CƏMİYYƏT
Səyyar “ASAN xidmət” bir milyonuncu vətəndaş müraciətini qəbul edib VİDEO
Bakı, 7 aprel, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün ölkəni qarış-qarış gəzən səyyar “ASAN xidmət”də bir milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsilə bu günə qədər 58 rayonda və 110 məntəqədə vətəndaşlara səyyar formada xidmət göstərilib. Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar “ASAN xidmət” 2013-cü il iyunun 1-də iki avtobusla fəaliyyətə başlasa da daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən avtobusların sayı 10-a çatdırılıb.
Vətəndaş məmnunluğuna yol açan səyyar “ASAN xidmət” missiyasının davamı olaraq 2017-ci il fevralın 1-dən etibarən səyyar “ASAN qatar” vasitəsilə də vətəndaşlara xidmət göstərməyə başlayıb.
Qeyd edək ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.