REGİONLAR
Şəkidə səyyar “ASAN xidmət”ə beş gün ərzində 2 minə yaxın müraciət qeydə alınıb VİDEO
Şəki, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 18-dən Şəkidə fəaliyyət göstərən səyyar “ASAN xidmət”in imkanlarından beş gün ərzində 2 minə yaxın bölgə sakini yararlanıb.
Bu barədə AZƏRTAC-a Qəbələ regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri, xidmətin səyyar avtobusunun qrup rəhbəri Azad Qəribov məlumat verib.
Səyyar formada xidmətlərin göstərilməsi üçün Şəki şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Vətəndaşlar növbə ilə avtobusa daxil olur, müraciətlərini edirlər.
Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.
Qeyd edək ki, səyyar “ASAN xidmət” Şəkidə sakinlərə martın 18-dək xidmət göstərəcək.