ELM VƏ TƏHSİL
Biofizika İnstitutu “AzScienceNet” şəbəkəsinə qoşulub
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet” Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür. AMEA-nın institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunması, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlılığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA-nın yeni yaradılmış Biofizika İnstitutunun da “AzScienceNet” şəbəkəsinə fiber-optik əlaqə vasitəsilə qoşulması təmin olunub. Qurumda, həmçinin Wi-Fi və EduRoam xidmətlərinin yaradılması işləri həyata keçirilib, institutun əməkdaşlarına “AzScienceNet” vasitəsilə GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) şəbəkəsinin xidmətlərindən istifadə imkanı təqdim edilib.
Xatırladaq ki, GEANT tərəfindən təqdim olunan EduRoam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edə bilirlər.