmək olar. Onu da
başa düşmək lazımdır ki, milli elitanın təmsilçisi statusu cəmiyyətdə tanınmağı
və nüfuz sahibi olmağı, eləcə də elita konsensusunun inkişaf etmiş ölkələrdə
mövcud olan iki prinsipinin – demokratiya və xüsusi mülkiyyətin sarsılmazlığının
qəbul edilməsini nəzərdə tutur.
Dünyamız sürətlə dəyişir və aydındır ki,
dinamik qlobal transformasiyalar kateqoriyaları ilə düşünən kreativ insanların
rolu sürətlə artır. Bununla bərabər, nəzərə almaq lazımdır ki, yeni idarəçilərin
keyfiyyəti zamanın tələblərinə və total qloballaşma, postsənaye dəyərlərinin
gizli təzyiqi şəraitində sürətlə inkişaf etməkdə olan yüksək texnologiyaların
meyarlarına müvafiq olmalıdır.
Tarixi təcrübə göstərir ki, müxtəlif
dövrlərdə elitanın rolu cəmiyyətin vəziyyətini, onun transformasiya dinamikasını
müəyyənləşdirir, cəmiyyətin daxili və xarici dəyişikliklərinin əsas elementləri
elitanın fəaliyyəti ilə bağlıdır. 1993-cü ildən 2003-cü ilə qədər milli elitanın
rolu ölkəni tam parçalanmaqdan qorumaq məqsədi ilə mürəkkəb, qeyri-standart
qərarlar qəbul etməkdən, inkişaf strategiyasını işləyib hazırlamaqdan, sabitliyə
nail olmaqdan, ümumi maliyyə kollapsını aradan qaldırmaqdan, asayişi və
qanunçuluğu bərpa etməkdən, ölkənin idarə olunmasında dövlət təsisatlarının
rolunu artırmaqdan, cəmiyyətin siyasi konsolidasiyasını təmin etməkdən ibarət
idisə, bu gün elitanın rolu yeni tələblərin və şəraitin təsiri altında
əhəmiyyətli dərəcədə yeniləşmiş, transformasiya etmişdir. Buna müvafiq olaraq, o
dövrdə milli elitanın, – təkcə siyasi elitanın yox, – formalaşması da məhz bu
taleyüklü və məsul vəzifələrin həlli nəzərə alınmaqla baş verir, bunun üçün
bəzən hədsiz səylər, siyasi iradə, çeviklik, həssaslıq, yüksək məsuliyyət
duyumu, müdriklik və istedad tələb olunurdu. Bütün bunlar müstəqil dövlət
yaradılması xəttini düzgün müəyyən etməyə və dövlətçiliyin möhkəmləndirilməsi
üçün səmərəli institusional bazanın təməlini qoymağa imkan verirdi. Bu,
bir-birindən asılı olan proses idi.
Ölkənin bu tarixi dövrü son dərəcə
mürəkkəb idi. Təkcə daxili deyil, həm də xarici xarakterli bir sıra ciddi
problemləri, habelə iqtisadi inkişafın çatışmazlıqlarını və sosiomədəni
transformasiyanın çətinliklərini nəzərə almaq lazım idi. “Zamanın nailiyyəti"
olmuş və “dünyanın sonunun" yetişdiyini bildirən demokratik inkişaf Azərbaycan
sosiumunun siyasi, iqtisadi və sosiomədəni baxımdan bu cür transformasiyaya
hazır olmaması ilə rastlaşdı. Cəmiyyət çoxdan can atdığı müstəqilliyi əldə
etmişdi, lakin müstəqillik suveren inkişafın başqa amillərinin yaranmasına səbəb
olmuşdu. Hakimiyyətin prosesləri idarə etməli olduğu dövlət idarəçiliyinin
səmərəli sistemini yaratmaq, yaxud qondarma “demokratikləşmənin" özünün cəmiyyət
daxilində qarşılıqlı münasibətlərin qaydasını müəyyən etməsi üçün hər şeyi
başlı-başına buraxmaq variantları arasında seçim etmək lazım gəlirdi. Bəzi
dövlətlərin təcrübəsi göstərir ki, bu cür kor-koranə “demokratikləşmə" son
nəticədə çox baha başa gəlir. Müstəqil dövlətçiliyin təşəkkülü dövrlərində
mərkəzləşmiş və güclü hakimiyyətin olmaması mərkəzdənqaçan qüvvələrin
fəallaşmasına şərait yaradır, bunun da nəticəsində hakimiyyətin nüfuzu və
dövlətin imici itirilir. Məhz buna görə də ötən əsrin 90-cı illərində Heydər
Əliyevin dövründə ölkənin ali idarəedici təbəqəsi olan elita bütünlüklə dövlət
hakimiyyətinin bərpa olunmasına, dövlətə zidd silahlı qruplaşmalara,
hakimiyyətsizlik, anarxiya və özbaşınalıq dövrünün mənfi nəticələrinə qarşı
mübarizəyə səfərbər edilmişdi.
Azərbaycanda hakim elita başa düşürdü ki,
ölkədə bir neçə il davam etmiş anarxiya və nifaq dövründən sonra inkişaf
vektorunu birdən-birə və əsaslı şəkildə dəyişmək, bütün siyasətçiləri tez bir
vaxtda başqaları ilə əvəz etmək çox çətin məsələdir. Yeni təfəkkürlü,
qabiliyyətli və peşəkar kadrların idarəetmə sisteminə mərhələlərlə cəlb edilməsi
ilə məşğul olmaq lazım idi. Buna görə də tələsməmək, əvvəlki iqtidarın vəzifəyə
təyin etdiyi bir sıra şəxslərə “möhlət vermək" və onların əslində kim olduğunu
cəmiyyətə göstərmək üçün tələsmədən hərəkət etmək lazım gəlirdi. Elitanın bütün
qrupları hiss etmirdi ki, vətəndaşların səbri tükənməz deyil və bu şəraitdə
cəmiyyət həmin qruplar arasında gedən “tayfalararası dava" kimi problemli bir
dövrdən keçməli idi.
