REGİONLAR
Səyyar “ASAN xidmət” Cocuq Mərcanlıda VİDEO
Cəbrayıl, 12 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Səyyar “ASAN xidmət” Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə və kəndin tikintisinə cəlb olunmuş şəxslərə xidmət göstərib.
AZƏRTAC xəbər verir ki, kəndə gələn “ASAN xidmət”in əməkdaşları vətəndaşların müraciətlərini dinləyib və onlara şəxsiyyət vəsiqələrini təqdim ediblər.
Səyyar “ASAN xidmət”in qrup rəhbəri Ülvi Həsənzadə bildirib ki, müraciət edən 6 nəfərdən 4-ü Cocuq Mərcanlı kəndinin sakinidir. Onlardan da ikisi 23 ildir kənddə yaşayan Həziyevlər ailəsinin üzvüdür. Digər iki nəfər isə tikintidə çalışan işçilərin övladlarıdır.
Vətəndaşlar göstərilən xidmətdən razı qaldıqlarını deyərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Kənd sakini Güloğlan Mirzəliyev deyib: “Çox gözəl təşəbbüsdür. Sevinirəm ki, bu gün “ASAN xidmət”in əməkdaşları şəxsiyyət vəsiqəsini mənə öz kəndimizdə təqdim etdilər”.
İyirmi üç ildir Cocuq Mərcanlıda yaşayan Oqtay Həziyev də şəxsiyyət vəsiqəsini doğma kəndlərində dəyişdirilməsinə görə məmnunluğunu bildirib: “Şəxsiyyət vəsiqəmin müddətinin bitmə vaxtına az qalmışdı. Vəsiqəni dəyişdirmək istəyirdim. “ASAN xidmət” mənim bu işimi asanlaşdırdı. Xidmətin əməkdaşları kəndimizə gələrək yeni vəsiqəni təqdim etdilər. Daim vətəndaşların qayğısına qaldığı üçün Prezident İlham Əliyevə minnətdaram”.