REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib VİDEO




Göyçay, 27 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Komitə sədri qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından 20-yə yaxın vətəndaşın şikayət və təkliflərini dinləyib.
Qəbulda körpə uşaqların övladlığa verilməsi, əlil uşaqların müalicəsi və ya əlil arabaları ilə təminatı, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə əlaqədar müraciətlər üstünlük təşkil edib. Qadınların işlə təminatı, sağlamlıq, təhsil, yaşayış yerlərinin yaxşılaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlərə də baxılıb.
Bir çox şikayətlər yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.
Qəbuldan sonra komitə sədri Hicran Hüseynova Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarındakı müxtəlif idarə və təşkilatlarda çalışan fəal qadınlarla görüşüb.