Heydər Əliyevlə tez-tez bu və ya digər kadr
təyinatının mümkünlüyünü müzakirə edərkən onun kadr seçiminə nə qədər diqqətlə
yanaşmasını, onların imkanlarını həvalə olunan məsuliyyətlə müqayisə etməsini
dəfələrlə görmüşəm. Bütün bunlar dövlətçiliyin formalaşmasının başlanğıc
mərhələsində vəzifəyə yeni təyin olunanların səmərəli işini təşkil etməyə və
eyni zamanda, kadr ehtiyatı perspektivləri barədə düşünməyə imkan verirdi. Lakin
sirr deyil ki, kadrların heç də hamısı hakimiyyət sınağından uğurla çıxmır,
tələblərə cavab vermir və qarşılarında qoyulan vəzifələri səmərəli şəkildə
yerinə yetirə bilmirdi. Əgər açıq danışsaq, bu və ya digər vəzifəni tutarkən öz
işində kobud nöqsanlara və səhvlərə yol verənlərin adları cəmiyyətə məlumdur.
İnsan materialı mürəkkəb substansiyadır və təəssüf ki, onu dərhal və bütünlüklə
tanımaq asan deyildir. Bütün bunlara baxmayaraq, həyata keçirilən siyasətin
mahiyyəti həm də Azərbaycan cəmiyyətinin inkişaf dinamikasına cavab verməyənləri
aşkar etməkdən və onları yeni, daha səmərəli kadrlarla əvəz etməkdən ibarət idi.
Heydər Əliyevin dövründə siyasi elitanın təkamülü kadrlarda dövlətçilik
təfəkkürünün gücləndirilməsi meyli ilə səciyyələnirdi, eyni zamanda, onun
məqsədi bütün cəmiyyətin konsolidasiyasına nail olmaq idi. Təsirli dövlət
hakimiyyəti sistemi qurmaq üçün əvvəlcə idarəetmə mexanizminin təməlini qoymaq,
qarşıdakı islahatların və dəyişikliklərin institusional bazisini yaratmaq,
cəmiyyətin inkişafının strukturunu formalaşdırmaq tələb olunurdu. Başqa sözlə
desək, Prezidentin təyin etdiyi rəhbərlərin siyasi uzunömürlülüyü, onun
komandasının səmərəliliyi qarşıda duran vəzifələri düzgün təyin etmək və komanda
seçmək bacarığından asılı idi. Dövlətçiliyin möhkəmləndirilməsinin artıq növbəti
mərhələsində obyektiv surətdə kadr təyinatlarının keyfiyyətinə olan tələblər
daha yüksək idi.
Sovet dövründə Heydər Əliyevlə, habelə müstəqillik əldə
edildikdən sonra yeni dövrün gənc və intellektual, kommunizmin və “sosialist
inqilabının" “işıqlı ideyaları" yabançı olan nümayəndələri ilə çiyin-çiyinə
işləyənlərin çoxuna yeni dövlətçiliyin yaradılmasında iştirak etmək imkanı
verilmişdi. Nəsillərin dəyişməsinin təkamül yolu ilə, simmetrik şəkildə baş
verdiyi, əvvəlki nəsillərin təcrübəsinin əxz edildiyi, gələcək inkişafın yeni
meyillərinin formalaşdığı vaxtda dövlətçilik baxımından yanaşmanın mahiyyəti
bundan ibarət idi. Bəzən qeyri-populyar qərarlar qəbul etmək lazım olduğu yeni
şəraitdə həmin gənclərin çoxu özünü doğrultdu.
70-ci illərdə olduğu
kimi, ötən əsrin 90-cı illərinin ortalarında da Heydər Əliyevin komandasında
kadr dəyişiklikləri və təyinatlar başlananda ilk növbədə vicdanlılığı və
dövlətçilik ideyalarına sədaqəti şübhə doğurmayan insanlara ehtiyac vardı.
Dövlətçilik ideyalarından danışarkən istərdim ki, bu məsələ başqa cür deyil,
məhz bu şəkildə başa düşülsün. Heç kəs və heç vaxt hakimiyyətdə olanlara sədaqət
barədə danışmırdı, hərçənd, dövlət strukturlarında işləyən insanlar üçün ləyaqət
və loyallıq həmişə prioritet məsələ olmuşdur və indi də belədir. Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi dövrdə, habelə indi İlham Əliyevin prezidentliyi
dövründə yalnız dövlətçiliyə, Vətənə sədaqət, əməksevərlik və məsuliyyət,
təşəbbüskarçılıq və təvazökarlıq əsas məsələlərdir və bunlar millətin və
dövlətin maraqlarını qəti şəkildə həmişə öz mənafeyindən və xeyrindən üstün
tutmaq deməkdir. Müasir Azərbaycan elitasının yerinin və rolunun başa
düşülməsinin əsası budur. Elita o şəxslərdir ki, onlar üçün Azərbaycan təkcə
hamıya məlum olan “Odlar yurdu", doğulduğu yer, insana çörək və iş vermiş
torpaq, dostların və qohumların olduğu məkan deyildir. Azərbaycanın milli
elitasının əksəriyyəti üçün bu, uğrunda hər kəsin hər şeyi qurban verməyə hazır
olduğu müqəddəs anlayışdır.
