Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sosial sığorta ehtiyatından istifadə QAYDASI

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 12 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə uyğun olaraq sosial sığorta ehtiyatından istifadə qaydasını tənzimləyir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sosial sığorta ehtiyatının formalaşdırılması

2.1. Sosial sığorta ehtiyatı sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissə çıxıldıqdan sonra qalan məbləğdə formalaşdırılır.

2.2. İdarəetmə xərclərinin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir.

3. Sosial sığorta ehtiyatının istifadəsi

3.1. Sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir:

3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına;

3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə;

3.1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə.

3.2. Sosial sığorta ehtiyatından istifadəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edir.

3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.

3.4. Sosial sığorta ehtiyatında vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi xəzinə hesabı açılır.

3.5. Sosial sığorta ehtiyatının ilin sonunadək istifadə edilməmiş qalığı növbəti ilə keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin