CƏMİYYƏT
“ASAN Akademiya” növbəti məzunlarını yola salıb VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya” növbəti məzunlarını yola salıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN Könüllüləri” Gənclər Təşkilatının fəaliyyətindən bəhs edib. Bildirilib artıq üç ildir fəaliyyət göstərən təşkilat bu müddət ərzində 130-a yaxın layihə həyata keçirib. “ASAN Akademiya” da bu uğurlu layihələrdən biridir. Layihə çərçivəsində bu günədək 120-yə yaxın gənc müxtəlif praktiki təlimlərə cəlb olunub. Sevindirici haldır ki, bu layihənin iştirakçılarının əksəriyyəti “ASAN xidmət” mərkəzlərində, digər dövlət orqanlarında, asan kadr xətti ilə özəl sektorlarda müxtəlif işlə təmin olunublar.
Qeyd edilib ki, Akademiyaya müraciət etmiş 555 nəfərdən seçilmiş 36 gənc layihəni uğurla başa vuraraq məzun olub. İki ay davam edən layihədə iştirakçılar öz sahələrinin peşəkarları tərəfindən keçirilən psixoloji hazırlıq, biznesin təşkili, şəxsi inkişaf və digər mövzularda müxtəlif təlim və praktiki məşğələlərdə iştirak ediblər.
Mütəmadi olaraq keçirilən “ASAN Akademiya” layihəsinin əsas məqsədi gənclərin fərdi inkişafına təkan verməklə onlara gələcək karyeralarına ilk addım atmaqda yardım etməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, idman yarışlarında respublikamızı layiqincə təmsil etmələrindən danışıb.
Gənclər Fondunun fəaliyyətindən söz açan F.Hacıyev bildirib ki, qurum Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə 2011-ci ildə yaradılıb. Əsas məqsədi hər bir Azərbaycan gəncinə öz düşüncəsini, fikrini, təşəbbüsünü reallaşdırmaq üçün imkan yaratmaqdır. Bu gün istənilən gənc Fonda müraciət edir, layihə qazanır və öz ideyasını reallaşdıra bilir. Fond maraqlı layihələri daim dəstəkləməyə çalışır. O, bu gün Azərbaycanın öz gəncliyini yetişdirməyə qadir bir dövlət olduğunu söyləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Sektor müdiri gənclər üçün yaradılan imkanlardan, onların təşəbbüslərini dəstəkləyən Gənclər Fondunun fəaliyyətindən, regionlarda inşa edilən gənclər evlərindən, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarından, gənclərimizin beynəlxalq idman və musiqi yarışlarında qazandığı nailiyyətlərdən söhbət açıb.
Azərbaycanda könüllülük hərəkatının inkişaf tarixinə nəzər salan Vüsal Quliyev “ASAN könüllüləri”nin timsalında gənclərin bu sahəyə daha çox marağının artdığını diqqətə çatdırıb. Bildirib ki, bu gün ölkəmizdə könüllülük fəaliyyətini tənzimləyən qanunvericilik bazası, habelə könüllülərin təcrübə toplaması üçün kifayət qədər qeyri-hökumət təşkilatları, habelə dövlət qurumları və özəl müəssisələr mövcuddur. Şübhəsiz ki, “ASAN xidmət” mərkəzləri könüllülər üçün ən səmərəli təcrübə məkanıdır. Könüllülər də öz növbəsində həmin mərkəzlərin aparıcı qüvvəsidir. Bu gün həmin mərkəzləri könüllülər olmadan təsəvvür etmək mümkün deyil.
Tədbirdə Milli Məclisin deputatı Vüsal Hüseynov və Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Fuad Babayev çıxış edərək könüllülərin özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirmələrində “ASAN Akademiya” layihəsinin rolunun danılmaz olduğunu söyləyiblər.
Sonda layihədə iştirak etmiş gənclər diplom və hədiyyələrlə təltif olunublar.