Təəssüflər olsun, bu illər ərzində elələrini
də görmüşük ki, onlar hansısa ictimai, yaradıcı və başqa vəzifə tutmuş, lakin
zamanın sınağından çıxa bilməmişlər. Özlərinin merkantil maraqları naminə milli
mənafelərə xəyanət yoluna qədəm qoyanlar, ümumiyyətlə yeni şəraitə, yeni həyatın
prinsiplərinə uyğunlaşa bilməyənlər də olmuşdur. Aydındır ki, bütün bunlardan
yaxa qurtarmaq mümkün deyildi, çünki keçid dövrünə xas olan çətinliklər
insanların mənəvi-siyasi keyfiyyətlərinə çox vaxt mənfi təsir göstərir. Belə
proseslərə hazır olmadığımızı desəm, özüm-özümü aldatmış olardım. Əlbəttə, bizim
hər birimiz hiss edir və başa düşürdük ki, bir sıra mənfi problemlər, o cümlədən
insan amili yeni və güclü dövlət quruculuğunu birmənalı şəkildə çətinləşdirəcək
və bunlara qarşı əsaslı şəkildə və güzəştsiz mübarizə aparmaq lazımdır. Bununla
əlaqədar, S.Hantinqtonun “Biz kimik?" kitabındakı aşağıdakı sözlər yadıma düşür:
“Vətəndaş müharibəsi başa çatandan sonra Ceyms Rassel Louellin dediyi kimi bu,
“millət naminə çox baha başa gəldi". Lakin müharibə həqiqətən milləti yaratdı.
Amerika milləti müharibədə yarandı və qardaş qırğınından sonrakı onillikdə
yetkinləşdi. Onunla bərabər Amerika millətçiliyi, vətənpərvərlik və
amerikalıların əsrlər boyu özlərini misilsiz şəkildə ölkə ilə eyniləşdirməsi
yarandı" (С.Хантингтон. Кто мы? М., 2004, стр. 190). Eynilə Azərbaycan cəmiyyəti
də çətin sınaqlardan, sarsıntılardan və transformasiya dövründən keçərək,
homogen (yekcins) struktur kimi bərkimiş və yeni vətəndaş obrazı yaratmışdır.
90-cı illərin əvvəlindəki oxlokratiya bəlkə də qarşıdakı universal
demokratik dəyərlərə transformasiyanın mühüm elementi idi və yəqin ki, cəmiyyət
dövlətçiliyin inkişafının bu dərəcədə ağrılı dövrünü keçməliydi. Ernst Nikiş
haqlı olaraq yazır: “Hakimiyyətdə olanların təsir göstərmək imkanları kölgədə
qalaraq iflic olduğu və ya neytrallaşdığı vaxtda avam kütlənin hakimiyyəti
yaranır, bu hakimiyyət kütlələri azad edir, onları yüksək təbəqəyə tabe olmağa
məcbur etmir və beləliklə, demokratiyanın özünün məqsədindən yan keçir"
(http://www.nb-info.ru/nb/nb261006.htm).
Bu, bizim bu və ya digər
şəkildə üzləşdiyimiz labüdlük idi. Lakin sonradan kobud səhvlərə və siyasi
risklərə yol vermədən elitanı təkamül yolu ilə transformasiya etməyə müvəffəq
olduq. Bu, çox vacib məsələdir və elitanın özünün daxilində dinamik inkişafın
olmasını, oxlokratiyanın mövcud qaydasını apriori, təsdiq kimi qəbul edən
komformist təbəqələrdən “azad olmağı" nəzərdə tuturdu. Heydər Əliyevlə birlikdə
hakimiyyətə gəlmiş elita bu yolla dövlətçiliyin möhkəmlənməsi və siyasi
sabitliyin təmin olunması missiyasını uğurla yerinə yetirə bildi və perspektivdə
onun vəzifəsi sabitliyin təmin edilməsinin bərqərar olmuş bu formatını qoruyub
saxlamaqdan və idarəçilərin yeni nəslinə verməkdən ibarətdir.
Qloballaşma və ölkənin inkişafının sürətlənməsi şəraitində elita özü
təkbaşına yüksək intellektual potensial yaratmaq və onu saxlamaq iqtidarında
deyildir. Qlobal miqyaslı dəyişikliklər, təfəkkürün transformasiyası və
postmodernin gətirdiyi yeni davranış normaları keyfiyyətcə yeni idarəçilər –
menecerlər tələb edir. Ona görə də qarşıdakı illərdə iqtidarın vəzifəsi bir növ
“millətin intellektual və yaradıcı resursunu", insan kapitalının bazisini
formalaşdırmaqdan ibarətdir. İnkişaf etmiş demokratiyalar bu yolu çoxdan
keçmişdir və biz “Amerika kəşf etmirik". “İnsan kapitalı" ideyasının
gerçəkləşdirilməsi bizə gələcəkdə azərbaycanlı məmurun, tələbənin, sahibkarın,
ictimai xadimin və s. obrazını və formasını əhəmiyyətli dərəcədə dəyişməyə imkan
verəcəkdir. Beləliklə, bizim vəzifəmiz innovasiya təfəkkürünə malik və
cəmiyyətin, dövlətin daha intensiv və dinamik transformasiyasına kömək edəcək
kadrlar yetişdirməkdir.
