İQTİSADİYYAT
Neft-qaz sənayesi işçiləri peşə bayramlarını qeyd ediblər
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də SOCAR-ın baş ofisində neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, eləcə də hər iki şirkətin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər. Əvvəlcə SOCAR-ın fəaliyyəti və qazandığı uğurlardan bəhs edilən videoçarx nümayiş etdirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev çoxminli neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən SOCAR-ın prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.
R.Abdullayev sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin əhəmiyyətindən bəhs edib, bu sahədə qarşıda duran vəzifələrdən danışıb. SOCAR-ın prezidenti ölkə başçısı İlham Əliyevin neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçinin ali dövlət mükafatlarına layiq görməsinin çoxminli neftçilər ordusunun əməyinə göstərilən diqqət və qayğının təzahürü olduğunu söyləyib, dövlətimizin başçısına neftçilər adından təşəkkürünü bildirib.
O, “Şahdəniz-2”, TANAP, TAP layihələrinin əhəmiyyətindən, “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və mənbələrin şaxələndirilməsi baxımından əhəmiyyətindən danışıb. R.Abdullayev, həmçinin SOCAR-ın ölkə daxilində və xaricdəki layihələrindən, onların əhəmiyyəti və perspektivlərindən bəhs edib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə şirkətin Azərbaycandakı 25 illik uğurlu fəaliyyətindən danışıb. O, BP-SOCAR əməkdaşlığının dərinləşdiyini və yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, “Azəri”, “Çıraq” və “Günəşli” üzrə imzalanan yeni saziş məhz bu səmərəli əməkdaşlığın bəhrəsidir.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin kollektivini Neftçilər günü münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. Akademik Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıb, neftçilərin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.
Daha sonra 2016-cı ilin yekunlarına görə ilin ən yaxşısı nominasiyası üzrə qalib olan, eləcə də SOCAR-ın Fəxri fərmanı ilə təltif edilən qabaqcıl neftçilərə mükafatlar təqdim edilib. Mükafat alanlar adından geoloq Zeynal Zeynalov və qazmaçı Süleyman Bayramov çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər.