İQTİSADİYYAT
8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib VİDEO

Bakı, 9 fevral, Elvin Camalov, AZƏRTAC
8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.
Bunu AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, dəyişikliyə əsasən, həmin avtobusların son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib. Belə ki, 8 nömrəli marşrut üzrə avtobuslar metronun “Azadlıq prospekti” stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinədək hərəkət edəcək. Məqsəd, Rəsulzadə qəsəbəsi sakinlərinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda metronun “Azadlıq prospekti” stansiyası ətrafında mövcud olan nəqliyyat sıxlığını aradan qaldırmaqdır.
M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar fevralın 13-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Məlumat üçün bildirək ki, bir sıra marşrut xətləri üzrə avtobuslar son dayanacaq kimi məhz metronun “Azadlıq prospekti” stansiyasının ətrafında dayanır ki, bu da həmin ərazidə, xüsusən də günün pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olur. Mövcud vəziyyətin aradan qaldırılması üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, yaxın vaxtlarda hazırda son dayanacağı metronun “Azadlıq prospekti” stansiyası olan marşrut avtobuslarının da hərəkətində dəyişiklik ediləcək. Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının tələbinə uyğun olaraq, həmin əraziyə gələn sərnişin avtobusları son dayanacaq olaraq “Dərnəgül” Nəqliyyatı Mübadilə Mərkəzinə yönəldiləcək.
Qeyd edək ki, hazırda sərnişin avtobuslarının “Dərnəgül” Nəqliyyatı Mübadilə Mərkəzinə rahat giriş-çıxışının təmin edilməsi üçün ərazidə zəruri infrastruktur yaradılır.