İQTİSADİYYAT


SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan  artıq sərmayə qoyub

Kiyev, 19 sentyabr, AZƏRTAC

Azərbaycan şirkətləri Ukrayna ilə çox maraqlanırlar. Burada onlar üçün geniş imkanlar var, lakin bir çox potensial azərbaycanlı investor üçün risklər hələ də yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Business Ukraine” jurnalına müsahibəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib (http://bunews.com.ua/interviews/item/wait-and-see-azebaijan-businesses-still-view-ukraine-as-a-high-priority-but-high-risk-investment-destination).

Səfir hesab edir ki, Azərbaycan sərmayəçilərinin Ukraynada sərmayələrinin artırılması üçün əsas maneə çapqınçı dəstələrin hücumları və bəzi qaydalardır.

A.Xudiyev bildirib ki, 2016-cı ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 334 milyon dollar təşkil edib. Bu da 2013-cü illə müqayisədə 2,6 dəfə azdır.

“Hazırda ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələri ilə iş aparılır. Bu ilin yazında Kiyevdə Azərbaycan-Ukrayna Biznes forumu keçirildi və həmin forumda Azərbaycanın 40 şirkət və holdinqi təmsil olunurdu. Ümid var ki, aparılan məqsədli tədbirlər nəticəsində iqtisadi əlaqələr güclənəcək”, - deyə səfir əlavə edib.

A.Xudiyev müsahibəsində qeyd edib ki, aerokosmik sahə ikitərəfli münasibətlərin inkişafında daha çox maraq doğuran sahələrdən biridir.

“Ukrayna aerokosmik sahədə böyük təcrübə və güclü ənənəyə sahibdir. Bu sahə isə Azərbaycan üçün prioritet məsələdir. Son illər Azərbaycan Ukraynanın aviasiya sahəsində flaqman şirkəti sayılan “Antonov” ilə əməkdaşlığı genişləndirib və bir neçə təyyarə sifariş edib”, - deyə səfir müsahibəsində vurğulayıb.

Azərbaycanla Ukraynanın enerji əməkdaşlığına toxunan A.Xudiyev bildirib ki, SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrinə və neft bazasına sahibdir. SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyub.

Səfir müsahibəsində Azərbaycan və Ukrayna iqtisadiyyatına investisiya gətirəcək nəqliyyat dəhlizlərindən də söhbət açıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.