REGİONLAR


100 illik şanlı tariximiz

Masallı, 9 iyul, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş “100 illik şanlı tariximiz” mövzusunda konfransda səsləndirilib.

Toplantıda çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətimizin başçısının dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında ən unudulmaz günlərdən biri olduğunu vurğulayan C.Manafov, 23 ay ərzində AXC-nin gördüyü işləri, yaradılan təsisatları, qəbul edilən dövlət rəmzlərini tariximizin ən yaddaqalan səhifələri kimi dəyərləndirib. Bildirilib ki, ilk müstəqil dövlətimizin ömrü az olub. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Lakin xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməyib. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrunda mübarizəsi öz bəhrəsini verib, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Diqqətə çatdırılıb ki, bərpa edilmiş müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi ilə yenidən respublikaya rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək masallılı gənclərin dövlətimizin başçısının apardığı müdrik siyasəti dəstəklədiyini və onun ətrafında sıx birləşdiyini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.