ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin Akkreditasiya Qaydaları”na və Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a müvafiq olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) akkreditasiyası keçirilib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 2017-ci il 25 yanvar tarixli əmri ilə yaradılmış Akkreditasiya Komissiyası fevraldan işləyərək müvafiq yekun hesabat hazırlayıb.
Hesabatda qeyd olunur ki, Dəniz Akademiyası Azərbaycan elminin dənizçilik istiqaməti üzrə elmi mərkəzdir və bu sahədə elmi tədqiqatların aparılmasında, normativ sənədlərin işlənilməsində, elmi-pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. Akademiya fəaliyyət göstərdiyi dövrdə yalnız respublikamiz üçün deyil, həmçinin bir çox xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlayıb, dünyanın nüfuzlu elmi-tədqiqat mərkəzləri, beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradıb. Hazırda bu əlaqələr daha da genişlənərək xeyli zənginləşib.
Akkreditasiya Komissiyasının yekun qərarına görə, ADDA-nın beşillik fəaliyyəti “Dövlət təhsil standartları”nın tələblərinə uyğundur.
ADDA 1996-cı ildə yaradılıb və fəaliyyət göstərdiyi 20 il ərzində Təhsil Nazirliyinin akkreditasiyasından ilk dəfədir uğurla keçir.