REGİONLAR
Xocavənd rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil olunub
Beyləqan, 9 fevral, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ildə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 10 rayonda 41 səyyar qəbul keçirilib. 916 nəfər sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 67 məsələ barədə müraciət olunub. Qaldırılmış məsələlərin 94 faizi müsbət həllini tapıb, 6 faizi ilə əlaqədar izahat işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xocavənd rayonu üzrə 2016-cı ilin yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən yığıncaqda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, xocavəndli məcburi köçkünlər respublikanın 36 şəhər və rayonunda məskunlaşıb. Onlar əsasən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində kompakt şəkildə yaşayırlar.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonun təsərrüfatlarında 2159 baş iribuynuzlu mal-qara, 16 min baş qoyun və keçi olub. Bu dövrdə 4806 sentner ət, 22 min sentner süd, 495 sentner yun istehsal edilib. Rayon üzrə 5883,9 hektar buğda sahəsindən 17 min 722,14 ton, 248,51 hektar arpa sahəsindən 646,126 ton məhsul götürülüb. Bundan başqa, fermerlər tərəfindən 195,5 ton kartof, 820,6 ton tərəvəz istehsal edilib.
Yığıncaqda qeyd olunub ki, ötən il rayon məşğulluq mərkəzinə 206 nəfər işaxtaran vətəndaş müraciət edib, onlardan 111 nəfəri işlə təmin olunub. “Xocavənd”, “Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə əhalinin elektrik enerjisi və qaz təminatı yaxşılaşdırılıb, sayğaclar quraşdırılıb. “Qarabağ xalçaları” layihəsi çərçivəsində 320 ailəlik qəsəbədə xalçaçılıq və tikiş kursları təşkil olunub. Həmin kursların davam etdirilməsi və xalça istehsalı müəssisəsinin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış ediblər.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.