Lakin bu təşəbbüsün həyata keçirilməsi yolunda
biz yerlərdə mövcud olan bir sıra başqa məsələləri həll etməliyik. Dövlət
qulluqçuları qarşısında yüksək tələblər qoyulmasına baxmayaraq, keçmişin ətaləti
nazirliklərin və müxtəlif dövlət müəssisələrinin idarə, şöbə və başqa
bölmələrinin rəhbərlərinin ciddi qüsuru və onların transformasiyasına əsas
maneədir. Biz Azərbaycanın nümunəsində görürük ki, siyasi elita iqtisadi
inkişafın yüksək sürətini təmin etməyə qadirdir, lakin bəzən yerlərdə müasir
sosial standartları formalaşdırmaq, ilk növbədə, yeni nəslin potensialının
düzgün tətbiq edilməsi arzusunun olmaması və ya bunu bacarmamaq problemi ilə
üzləşirik. Təsərrüfat idarəçiliyi strukturlarının bəzi rəhbərləri hələ də vaxtı
keçmiş kateqoriyalarla düşünür ki, bu da gənc, intellektual və kreativ kadrların
irəliləməsi yolunda süni maneələrə çevrilir. Millətin intellektual və yaradıcı
resursuna bu cür münasibət yolverilməzdir. Ona görə də
dövlət
strukturlarında kadrların transformasiya imkanlarını və hər bir qulluqçunun
müvafiq potensialını hərtərəfli təhlil etmək lazımdır. Bəzən mən öz əməkdaşını
düz on il eyni vəzifədə saxlayan dövlət strukturunun rəhbərini başa düşməyə
çətinlik çəkirəm. Belə halda sual doğur ki, əgər əməkdaş uğurla çalışırsa və
normal mənəvi-əxlaqi keyfiyyətləri varsa, onun rotasiyası və nəticə etibarilə
vəzifəsinin artırılması barədə vaxtında düşünməyə dəyər. Lakin əgər onun ixtisas
səviyyəsinin aşağı, işinin səmərəsiz olduğuna görə vəzifəsinin artırılacağı
gözlənilmirsə, onda belə bir sual vermək lazımdır: təqsirkar kimdir – işçinin
seçilməsinə vicdanla yanaşmayan və ya onun qarşısında vəzifələri düzgün qoymayan
rəhbər, yoxsa təhsil səviyyəsinin və digər şəxsi keyfiyyətlərinin aşağı olmasına
görə öz vəzifələrinin öhdəsindən gələ bilməyən əməkdaş?
Demək lazımdır
ki, reallığın və praktikanın göstərdiyi kimi, çox vaxt peşəkarlıq, intellekt və
kreativlik daha az tələb edilən keyfiyyətlərə çevrilir, çünki dövlət
müəssisələrində – nazirliklərdə, komitələrdə, regional strukturlarda şəxsi
sədaqət prinsipi hələ də üstündür və bu, xidməti vəzifədə irəliləyiş üçün əsas
götürülür. Söhbət üzdəniraq proteksionizmdən gedir. Yeri gəlmişkən, Prezident
İlham Əliyev bu yaxınlarda “Azərbaycan XXI əsrdə – uğurun strategiyası"
mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə səmərəli dövlətçilik
strukturunun təşəkkülündə bizim mübarizə apardığımız və daha da sərt mübarizə
aparacağımız mənfi amillərdən bəhs edərkən bu məsələyə də toxunmuşdur. Kadrları
rəhbərlərə münasibətdə yarınma, yaltaqlıq səviyyəsinə görə qiymətləndirmək
qətiyyən yolverilməzdir. Ölkənin gələcəyi haqqında, onun perspektivləri barədə
düşünən, Azərbaycanı insanların yaşayışı üçün əlverişli ölkəyə çevirməyə
çalışanlar arasında belələrinə yer yoxdur və olmamalıdır.
Bizim üçün hər
bir insan qiymətlidir, məhz buna görə də Prezident İlham Əliyev qarşıdakı beş il
üçün insan kapitalının inkişafını prioritet vəzifə kimi müəyyən etmişdir.
Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin
inkişaf etdirilməsi, yeni menecerlər sinfinin yaradılması, intellektin
perspektivdə sürətli inkişafın prioritet amili kimi müəyyən edilməsi bu ideyanın
əsas elementləridir. Bunun mahiyyəti ondan ibarətdir ki, yaradıcı zəka
sahibləri, intellektual, kreativ kadrlar, gənc və qabiliyyətli insanlar dövlətin
və cəmiyyətin lazımi diqqətindən kənarda qalmasınlar.
XXI əsrdə milli
elitaya qarşı sürülən tələblər keçmişdəkindən fərqlidir. İndi elita təkcə
bütövlükdə dövlətin inkişafına görə cavabdeh olan insanlar qrupunun
formalaşmasına görə məsuliyyət daşımır. Müasir şəraitdə yeni dövrün
peşəkarlarının, innovasiya təfəkkürünə malik olan, iqtisadiyyatla, sosial,
daxili və xarici siyasətlə bağlı problemlərin qeyri-standart həlli yollarını
tapmağı bacaran insanların idarəçilər sisteminə cəlb edilməsi vəzifəsini məhz
elita öz üzərinə götürməlidir. Bu təşəbbüs, ilk növbədə, artıq formalaşmış
elitanın mövcud qrupundan gəlməlidir, ən azı ona görə ki, o, idarəetmənin bir
keyfiyyət səviyyəsindən digərinə böhransız və planlı şəkildə keçidi təmin
edəcəkdir. Başqa sözlə desək, bizə düşünən, özünə tənqidi yanaşan, öz
hərəkətlərinə inamı olan və daxilən sərbəst şəxsiyyətlər lazımdır. Dövləti
simasız fərdlər deyil, məhz məsuliyyətli şəxsiyyətlər inkişaf etdirə və gələcəyə
doğru apara bilər; biz ətrafımızda baş verən proseslərin komplekslərdən əziyyət
çəkən subyektlərini yox, məhz öz işinin peşəkarlarını, kreativ mütəxəssisləri
tərbiyə etməliyik.
Beləliklə, gördüyümüz kimi, son iki onillikdə
Azərbaycanda elitanın dəyişməsi üç formada baş vermişdir:
•
“yuxarıdan" – Bu, Moskvanın Ə.Vəzirovu ölkə rəhbəri təyin etməsi və bunun
nəticəsində yeni elitanın toplanmasıdır. Əvvəlki elitanı onun “zəifləməsinə"
görə deyil, “yeni" siyasətin həyata keçirilməsi məqsədi ilə əvəz edirdilər və bu
siyasət ölkəni fəlakətə gətirib çıxardı. Yenə də Moskvanın təyin etdiyi
A.Mütəllibov faktik olaraq, Ə.Vəzirov ilə eyni sxem üzrə hərəkət edirdi;
• “aşağıdan" – Ə.Əliyevin (Elçibəyin) xalq çıxışları və nəticə
etibarilə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi. Bu rejim praktik
olaraq, hər yerdə elitanın dəyişdirilməsi ilə səciyyəvi idi. Heydər Əliyev də
hakimiyyətə kütləvi xalq çıxışları nəticəsində və ölkə parlamenti deputatlarının
tələbi ilə gəlmişdi. Bütün bunlar Ə.Elçibəyi və onun komandasını hakimiyyəti
Heydər Əliyevə təhvil verməyə məcbur etdi;
• elitanın “rəvan"
əvəz edilməsi Prezident İlham Əliyev ilə bağlıdır. Onun kadr siyasəti, yəni
elitanın dəyişdirilməsi varisliklə səciyyələnir; bu, o deməkdir ki, elitanın
yeniləşməsi zəruri hallarda yeni nəsil insanların hesabına baş verir.
