100-dən çox tələbə Sosial Xidmətlər Agentliyində təcrübə keçir








Bakı, 14 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin aparatı, filialları və müəssisələrində ümumilikdə 100-dən çox tələbə sosial xidmət sahəsində təcrübə proqramına cəlb olunublar.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun əməkdaşlıq etdiyi universitetlər də daxil olmaqla, ümumilikdə 7 universitetdə sosial iş ixtisası üzrə təhsil alan tələbələr Agentliyin müxtəlif struktur bölmələrində bu sahədə əyani biliklərə yiyələnirlər.
Təcrübə müddətində tələbələr sosial reabilitasiya, sosial-psixoloji, sosial-məişət xidmətləri, əlilliyi olan şəxslərin sosial müdafiəsi və s. kimi müxtəlif istiqamətlərdə praktik bacarıqlar əldə edirlər. Onlar həmçinin müvafiq hüquqi prinsipləri öyrənərək, sosial işin yüksək standartlarına uyğun fəaliyyət göstərməyə hazırlanırlar.
Təcrübə proqramı tələbələrin sosial iş sahəsində nəzəri biliklərini praktikada tətbiq etməyə, əsl iş mühitində təcrübə qazanmağa imkan verir.
Qeyd edək ki, Agentlik əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması və sosial xidmət sahəsində kadr potensialının inkişaf etdirilməsi məqsədilə Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Azərbaycan Universiteti və digər universitetlərlə memorandum çərçivəsində qarşılıqlı əməkdaşlıq edir.