İQTİSADİYYAT


“Marie Claire” jurnalının baş redaktoru: Azərbaycan hətta Birləşmiş Ərəb Əmirliklərini geridə qoyur

Moskva, 29 aprel, AZƏRTAC

Fransanın “Marie Claire” jurnalının Rusiya nəşrinin baş redaktoru Anna Buraşova “Bakıya şopinqə gedirik” sərlövhəli məqaləsində tarixi və ənənələri ilə tanış olmaq üçün Azərbaycana getməsindən, oradan bir çamadan dəbli şey-şüy gətirməsindən və çox münasib qiymətlərlə şopinq marafonunu davam etdirmək üçün ora qayıtmaq arzusundan danışıb. AZƏRTAC bəzi ixtisarlarla həmin məqaləni təqdim edir.

X X X

A.Buraşova yazır: “Mən bu məqaləni isti rənglərə bürünmüş işıqlı Heydər Əliyev Aeroportunda yazıram. Mən Bakıdan gedirəm. Burada üç qayğısız gün keçirmişəm. Mən Sovet İttifaqında dünyaya gəlmişəm. İstəsən də, istəməsən də o dövrün qalıqlarını, çox yaxşı qonşulara hələ də sovet dövrünün gözü ilə baxmaq hissini ağlından çıxara bilmirsən. Əlbəttə, müasir aeroportda yerə enəndə, hətta yerüstü texniki xidmət əməkdaşları tərəfindən gülərüzlə qarşılananda (mən bunu getdiyim üç əsas məkanda – Parisdə, Milanda və Vyanada (əlbəttə, elə Moskvanın özündə də) heç vaxt müşahidə etməmişəm) bütün bu cəfəng fikirlər tamamilə yox olur. 

Azərbaycanın paytaxtına səhər saat dörddə gəldim. Enəndə təyyarə küləyin təsiri ilə çox atıb-tutur, silkələyirdi (yeri gəlmişkən, çoxmərtəbəli otellərə üstünlük verirsinizsə, özünüzlə beruşi götürün: o, yuxusu həssas olanların doyunca yatmasına kömək edir, yoxsa küləyin səsi altında meditasiya etməli olacaqsınız).

Gözlərinə Şərq xanımları kimi qara qələm çəkmiş qız səfərimizin məqsədini elə adi və gümrah şəkildə soruşdu ki, sanki onunla gündüz saat dörddə görüşürdük və “Bakı Şopinq Festivalına gəlmişik” sözlərini eşidəndə maraqla gülümsədi.

Otelə gedən şəhər yolu ideal təmiz idi. Yola sürücüdən ingilis dilində mini-ekskursiya daxil idi: “Baxın, bu, Zaha Hadidin yaratdığı həmin binadır, orada Heydər Əliyev Mərkəzi yerləşir, must-have – nəhəng ilbizlər təsvir olunmuş foto və I LOVE BAKU. Bu, Xalça Muzeyidir: 14 min eksponatı var, onların ən qədimi XVII əsrə aiddir, Təbriz məktəbidir, görmək lazımdır! Eramızın ilk əsrlərinə aid Qız qalası, onun yanındakı daşların üstündə otursan, mütləq dövlət və ailə səadəti taparsan...” Mənə elə gəldi ki, bələdçi kitabçalarında barəsində oxuduğum yerlərin yarısını artıq vizuallaşdırdım. Şəhər üzərində qanad çalan, “Flame Towers” göydələnləri triosunu yaradan “Fairmont” otelinin mənzərəsi Xəzərə açılan nömrəsində küləyin sədaları altında elə bu fikirlə yuxuya getdim.

Səhərimə şopinqlə başladım. Daha doğrusu, “Port Baku Mall” ticarət mərkəzində yerləşən “La Duree”də səhər yeməyi ilə. Ticarət məkanlarının çoxu kimi, bu mərkəz də Neftçilər prospektində, Xəzər dənizinin sahilində yerləşir.

