REGİONLAR
Qərb bölgəsinə ekskursiya məktəblilərə unudulmaz təsir bağışlayıb VİDEO
Gəncə, 15 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfərə çıxan iştirakçıları üçün Gəncədə “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışmada Sumqayıt, Qaradağ, Xəzər, Pirallahı, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan 500-ə yaxın məktəbli mübarizə aparıb. 59 komandanın iştirak etdiyi yarışda məktəblilərə müxtəlif sahələrə aid 24 sual təqdim olunub.
Sualların əksəriyyətini düzgün cavablandıran Sumqayıtın “Lider” və “Spartak” komandaları I, III, Xəzər rayonunun “Motsart” komandası isə II yerləri bölüşüblər.
Yarış iştirakçılarına sertifikat, qaliblərə isə kubok və diplom təqdim olunub.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının üzvləri IDEA İctimai Birliyinin nəcib təşəbbüsünə də qoşulublar. Məktəblilər “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində Gəncənin Heydər Əliyev Park Kompleksində 500 ağac əkiblər.
Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə hərəkət edən 470 məktəblisi üçün maarifləndirici tur-aksiya xoş və zəngin səfər təəssüratları ilə başa çatıb. Qərb bölgəsinə ekskursiya məktəblilərə unudulmaz təsir bağışlayıb.