CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Lökbatan, Naftalan, Şamaxı və Yevlaxda VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Səyyar “ASAN xidmət” 7-16 noyabr tarixlərində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 7-21 noyabr tarixlərində Naftalanda, 7 noyabr-6 dekabr tarixlərində Şamaxı və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bundan başqa, səyyar “ASAN xidmət” avtobusları 24 oktyabr-7 noyabr tarixlərində Yardımlı və Neftçalada, 25 oktyabr-8 noyabr tarixlərində Xırdalan və Kürdəmirdə, 24 oktyabr-22 noyabr tarixlərində Qubada vətəndaşların xidmətində olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.