REGİONLAR
Qazaxda səyyar “ASAN qatar”ın xidmətindən 1615 nəfər yararlanıb VİDEO

Qazax, 7 fevral, Famil Quliyev, AZƏRTAC
Fevralın 1-dən Qazaxda fəaliyyət göstərən səyyar “ASAN qatar”ın xidmətindən 1615 nəfər yararlanıb. Əhali şəffaf şəkildə göstərilən xidmətlərdən razılıq edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində səyyar “ASAN qatar”ın əməkdaşı Fəda Abbasov deyib.
O bildirib ki, göstərilən xidmətin dairəsi genişdir. Vətəndaşlara burada notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri təqdim olunur. Eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, tibb xidmətləri və “Azərbaycan Dəmir Yolları” ASC–nin bilet satışının həyata keçirilməsi ilə bağlı xidmətlər də göstərilir. Elə ilk gündən başlayaraq, Qazax rayonunun sakinləri ilə yanaşı Ağstafa, Tovuz və Şəmkir sakinləri də xidmətin fəaliyyətindən istifadə etməyə başlayıblar.
Qeyd edək ki, səyyar “ASAN qatar” Qazaxda fevralın 15-dək sakinlərə xidmət göstərəcək.