Azərbaycan öz tarixi inkişafının yeni fazasına daxil olmuşdur, milli
elitarizm nəzəriyyəsinin yeni konsepsiyasını xarici zərurət deyil, daxili
zərurət, yalnız milli maraqlar və ictimai sifariş formalaşdırır. Bu
konsepsiyanın mahiyyəti varislik və innovasiyalılıqdan ibarətdir. Bu iki tərkib
hissə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham
Əliyevin səmərəli şəkildə reallaşdırdığı siyasətin mahiyyətini müəyyən edir.
Ən yeni tarixi yaradarkən
Elita problemi müasir
Azərbaycanın sosial-siyasi modernləşməsinin bəlkə də təməl daşı, həlledici
amilidir. Hərçənd, yeni elitanın formalaşması uzun sürən prosesdir, bu, təkcə
yeni məsuliyyətli və peşəkar liderlərin hazırlanması deyil, həm də vətəndaş
cəmiyyətinin və cəmiyyət ilə iqtidar arasında şəffaf münasibətlərin qurulması
deməkdir. Həm də yadda saxlamaq lazımdır ki, cəmiyyətdə yeni dövrün vəzifələrinə
cavab verən yeni elita mühiti yalnız siyasi, iqtisadi və sosiomədəni sabitlik
şəraitində formalaşır.
2008-ci ilin sonu elə bir dövrdür ki, biz
cəmiyyətin və dövlətin təbii inkişaf prosesinə uyğun gələn kreativ elitanı necə
formalaşdırmaq barədə düşünməliyik. Tamamilə aydındır ki, müasir tələblərə cavab
verən yüksək idarəetmə elitası korpusu çox qısa müddətdə yarana bilməz. Həm də,
yuxarıda qeyd edildiyi kimi, “kadr skeleti"nin kəskin dəyişməsi çox ağrılı və
müəyyən mənada təhlükəli prosesdir. Elitanın strukturunda gözlənilməz
dəyişikliklər birmənalı olaraq sabitliyin pozulmasına, çox vaxt dövlətin idarə
edilməsinin zəifləməsinə gətirib çıxarır, ideya və baxışların ictimai inkişafına
yabançı olan kənar təsirlər və zorakılıq üçün imkan yaradır. Müstəqilliyin ilk
illərində, “elita" mənfi anlayışa çevriləndə və hakimiyyətə gəlmiş bir dəstə
siyasətbaz keçmiş İttifaqın bütün mirasını, – onlar ölkənin siyasi, iqtisadi və
yaradıcı elitasına məhz bu gözlə baxırdılar, – süpürüb atmaq vəzifəsini qarşıya
qoyanda biz bir növ boşluqla üzləşdik, ölkə birdən-birə parçalanma həddinə
çatdı. Lakin hələ Platon belə hesab edirdi ki, filosofları kütlədən,
“qaragüruhun" hakimiyyətindən müdafiə etmək, qorumaq lazımdır. Çünki cəmiyyət
üçün ən təhlükəli vəziyyət hakimiyyətsizlik, xaos, “hamının hamıya qarşı
mübarizəsidir”. Özü də bu halda qaragüruh dedikdə, hakimiyyətdə olmayanlar
deyil, idarə etməyi bacarmayanlar nəzərdə tutulur.
Təbii ki, demokratik
elitanın formalaşmasına inkişafın bir üsulu kimi təkcə siyasi mübarizə
praktikası kömək etmir, bunun üçün onunla bərabər, ictimai inkişafın başqa
amillərinin də olması zəruridir. Yeni dövrün idarəetmə qrupunu formalaşdırmağın
mümkün yollarından və amillərindən yalnız bəzilərini qeyd etmək istərdim:
– milli mənlik şüurunu qorumağa və Azərbaycan cəmiyyətinin milli
ideyasını formalaşdırmağa imkan verən baxışların saxlanması və çoxaldılması;
– siyasi liderliyin institusionallaşması və peşəkarlaşması, rasional
elitar bürokratiyanın formalaşması;
– vətəndaş cəmiyyətinin qorunub
saxlanması və inkişaf etdirilməsi, dövlət idarəçiliyi sisteminin maksimum
demokratikləşməsi və şəffaflığı;
– qanunun tələblərinin həm hakimiyyət
orqanlarının özləri və onların ayrı-ayrı nümayəndələri tərəfindən yerinə
yetirilməsi, həm də vətəndaşlar tərəfindən qanuna tam əməl olunması;
–
“nə bahasına olursa-olsun" ideyasından imtina edilməsi, demokratiyaya zidd norma
və prinsiplərin qəbul edilmədiyi sivil cəmiyyət üçün təbii mühitin yaradılması;
– plüralizmin, ümumən demokratiyanın, yerli özünüidarənin və vətəndaş
cəmiyyəti tərəfindən hakimiyyətə nəzarətin başqa formalarının inkişaf
etdirilməsi.
Ötən illər vətəndaş cəmiyyətinin və keyfiyyətcə yeni
idarəçilər qruplarının formalaşması prosesinin nə qədər mürəkkəb və ziddiyyətli
olmasını göstərmişdir. Bunu başa düşmək lazımdır ki, indiki milli elita keçən
əsrin 80-ci illərinin ortalarından 90-cı illərin ortalarına qədər bir neçə
ardıcıl dəyişmələrin nəticəsidir. Bu dəyişmələr isə son dərəcə ağrılı şəraitdə
keçmiş və əsasən, dövlətçiliyin laxlamış vəziyyəti, cəmiyyətdəki parçalanma, onu
sıx birləşdirən ideoloji baxışların olmaması, konsensusa gəlmək bacarığının
yoxluğu ilə əlaqədar idi.
