REGİONLAR
105 saylı Tovuz seçki dairəsində referenduma hazırlıq işləri başa çatıb
Tovuz, 19 sentyabr, Famil Quliyev, AZƏRTAC
105 saylı Tovuz seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-a təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının “Təqvim planına” uyğun aparılıb.
Dairə seçki komissiyasının sədri Fərmayıl Şərifov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 40 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 45 min 97 seçici var. Onlardan 545 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. 980 seçicinin yaşı 80-100 arasındadır.
Yüz yaşından yuxarı seçicilərin sayı isə 10 nəfərdir. Dairə üzrə ən yaşlı seçici 5 saylı məntəqədə səs verəcək Bozalqanlı kənd sakini 106 yaşlı Məhərrəmova Zəhra Qüdrət qızıdır.
F.Şərifovun sözlərinə görə, bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı seçicilərə paylanılıb. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb.
Səsvermənin gedişini izləmək üçün 412 nəfər yerli müşahidəçi qeydiyyata alınıb. Dairədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb və paylanılır.