REGİONLAR
Ağdaşlılar bu il bağlardan 2500 ton məhsul toplayıblar
Ağdaş, 27 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda heyva yığımı başa çatıb. Havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluq göstərilməsi nəticəsində bu il rayonda bol məhsul əldə edilib.
Kəndlilər iki ay öncə bağlarda məhsul tədarükünə başlayıblar və ümumilikdə 2500 ton heyva yığıblar. Ötən il isə bağlardan 2300 ton heyva yığılmışdı. Bağbanlar hər hektardan orta hesabla 60-70 ton məhsul topladıqlarını deyirlər. Ağdaş heyvası yerli bazarlarda satılmaqla yanaşı, xarici bazarlara da çıxarılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Ağdaşda gəlirli sahə hesab olunan heyvaçılığın inkişafı və məhsul istehsalının ildən-ilə artırılması daim diqqət mərkəzində saxlanılır. Heyvaçılıq rayonu kimi tanınan Ağdaşın əvvəlki şöhrətinin geri qaytarılması üçün mühüm işlər görülür. Fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar. Rayonda mövcud olan 1608 hektar bar verən meyvə bağlarının 340 hektarını heyva bağı təşkil edir. Bağbanlar ötən il 10, bu ilin yaz aylarında isə 14 hektar sahədə yeni heyva bağı salıblar. Hazırda yeni meyvə bağlarının salınması üçün kəndlərdə hazırlıq işləri görülür.
Qeyd edək ki, heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi hesab edilir. Bu kəndlərdə heyvanın 15 sortu yetişdirilir.