Ənənəvi elitanın özünü təcrid etməsi,
fəaliyyətsizliyi az qala ölkəni tamamilə dağılmaq, parçalanmaq həddinə
çatdırmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda,
ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində bu parçalanmanın qarşısı
alındı. Ona görə də mən ötən illərin təcrübəsinə əsaslanaraq, postsovet dövrü
siyasi elitasının formalaşması mərhələlərini Azərbaycanda elitaların
transformasiyasının altı əsas dövrü kontekstində təsəvvür edirəm:
1.
“Yenidənqurma" dövrü (1985-1988). İctimai-siyasi xarakterli tədrici
dəyişikliklər sovet elitasının, nomenklaturasının onun üçün yeni fəaliyyət
növlərinə qoşulmasına şərait yaradır. Bu, kooperasiya hərəkatı, iqtisadi sahədə
xəlvəti kapitalın nisbi payının ilk dəfə qiymətləndirilməsi dövrü idi və s.
Ölkədə ictimai həyatın demokratikləşməsi deyilən istiqamətdə nəzərəçarpan ilk
“hərəkətlər" baş verir, əslində isə bütün bunlar siyasi, iqtisadi və sosiomədəni
həyatın daha güclü deformasiyasına kömək edir.
2. Dəyişikliklər dövrü
(1988-1991). Partiya-təsərrüfat nomenklaturası ölkənin inkişafının
institusional, iqtisadi və siyasi şəraitinin dəyişməsində fəal iştirak etməyə
çalışır. Bu, yeni oyun qaydalarının müəyyən edildiyi, aktorlar qismində yeni
oyunçuların çıxış etdiyi dövrdür. Ümumi siyasətin və biznesin tamamilə yeni
sahələrinin meydana çıxması elitanın kadr korpusunun toplanması üçün əvvəllər
məlum olmayan kanallar açır. Dövlət hakimiyyətinin ali təbəqələrinin
düşünülməmiş, bir çox cəhətdən səhv olan yeniləşməsi, sonra isə kadrların
“küçədən gəlmiş adamlar" hesabına tamamlanması məhz bu dövrə təsadüf edir.
Ölkəni iflic vəziyyətinə salmış iqtisadi böhranın davamı və elita mühitində
ixtilafların nəticəsi kimi SSRİ-nin dağılması başlayır, bu isə sonda siyasi
elitanın köhnə və yeni təbəqələrində çox mühüm dəyişikliyə səbəb olur.
3. Qarşıdurma dövrü (1991-1993). Bazar münasibətlərinə açıq
keçid, dövlət hakimiyyəti orqanlarının islahatı və intensiv siyasi natamamlıq
şəraitində dövlət idarəetmə sisteminin əsas qolları: prezident administrasiyası,
hökumət, parlament, biznes elitası formalaşır. Bu mərhələnin əsas
xarakteristikası sistem daxilində sərt qarşıdurmanın olmasıdır. Qüvvələrin dəqiq
qütbləşməsi baş verir, elita qruplaşmalarının yeni konfiqurasiyası yaranır.
4. Sabitləşmə dövrü – intensiv transformasiya vaxtı (1993-2003).
Bu mərhələnin siyasi prosesini iki əsas meyil müəyyənləşdirir. Bunlardan
birincisi, sabitliyi möhkəmlətmək istiqamətində hərəkət, səmərəli dövlətçilik
yaradılması, regionda iqtisadi dominant kimi ölkənin daxili imkanlarının
formalaşması idi. Digər meyil intensiv transformasiya dövründə xüsusi əhəmiyyəti
olan bir sıra məsələlərə dair ictimai konsolidasiyanı təmin etmək səyləridir.
5. Demokratik konsolidasiya prosesinin başlanması (2003-2008).
Sabitləşmə və qərarların qəbul olunması fazaları başa çatdıqdan sonra siyasi
proses yeni xüsusiyyətlər kəsb edir, ölkədə tədricən yeni siyasi məkan
formalaşır və ön səhnəyə yeni aktorlar çıxır. Dövlətin iqtisadi inkişafı sosium
daxilində yeni qarşılıqlı münasibətlərin bazisini yaratmağa imkan verir,
davranışın yeni stereotip və normalarını doğurur, vətəndaş cəmiyyətinin təməlini
qoyur.
6. Kadrları cəlbetmə fazası (2008-ci il-dən başlayaraq).
Qarşıdakı illərdə əsas vəzifə gənc nəslin nümayəndələri sırasından yeni siyasi,
iqtisadi, elmi və yaradıcı elita formalaşdırmaqdır.
Ölkənin gələcək
inkişafı elitaya münasibətdə həm peşəkarlıq, kreativlik baxımından, həm də
siyasi məsuliyyətin artması mövqeyindən daha yüksək tələblər irəli sürür. Bu,
təkcə mənim şəxsi mülahizələrimin nəticəsi deyil, obyektiv meyildir, Azərbaycan
cəmiyyətinin inkişaf perspektivlərini görənlərin hamısı bu meyillə
hesablaşmalıdır.
Hesab edirəm ki, bu gün müasir elitanın keyfiyyəti ilə
bağlı əsas tələblər yüksək təhsil səviyyəsi, peşəkarlıq, məsuliyyət, qəbul
edilən qərarların nəticəsini irəlicədən görmək qabiliyyəti, proqnozlaşdırma
bacarığıdır. İqtisadi yüksəlişin keyfiyyəti və sürəti, dövlətin gücü və
səmərəliliyi ümumən elitanın keyfiyyətindən və kadrların potensialından
asılıdır. Prezidentin fikrincə, intellektual və gənc kadrları iqtisadiyyata,
dövlət idarəçiliyinə və sosial sahəyə cəlb etmədən ölkənin dinamik inkişafını
təsəvvür etmək mümkün deyildir. “Qara qızıl"ın intellektual kapitala çevrilməsi
üçün Prezidentin qarşıya qoyduğu vəzifə bu tezisin əməli şəkildə
reallaşdırılmasıdır.
