SİYASƏT


104 yaşlı Azərbaycan Ordusunun tarixi Zəfəri

Bakı, 25 iyun, AZƏRTAC

Açıq etiraf etmək lazımdır ki, 2020-ci ilin 27 sentyabrına – Vətən müharibəsi başlayana qədər ermənilər Ordumuzun gücünə inanmırdılar. Xüsusilə də, müharibədən əvvəlki illərdə xaricdə keçirilən beynəlxalq tədbirlərdə Silahlı Qüvvələrimiz barəsində bəhs edəndə ermənilər və onların havadarları çıxışımızı bir sualla kəsirdilər – hanı ordunuz? Bu cür kinayəli sual qara tikan kimi sümüyə qədər işləyərək qürurumuza toxunurdu. Əlbəttə, biz ölkəmizdə aparılan ordu islahatlarını görürdük, alınan müasir silahlar, hərbi texnikalar barədə xəbərdar idik, nəhayət igidlərimizin Zəfər gününə hazırlaşdırıldığı barədə informasiyalara malik idik. Elə buna görə də, bizə sarkazmla, ironiya ilə “hanı ordunuz” deyənlərə “məqamı yetişəndə görəcəksiniz” cavabını verirdik. Amma onlar bizə inanmırdılar və cavabımızı söz xatirinə deyilmiş söz kimi qiymətləndirirdilər.

Hətta 2016-cı ilin aprel döyüşləri belə erməniləri tam “ağıllandıra” bilməmişdi. Ermənistan rəhbərliyi aprel döyüşlərini öz cəmiyyətinə fərqli formada təqdim edirdi. Qeyd edirdilər ki, özünü Cənubi Qafqazın ən güclüsü hesab edən bir ölkənin ordusu 3-4 gün ərzində 100-dən çox şəhid verdi, amma erməni silahlı qüvvələrinin müqavimətini qıra bilmədi və sair. Hətta sosial şəbəkədə məşhur olan bir videogörüntüdə “erməni revanşist” Azərbaycana hədə-qorxu gələrək “bir daha hücum etmək istəsəniz, Bakıya gedəcəyik, biz bunu yaxşı bacarırıq” deyə bildirmişdi. Daha sonra Ermənistanın siyasi və hərbi rəhbərliyi “yeni ərazilər” iddiası ilə çıxış etdilər.

Bu sözlər Milli Məclisin deputatı İltizam Yusifovun “104 yaşlı Azərbaycan Ordusunun tarixi Zəfəri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bütün bunlara baxmayaraq, bir gün belə fasilə vermədən ordu quruculuğu siyasətini ardıcıl, prinsipial şəkildə davam etdirirdi. Hərbçilərimiz NATO-nun, eləcə də onun güclü bir üzvü olan Türkiyənin kurslarında, təlimlərində iştirak edir, yeni bilik və təcrübələr qazanırdı. Eyni zamanda, müasir silahlar, hərbi texnikalar istismara verilir, müdafiə sənayesi gücləndirilirdi.

Nəhayət həmin gün yetişdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən müharibə zamanı düşmən 30 ildən artıq tutduğu əraziləri boşaldaraq, mövqelərindən qaçmağa məcbur oldu. “Dəmir yumruq” erməni işğalçılarına elə bir zərbə oldu ki, onlar nəinki Azərbaycan torpaqlarını tərk etdilər, Ermənistan ordusunun özü darmadağın oldu. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan həm də bütün dünyada biabır oldu, müdafiəsiz qaldı. Bu gün də Ermənistanda ordu quruculuğu istiqamətində heç bir addım atılmır. Çünki onların buna nə maddi imkanları çatır, nə də digər potensialları.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.

İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması 44 günlük Vətən müharibəsində şanlı Qələbəni şərtləndirən əsas amillər idi. Bu Zəfər Silahlı Qüvvələrimizin yarandığı son 103 ildə əldə edilmiş ən parlaq Qələbədir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Vətən müharibəsi tariximizdə yeni qəhrəmanlıq səhifələri açdı. Bu müharibədə dünya dövlətləri, türk dünyası və xalqımız onun bayrağını ucaldan Prezident İlham Əliyev kimi həqiqi vətənpərvər, Vətəninə və xalqına ürəkdən bağlı dahi şəxsiyyətin inamına, əzminə liderliyinə və qətiyyətinə bir daha şahid oldu. Artıq, Ali Baş Komandanın rəhbərliyindəki güclü Azərbaycan Ordusu quruluşunun 104-cü ilini qalib və müzəffər ordu kimi qeyd edir.

104 il öncə - 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun formalaşmasına hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı və Milli Ordumuz dağıldı. Uzun müddət ölkəmizdə ordu quruculuğu işləri aparılmadı. SSRİ Azərbaycan gənclərini orduda daha çox tikinti briqadalarına göndərir, onlara ciddi hərbi təlimlər keçmir, döyüşçü kimi yetişmələrinə maraq göstərmirdi. Bunu nəzərə alan ümummilli lider Heydər Əliyev 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculuğunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

1993-cü ildən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirilməyə başladı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun texniki təminatı olduqca yüksək səviyyədədir. Ordu quruculuğu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, heç bir məhdudiyyət tətbiq olunmur. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələrinə, Ali Baş Komandanına inanır və güvənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.