İDMAN


Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövrdə görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, konfransda AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, icraiyyə komitəsinin yeni tərkibi təsdiqlənib. Federasiyanın prezidenti Nazim İbrahimov konfrans iştirakçılarının yekdil səsi ilə yenidən bu vəzifəyə seçilib.

Sonra federasiyanın vitse-prezidenti, baş katibi və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Ramin Məmmədov federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasının üzvləri seçiliblər.

Nazim İbrahimov konfransda çıxış edərək ötən dövrdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində qazanılan nailiyyətlərin ildən-ilə daha da artdığını bildirib.

Federasiya rəhbəri yeni seçilmiş heyətə Azərbaycan Qılıncoynatma Federasiyasının qarşıdakı dövr üçün fəaliyyət planının, idmanın bu növü üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, “Neftçi” İdman-Sağlamlıq Klubunun və digər idman qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.