SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətlə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı muxtar respublikada görməkdən məmnunluğunu bildirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdırıb, bunu qarşılıqlı münasibətlərin göstəricisi kimi dəyərləndirib.

Ali Məclisin Sədri Şahtaxtı-Poldəşt gömrük-keçid məntəqəsinin iş saatının artırılmasının və iqtisadi-ticarət əlaqələrinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Ali Məclisin Sədri əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qurbanəli Səadətə təşəkkür edib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət göstərilən diqqətə və səmimi görüşə görə minnətdarlıq edib, Qərbi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qurbanəli Səadət İranın Qərbi Azərbaycan Vilayətinin iqtisadi inkişafı haqqında məlumat verib, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi imkanlarından danışıb.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.