CƏMİYYƏT
Xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək məqsədilə hazırlanan yeni sosial çarxın təqdimatı keçirilib VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Qorxma, mən səninləyəm - xüsusi qayğıya ehtiyacı olan gənclərə sosial dəstək” layihəsi çərçivəsində hazırlanan videoçarxın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri Şəhriyar Möhsümov görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib. Ş.Möhsümov bildirib ki, layihənin əsas məqsədi əhalinin həssas qrupu olan uşaq evlərində və internat məktəblərindəki gənclərə cəmiyyətin hər bir üzvünün fərdi dəstəyinin önəmini vurğulamaqla sosial mesajın verilməsidir. Layihə çərçivəsində Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin, idmançıların iştirakı ilə sosial çarx çəkilib. Sosial çarxın KİV-lər və sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Aişə Məhərrəmova xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək məqsədilə belə təşəbbüslərin reallaşdırılmasının önəmini vurğulayıb. A.Məhərrəmova bildirib ki, Fondun VIII qrant müsabiqəsi çərçivəsində internat məzunları və cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərə dəstək məqsədilə yeni istiqamət müəyyən edilib. VIII qrant müsabiqəsi çərçivəsində 700-dən artıq layihənin təsdiqləndiyini deyən A.Məhərrəmova bu istiqamətdə 40-dan artıq layihənin dəstəkləndiyini vurğulayıb. O, artıq yekunlaşan IX qrant müsabiqəsi çərçivəsində əhalinin həssas qruplarına xüsusi yer ayrılacağını bildirib.
Tədbirdə digər çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayıb, belə təşəbbüslərin davamlı olmasının vacibliyini diqqətə çatdırıblar.
Sonra sosial çarx nümayiş olunub.
Əhalinin həssas qruplarına istiqamətlənən və bununla bağlı cəmiyyətin hər bir üzvünə ünvanlanan çağırışı əks etdirən “Qorxma, mən səninləyəm - xüsusi qayğıya ehtiyacı olan gənclərə sosial dəstək” layihəsi böyük maraqla qarşılanıb. Layihə xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı sosial məsuliyyət hissinin daha da gücləndirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində hazırlanan videoçarxın rejissoru Cavanşir Eladisoydur.