Mayın 10-a qədər davam edəcək “Baku Shopping Fest” günlərində burada, eləcə də başqa yerlərdə 30 faizə qədər əlavə güzəştli qiymətlər var. “Tax free” də öz yerində. Yəni satın alınan malın qiyməti 300 manatdan, yəni 10 min rubldan çoxdursa həmin məbləğin 18 faizi qədər ƏDV alıcıya geri qaytarılır (yeri gəlmişkən, festival sayəsində “tax free”ni bilavasitə ticarət mərkəzində almaq olar – rahatdır!). Bayerlər can-başla işləyirlər, seçim ruhlandırır. Hiss edirəm ki, Bakıya gələndə yarıya qədər dolu olan çamadanım, geriyə artıq çəki ilə uçacaq.

Amma ağlıma yerli dizaynerlərlə tanış olmaq və onların işlərindən nə isə seçmək ideyası gəldi. Buna görə də “One” butikinə gedirəm. Burada “Sababi” brendindən sarafan seçdim. Düzünə qalsa, əynimə çox paltar ölçürəm, amma bu sarafanın üzərində dayanıram: o, zəmanəmiz üçün ağlasığmaz cəsarətli və dəbli tərzi ilə xoşuma gəlir.

Əsl karvansarada nahar yeməyi. Burada belə karvansaraların sayı az deyil. Masanın arxasına keçəndə altı əsr bundan əvvəl yerli sakinlərin bax indi mənim kimi burada oturub inanılmaz ləzzətlər aləmindən necə həzz aldıqlarını təsəvvür etməyə çalışıram. Azərbaycanda süfrəyə toplaşmaq ənənədir. Sizə qutabın, sonra dolmanın, yanında da turşuya qoyulmuş gavalının, beş növ kababın, Moskvada axtara-axtara qaldığımız Bakı tərəvəzinin və daha nələrin dadına baxmağı təklif etsələr, imtina etməyi ağlınıza da gətirməyin. Yeməklərə etinasız yanaşmaq olmaz, heç olmazsa, dadına baxın, ən yaxşısı isə pəhrizi, fitnesi və çimərlik mövsümünü unudaraq yeyin: bununla ev sahiblərinin könlünü xoş edərsiniz, təpənin üzərində ucalan şəhərdə gəzinti isə hər şeyi kompensasiya edər.

Bakıdan yerli çərəz – iki növ qaysı, alça, üzüm, əncir qurusu və bir də sumax (barbaris) gətirməsəydim, mən olmazdım. İndi sumaxı yeməklərimin çoxuna əlavə edirəm. Onun turşməzə dadı mənə çox gözəl bir şəhərə parlaq səyahətimi xatırladır.

Azərbaycan çox müasirdir və haradasa hətta Birləşmiş Ərəb Əmirliklərini geridə qoyur. Amma burada əvvəlki kimi adət-ənənələrə böyük hörmətlə yanaşırlar.

Şəhərdə təkbaşına gəzməyi sevirəm. Təhlükəsizliyi ilə məşhur olan Bakı bu baxımdan əsl mənim yerimdir. Hətta axşam saatlarında dəbdə olan “Paris“ bistrosundan (yaxud indi bir o qədər də dəbdə olmayan, amma əvvəlki kimi ləzzətli yeməklər təklif edən Çinardan) təkbaşına geri qayıdanda ikimənalı baxışlara rast gəlmirsən.

Qadına Şərqsayağı münasibət, qadının özünə münasibəti heyran qoyur. Bu, müasir bakılı xanımların dəbli və gözəl geyim və aksessuarlar sevməsinə, trendləri izləməsinə, şopinqdən həzz almasına mane olmur. Yeri gəlmişkən, mükafatlı şopinqin ənənəvi modeli: ana və qızı multibrendli şopinq mərkəzində, məsələn, “Baku”da, yaxud “Scallini”də bir neçə saat vaxt keçirir, həm pal-paltar seçir, həm də nahar edirlər.

Bəs nə? Bu, həm ideya, həm də ünsiyyət üçün əlavə vaxtdır! Bəlkə də şopinq festivalının cədvəlinə baxmağa və may bayramları üçün Azərbaycana vizasız səfər etməyə, yaxud artıq elə indi uzunmüddətli payız uik-endi planlaşdırmağa dəyər, axı “Baku Shopping Fest” bundan sonra ildə iki dəfə keçiriləcək vacib tədbir olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.