CƏMİYYƏT


Uşaq Bərpa Müalicə Mərkəzi səkkiz ayda 1700-dən çox xəstə qəbul edib

Bakı, 13 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) müalicə alan uşaqların 40 faizi sinir, 30 faizi dayaq-hərəkət sistemi, 20 faizi tənəffüs yolları, 10 faizi digər xəstəliklərdən əziyyət çəkənlərdir. Mərkəzə gələn hər bir pasiyentin yaşı, xəstəliyinin ağırlıq dərəcəsi nəzərə alınmaqla ona bir neçə mərhələdə fərdi reabilitasiya kursu tərtib olunur.

UBMM-in baş həkimi Cəmilə Talıbova AZƏRTAC-a bildirib ki, müalicə prosesində fəal iştirak edən valideynlərlə də mərkəzdə iş aparılır. Burada sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, onların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir.

C.Talıbova qeyd edib ki, Bakı poliklinikalarında fəaliyyət göstərən pediatr və nevropatoloqlar üçün Mərkəzdə mütəmadi olaraq “Əlilliyin erkən aşkarlanması və müalicəsi” mövzusunda təlimlər təşkil edilir. Sentyabrın 25-26-da Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzdə Türkiyə və digər xarici ölkələrdən ekspertlərin cəlb olunacağı müvafiq beynəlxalq seminar keçiriləcək. “Düşünürəm ki, məktəblilərə ilkin tibb biliklərini öyrətmək lazımdır. Uşaqların bizim Mərkəzə ekskursiyası təşkil olunsa, onlar buradakı şəraitlə yaxından tanış ola bilərlər. Sağlam uşaqlar imkanları məhdud yaşıdları ilə ünsiyyət qurmalıdırlar. Onlara mənəvi dəstək lazımdır. Gələcəkdə yetkin yaşa çatdıqda onlar köməyə görə utanmamalıdırlar. Bir komanda halında çalışırıq ki, əlil uşaqlara, onların valideynlərinə əlimizdən gələn köməyi göstərək. Bizim Mərkəzin qapıları xəstə uşaqların üzünə daim açıqdır. Mərkəzdə “kostyum” terapiya aparılır, Səhiyyə Nazirliyi fizioterapiya və mexanoterapiyanın keçirilməsi üçün hər cür şərait yaradıb. Mərkəz səkkiz ayda 1700-dən çox xəstə qəbul edib. Mərkəzə hər il təxminən 2 min uşaq gəlir”, - deyə C.Talıbova qeyd edib.

Mərkəzdə müxtəlif ixtisaslı mütəxəssislər işləyir, burada müxtəlif masaj kursları da keçirilir. Masajın ən populyar növlərindən biri sağlamlaşdırıcı-profilaktik masajdır. O, xəstəliklərin müalicəsi və qarşısının alınması üçün çox effektiv vasitədir.

UBMM-in masajçısı Zöhrə Nəcəfova Səhiyyə Nazirliyi yanında gözdən əlil və zəif görənlər üçün ixtisaslaşdırılmış masaj məktəbini bitirib. O deyir: “Bizə tibb məktəbində tədris edilən bütün fənləri, o cümlədən mikrobiologiyanı, genetikanı, anatomiyanın bütün bölmələrini, fəlsəfəni və digər fənləri çox yüksək səviyyədə keçiblər. Bizim çox bilikli müəllimlərimiz olub. Mən bir il ərzində bu işin bütün incəliklərini mənimsəmişəm. Zəif görməyimə baxmayaraq, kitabları bütöv səhifələri ilə yadımda saxlayırdım”.

Müalicə masajını bir neçə aya öyrənmək mümkün deyil, bunu üçün daha uzun müddət və digər elmi biliklər tələb olunur. “Mərkəzə skolioz, bronxit, uşaq serebral iflici olan xəstələr tez-tez gəlir. Uşaq serebral iflicinin dörd mərhələsi var. Birinci və ikinci mərhələdə masaj çox faydalı olur, uşaqlar qalxır, oturur və sonra gəzirlər. Lakin bu, illərboyu masaj kursları tələb edir.

Bizim kimi zəif görənlərdə əlin həssaslığı yaxşı görən insanlardan xeyli yüksəkdir. Sizin gözlərinizlə gördüyünüzü biz əllərimizlə, barmaqlarımızla hiss edirik”, - deyə Z.Nəcəfova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.