Şübhəsiz ki, Prezident İlham Əliyev elitada
obyektiv dəyişikliklər prosesini sürətləndirmişdir. Peşəkarlıq və kreativlik
geriliyi və savadsızlığı, əvvəlki bürokratik ənənələri idarəetmə sistemindən
sıxışdırıb çıxarmağa başlamışdır, çünki cavan və dinamik Prezidentin özü yeni
idarəçilər nəslinin nümunəsidir. Bu proses rəvan şəkildə, süni yollarla
sürətləndirilmədən gedir, çünki məhz liderliyin təbiətinə xas olan
keyfiyyətlərin düzgün başa düşülməsi indiki Prezidentə qlobal
transformasiyaların meyarlarına adekvat cavab verən gəncləri öz komandasına cəlb
etməyə imkan yaradır.
Son illərdə dövlət idarəçiliyi sisteminə yaxşı
təhsil almış, elmi biliklərə yiyələnmiş, bir neçə xarici dil bilən xeyli gəncin
gəlməsinə baxmayaraq, hər halda, bu cür insanları və ali təhsil müəssisələrində
aldıqları standart biliklər toplusuna malik fərdləri müqayisə etmək olmaz.
Görünür, bu meyli bir qədər dəyişmək və mövcud uyğunsuzluğu aradan qaldırmağa
çalışmaq gərəkdir. Heç şübhəsiz, bu məsələdə ehtiyatlı olmaq, götür-qoy etmək
lazımdır. Elitanın kor-koranə transformasiyası risklə bağlıdır və bu, əks səmərə
verə bilər. Eyni zamanda, biz milli təhsil mühitinin inkişafına daha artıq
diqqət yetirməli, təhsil müəssisələrində tədrisin keyfiyyət səviyyəsini ciddi
şəkildə yüksəltməliyik. Özü də bu işə məktəb partasından başlamaq lazımdır,
çünki milli elitanın gələcək nümayəndələri məhz orada formalaşır.
Açığını deyirəm, bəzən biz yeni nəslə mənsub olan, əslində isə
peşəkarlığı, mənəvi cəhətləri, məsuliyyət hissi və dövlətçilik təfəkkürü lazımi
səviyyədə olmayan rəhbərlərin keyfiyyətinin şişirdilməsi halları ilə üzləşirik.
İdarəetmədə “menecerizm" bürokratiyaya qarşı qoyulur. XXI əsrdə idarəçinin əsas
məziyyətləri olan fundamental təhsil, peşəkarlıq və kreativlik mənəvi məsuliyyət
və dövləti təfəkkür tərzi ilə, yəni öz qərarını dövlətin maraqları və dövlət
üçün məqsədəuyğunluq mövqeyindən qiymətləndirməyə hazır olmaq keyfiyyətləri ilə
tamamlanmalıdır. Kosmopolitizmin qloballaşmaqda olan dünyanın cəmiyyətimizi
bürüyən bir amil olması barədə danışanlar bizə yabançıdır, çünki Azərbaycana
məhəbbət Vətən ideyasının bütün dünyaya şamil edilməsini, milli bənzərsizlikdən,
milli ənənələrdən və mədəniyyətdən imtina olunmasını, öz milli maraqlarımıza
biganəliyi qəbul etmir. Azərbaycançılığın – bizim tarixə, dilə, dinə,
mədəniyyətə, milli bənzərsizliyə, öz ənənələrimizə, keçmişimizə, bu günümüzə və
gələcəyimizə münasibətimizi müəyyən edən ideologiyanın mahiyyəti bundan
ibarətdir.
Təəssüf ki, cəmiyyətimizin müəyyən xarici dairələrin
mənafelərinin təmsilçiləri kimi çıxış edən ayrı-ayrı nümayəndələrinin
hərəkətlərini normal şüur qəbul etmir. Onlar milli dövlət quruculuğunun sağlam
məntiqinə zidd olan mövqeləri açıq-aşkar təbliğ etməklə, əslində milli xəyanət
yoluna, yəni öz millətinin həqiqi mənafelərindən üz döndərmək yoluna qədəm
qoyurlar. Belə bir fakt təəccüb doğurur ki, cəmiyyətin kütləvi informasiya
vasitələri tərəfindən hərdən əks-elita kimi yetişdirilməyə cəhd göstərilən bəzi
nümayəndələri hələ də o inamla yaşayırlar ki, ölkəmiz barədə qərarlar kənarda
qəbul edilir. Elə buna görə də onlar özlərinin hərəkətlərinə, aksiyalarına və
sözlərinə kənarda dəstək axtarırlar. Yeri gəlmişkən deyim ki, bu, onların əsas
xüsusiyyətinə çevrilmişdir. Bu fikir bəlkə də bir qədər sərt səslənəcək, amma
açıq deməliyəm ki, başqa xalqlarda buna oxşar keyfiyyətlərə az-az rast gəlmək
olar. Onlar öz problemlərini öz evlərində həll edirlər.
