MƏDƏNİYYƏT
“Batalyon” sənədli filmi 10 saylı cəzaçəkmə müəssisəsində nümayiş etdirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində “Batalyon” sənədli filmi nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, filmin nümayişində məqsəd azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli keçməsini təmin etmək, onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etmək və vətənpərvərlik hisslərini daha da gücləndirməkdir.
Cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Etibar Məmmədov, filmin rejissoru, Əməkdar İncəsənət Xadimi Nizami Abbas və Milli Qəhrəman Elman Hüseynovun oğlu Emil Hüseynli çıxış edərək, bu cür tədbirlərin əhəmiyyətini və vaxtaşırı keçirilməsinin vacibliyini vurğulayıblar.
Dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkilən sənədli film Qarabağ müharibəsi zamanı Tərtər batalyonunun keçdiyi şərəfli döyüş yolundan bəhs edir. “Batalyon” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.