CƏMİYYƏT
Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində baş verən yanğın söndürülüb
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də saat 16 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib. Naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları dərhal əraziyə cəlb edilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində alov saat 18:30 radələrində söndürülüb. İlkin hesablamalara görə, yanğın ətrafdakı bələdiyyə torpaqlarında xeyli sahəni əhatə etsə də, meşə torpaqlarına aid təxminən 15 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb, ağaclara ziyan dəyməyib.
Yanğının yol kənarından keçən vətəndaşların odla ehtiyatsız davranması səbəbindən baş verməsi ehtimal edilir. Yanğının başvermə səbəbinin dəqiqləşdirilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması üçün araşdırmalara başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısıalınmaz yanğınlar baş verir. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır. ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, meşələrimizi və yaşıllıqları qorumağa çağırır.