Başa düşmək
lazımdır ki, formalaşmaqda olan dünya nizamı şəraitində cəmiyyətin və dövlətin
səmərəli inkişafına yalnız ümumi nailiyyətlərə və problemlərə konsolidasiya
edilmiş yanaşma, milli inkişafın ən mühüm məsələlərinə dair konsensus kömək edə
bilər və edəcəkdir. Dərk etməliyik ki, uşaqlarımız azad və müstəqil Azərbaycanda
yaşamalıdırlar, Azərbaycan isə yalnız o halda azad və müstəqil ola bilər ki, biz
hamımız öz uğurlarımıza və problemlərimizə eyni mövqedən yanaşaq. Özümüz üçün
dəqiq müəyyən etməliyik ki, azadlıq və müstəqillik dedikdə, biz ölkənin hər bir
vətəndaşının firavanlığı naminə inkişafı başa düşürük. Əgər milli elita özünü
cəmiyyətin konsolidasiyası və birləşməsi ideyasının daşıyıcısı kimi görməsə,
suveren inkişaf barədə danışmağımız bir qədər çətin olacaqdır. Çünki müasir
dünyada müstəqil ölkəni öz baxışlarını reallaşdırmaq məkanına çevirməyə, onu
ayrı-ayrı geosiyasi və geoiqtisadi maraqların gerçəkləşməsində vassala və
əlaltıya çevirməyə çalışan qüvvələr çoxdur.
Bütün bu tezislər bu gün
Azərbaycanın səadəti naminə yaşayan və işləyənlər üçün də aktualdır. Ona görə
müasir inkişafın başqa komponentlərini də unutmaq olmaz.
Dövlət
məmurunun mənəvi-əxlaqi keyfiyyətləri onun cəmiyyətlə səmərəli qarşılıqlı
əlaqəsinin ən mühüm tərkib hissəsidir. İstənilən səviyyəli məmur başa düşməlidir
ki, o, heç də hamıdan yüksəkdə dayanmır, əksinə, xalqın iradəsinin icraçısıdır.
Dövlət hakimiyyətinin, iyerarxiya “nərdivanının" hər pilləsində, – istər
Prezident Administrasiyası olsun, istər rayon icra hakimiyyəti, – hər bir məmur
cəmiyyətin və dövlətin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməlidir. Bu
həqiqət dərk edilməsə, özünü səmərəli dövlətçilik qurulmasının bir hissəsi,
artıq yük kimi deyil, bir-birini qarşılıqlı şəkildə tamamlayan amillər kimi
çıxış etməli olan insanlardan ibarət komandanın üzvü kimi görməyənlərlə işləmək
bizim üçün çətin olacaqdır. Bununla bərabər, milli mədəniyyətin mənimsənilməsi
və milli mənlik şüurunun formalaşması Azərbaycan elitasının həmrəyliyinin
formalaşmasının əsas prinsipidir.
Bu məqamda Amerikanın İstiqlaliyyət
Bəyannaməsinin müəllifi Tomas Ceffersonun sözlərini xatırlayıram. Zənnimcə, bu
sözlər Vətənə həqiqi məhəbbət hissi ilə yaşayan və onun tərəqqisi naminə xidmət
etmək niyyətində olan hər bir Azərbaycan vətəndaşının demək istədiklərini çox
gözəl əks etdirir. O deyirdi: “Taleyin qismətindən biz dünyanın dörddə bir
hissəsini bürümüş, özü-özünü məhv edən xaosdan uzağıq; başqasının tənəzzülünə
dözmək üçün biz çox yüksək niyyətlərlə irəliləyirik; bizim varislərimizin
minlərcə nəsli üçün kifayət qədər yer olan seçmə ölkəmiz var; öz
qabiliyyətlərimizi üzə çıxarmaq, öz əməyimizin nəticələrindən bəhrələnmək, öz
həmvətənlərimizin hörmətinə və etimadına layiq olmaq üçün bərabər hüquqlara
malikik. Bu hüquqlar bizə doğulanda verilməyib, biz öz əməllərimiz sayəsində və
xalqın bu əməlləri bəyənməsi sayəsində həmin hüquqlara malikik; müxtəlif
formalarda etiqad bəslənən humanist dinimizlə ziyalanmışıq, bu formaların hər
biri namusluluq, ədalətlilik, mötədillik, Allaha şükranlıq və insanlara sevgi
duyğularını tərənnüm edir; biz Ulu Tanrının qüdrətini qəbul edir və ona səcdə
edirik, bu qüvvə isə özünün ilahiliyi ilə sübut edir ki, o, insanlara səadət,
onların xələflərinə daha artıq səadət arzulayır. Bizim xoşbəxt və tərəqqi edən
xalqa çevrilməyimiz üçün daha nə lazımdır? Ey mənim həmvətənlərim, bunun üçün
yalnız bir şey lazımdır: insanların bir-birinə zərər vurmamasına nəzarət edəcək,
qalan məsələlərdə, hansı əməklə məşğul olmaq və maddi rifaha necə nail olmaq
məsələsini həll etməkdə isə onlara sərbəstlik verəcək müdrik və qənaətcil
hökumət" (İnauqurasiya müraciəti, Vaşinqton, 4 mart 1801-ci il).
Konsepsiya və ideyaların konseptual və novator ideyalarla deyil,
texnologiyalarla və ya ümumi məntiqə uyğun olaraq operativ qərarlarla əvəz
edildiyi vaxt tədricən idarəetmə sahəsində yeni ideyalarla əvəzlənməlidir.
Sabitləşmə dövrü başa çatmışdır, gündəlikdə dövlətin idarə edilməsinin daha
səmərəli üsulları haqqında məsələlər dayanır.
Yeni elitaya olan obyektiv
ehtiyac onun sıralarına yaradıcı peşəkarların, hissləri deyil, hadisələri və
prosesləri düzgün qiymətləndirmək, qəbul edilən qərarların, ətrafımızda baş
verənlərin obyektiv səbəblərini görmək bacarığını rəhbər tutanların fəal surətdə
cəlb olunmasını tələb edir. Ona görə də mən tam əminəm ki, keyfiyyətli təhsilə
və mənəvi-əxlaqi xüsusiyyətlərə malik olan milli ruhlu elita həqiqi ziyalılarla
– cəmiyyətimizin ən vətənpərvər hissəsi ilə birlikdə belə təməl ola bilər və
yeni dövrdə quruculuq fəaliyyətinə hazırdır.
Dekabr 2008-ci il.