CƏMİYYƏT


103 Çağrı Mərkəzi pandemiya dövründə hər gün qəbul etdiyi 2500-ə yaxın müraciəti icra edir

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günü qeyd edilir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyev müsahibə verərək, COVID-19 pandemiyası dövründə təcili yardım xidmətinin işi haqqında danışıb.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rauf Nağıyev qeyd edib ki, koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üzrə dövlətin həyata keçirdiyi tədbirlər çərçivəsində tibb müəssisələrinin üzərinə böyük yük düşür: "Pandemiyanın ilk dövrlərində 103 xidmətinin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayının artması səbəbindən gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı artırılıb. Həmçinin gündəlik xəttə çıxan sanitar avtomobillərin sayı 170-ə çatdırılıb. Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsində ümumiyyətlə 2370 nəfərə yaxın həkim və orta tibb heyəti çalışır".

Onun söylədiklərinə görə, COVID-19 virusunun yayılmağa başladığı ilk günlərdən etibarən təkcə Bakı şəhəri üzrə deyil, həm də ətraf ərazilərdə yaşayanlar ilk olaraq 103 Çağrı Mərkəzinə müraciət edib: “Biz Sumqayıt və Xırdalan şəhərlərində, Masazır, Saray, Ceyranbatan qəsəbələrində yaşayanlara da xidmət göstərdik. Martın əvvəllərində Bakı ilə yanaşı, adını çəkdiyim yerlərdə də yoluxmuş vətəndaşlardan laborator müayinə materiallarının götürülməsi, laborator-çeşidləmə məntəqəsində barkodlaşdırma, xəstələrin hospitalizasiyası işi də bizə tapşırılıb”.

103 Çağrı Mərkəzindən söhbət açan TTTYS-nin baş həkimi bu xidmətin 170 nəfərdən ibarət olan dispetçer heyətinin həftənin 7 günü, 24 saat əhalinin xidmətində olduğunu və pandemiya dövründə hər gün qəbul etdiyi 2500-ə yaxın müraciəti icra etdiyini vurğulayıb: "Bu müraciətlərin əksəriyyəti həyat üçün təhlükə yaradan hallar - miokard infarktı, insult, doğuş, travmalar, zəhərlənmə, yanıq, cərrahi xəstəliklər, nevroloji, ginekoloji, psixiatrik problemlərlə əlaqədar olub".

Baş həkimin sözlərinə görə, koronavirusun yayılma sürətini azaltması prosesində əsas məsuliyyət TTTYS-nin üzərinə düşüb: Təcili Tibbi Yardım briqadaları tərəfindən götürülmüş laborator müayinə materiallarının çeşidlənərək, siyahısının tərtib edilməsi, barkodlaşdırmadan sonra sistemə daxil edilməsi və mərkəzləşmiş laboratoriyaya çatdırılması, digər müəssisələr tərəfindən götürülmüş müayinə materiallarının ünvanlardan toplanması və s. xüsusiləşmiş təcili yardım briqadaları tərəfindən hərarəti yüksək olan şəxslərdən gündəlik 1000 ədəddən çox laborator müayinə üçün yaxma nümunəsi götürülüb. Həmçinin müəssisə və idarələrin işçilərindən kütləvi şəkildə laborator müayinə materiallarının götürülməsi, yoluxmuş şəxslə təmasda olanların ailə üzvləri, iş yoldaşları və yaxınlarından müayinə materialının götürülməsi, onlar barədə rayon icra hakimiyyətlərinə, polis idarələrinə, GEM-lərə, poliklinikalara məlumatların verilməsi icra olunub. Vəfat etmiş xəstələrdən laborator müayinə materiallarının götürülməsi, onların morqlara və respublikanın rayonlarına daşınması, laborator müayinənin nəticəsi müsbət çıxan xəstələrin ünvanlarının dəqiqləşdirilməsi, onların hospitalizasiyası həyata keçirilib. Eyni zamanda, təcili yardım briqadaları xarici ölkələrdə təhsil alan tələbələr və iş adamları ölkəyə qayıdarkən, onları müvafiq karantin bölgələrinə aparıb, onları müşayiət edib və xəstəxanalara yerləşdirilməsi işi ilə məşğul olub.

Daha sonra TTTYS-nin baş həkimi rəhbərlik etdiyi tibb müəssisəsində tətbiq olunmuş hazırkı iş rejimindən məlumat verdi: "TTTY briqadaları COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində xidməti vəzifə öhdəliklərini yerinə yetirməkdədir. Yoluxmuş şəxslər yalnız ehtiyac yarandığı halda (yüksək hərarət, yanaşı digər xəstəliklərin olması, tənəffüs çatışmazlığı) hospitalizasiya edilir. Xəstə ilə təmasda olan şəxslərdən, orta ağır və ağır xəstələrdən, ölüm baş verdiyi hallarda isə meyitdən laborator müayinəsi üçün yaxma nümunəsi götürülür. Laborator-çeşidləmə məntəqəsində barkodlaşdırmadan sonra müayinə materialı mərkəzləşmiş laboratoriyaya çatdırılır".

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi müsahibəsini bu sözlərlə bitirib: “Mən öz adımdan və bizim böyük kollektivin adından sükan arxasında olan vətəndaşlara müraciət etmək istəyirəm: yolda təcili tibbi yardım avtomobilinə rast gəlsəniz, ona yol verməyinizi çox xahiş edirəm. Unutmayın ki, bu maşınların içində məhz bu an kiminsə həyatı xilas oluna bilər. Gəlin, hamımız daha məsuliyyətli, daha həssas və daha mehriban olaq!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.