ELM VƏ TƏHSİL
“Vikipediya ensiklopediyasının nəzəri və praktik əsasları” kursu üzrə yekun imtahanlar keçirilib




Bakı, 11 noyabr, AZƏRTAC
Vikipediya virtual ensiklopediyası Azərbaycanın milli və mənəvi dəyərlərinin, o cümlədən elmimizin dünyada tanıdılması üçün ən optimal layihələrdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin qərarına əsasən Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin rolunun artırılması nəzərdə tutulub. Bu məqsədlə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Viki Mərkəz yaradılıb. Bu qurumun fəaliyyətinə vikimetrik tədqiqatlar, viki-treninq işləri, viki-monitorinq işləri, viki-mühitin kontent təminatı və Vikipediyanın populyarlaşdırılması və təbliğatı işləri aiddir.
Alim və mütəxəssislərin Vikipediya ensiklopediyasının zənginləşməsində fəal iştirakı, Azərbaycana aid kontentin virtual mühitdə artırılması üçün İTİ-də “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kurslarının keçirilməsi nəzərdə tutulub.
Viki Mərkəzdə akademiyanın institut və təşkilatlarının əməkdaşlarından təşkil olunmuş viki-qruplara mühazirə və praktiki seminarlar keçirilir. Kurs çərçivəsində AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, alimlərimizin kitab və elmi əsərlərinin Vikipediyanın tələb və standartlarına müvafiq qaydada viki-səhifələrdə yerləşdirilməsi, viki-mühitdə Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkarlanması və digər lazımi bilik və təcrübə aşılanır.
Kurs iştirakçıları yüksəksürətli internet və müasir kompüterlərlə təmin olunurlar.
Kurslar başa çatdıqdan sonra isə İTİ tərəfindən Vikipediyaya daxil edilmiş kontentlərin monitorinqi aparılır, viki-qrupların Vikipediyada fəaliyyəti təhlil edilir.
Viki Mərkəzdə növbəti “Vikipediya ensiklopediyasının nəzəri və praktik əsasları” kursunda iştirak edən şəxslərin biliklərinin yoxlanılması məqsədilə yekun imtahan keçirilib. Bu kurslarda AMEA-nın 14 institutundan 58 nəfər iştirak edib, onlardan 43-ü imtahanları müvəffəqiyyətlə başa vurub.
AMEA-nın İnformasiya Texnologiyaları, Ədəbiyyat, Torpaqşünaslıq və Aqrokimya, İdarəetmə Sistemləri, Neft-Kimya Prosesləri institutlarının əməkdaşları kurslarda daha fəal iştirak edərək virtual ensiklopediyaya onlarla məqalə yerləşdiriblər.
Kursların yay və payız semestrlərində iştirak edən və imtahanı müvəffəqiyyətlə başa vuran iştirakçılara noyabrın sonunda sertifikatların və “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktik əsasları” adlı kitabın təqdim olunması nəzərdə tutulur.