REGİONLAR
Zaqatalada Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərin seçimi aparılıb VİDEO
Bakı, 12 aprel, Xəyalə Məmmədova, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu il Azərbaycanda keçiriləcək Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərin seçilməsi məqsədilə regional görüşlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti belə görüş Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Zaqatala, Oğuz, Şəki, Balakən, Qəbələ və Qaxdan olan uşaqlarla fərdi müsahibələr aparılıb. Hər bir rayondan fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki uşaq forumda iştirak etmək hüququ qazanıb.
Regional görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.
Tədbir çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi keçirilib. İntellektual oyunda adıçəkilən rayonları təmsil edən komandaların tərkibinə daxil olan 35-ə yaxın şagird mübarizə aparıb.
Yarışda fərqlənən Zaqatala komandası final turunda iştirak etmək hüququ qazanıb. Final yarışları aprel ayında Bakıda keçiriləcək.
Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.