REGİONLAR
Qubada 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO
Quba, 10 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 10-da Qubanın Alekseyevka kəndində yeni tikilən 14 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə istifadəyə verilən bağça 60 yerlikdir.
Körpələr evi azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb. Bağçada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq.
Tədris müəssisəsi ilə tanışlıqdan sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.
Ulu Öndərin ildönümü münasibətilə Qubada ağacəkmə aksiyası, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi də təşkil olunub.
Ağacəkmə aksiyasında 200-dən çox müxtəlif növ ağac tingi əkilib.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan sərgidə isə rayonun ümumtəhsil məktəbinin şagirdlərinin əl işləri nümayiş etdirilib. Müxtəlif nominasiyalar üzrə seçilən əl işlərinin müəllifləri mükafatlandırılıb.