ELM VƏ TƏHSİL
Hazırda təsərrüfatlarda 60 faizədək suvarma suyu itkiyə gedir
Bakı, 11 oktyabr, AZƏRTAC
Təsərrüfatlarda bu gün ümumilikdə 60 faizədək suvarma suyu itkiyə gedir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.
Bunun səbəblərini açıqlayan institutun direktoru deyib ki, Şirvan, Mil və Muğan düzlərinin su ilə təminatında böyük rol oynayan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalların örtüyündə filtrasiyaya qarşı beton üzlüklər çəkilməyib. Buna görə bu kanallarda daim sızmalar baş verir. Elmi cəhətdən sübut olunub ki, bu kanallardan orta hesabla 40 faiz su itkiyə gedir. Eyni zamanda, suvarma kanallarında da itki olur. Təsərrüfat sahələrinin selləmə (şırım) üsulu ilə suvarılması da su itkisinə gətirib çıxarır.
Ə.Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində qrunt sularının səthə yaxınlaşması üzündən Muğanda və Qarabağda torpaqlar şoranlaşmağa başlayıb. Belə vəziyyətdə kollektor-drenaj şəbəkələri tikildi. Məqsəd qrunt sularının yer səthindən 3 metr aşağı salınması idi. Təəssüflər olsun ki, həmin kollektorlardan gedən su, bəlkə də, Kür çayının yarısından çoxdur. Bu qədər su Xəzərə axır. Drenajlarda suyun minerallaşması bəzən 30, bəzən də 50 qram olur. Suvarma suları da buraya qoşulur. Beləliklə, drenaj vasitəsilə daha çox suvarma suyumuz itkiyə gedir. Bunun da səbəbi yeni texnologiyanın tətbiq olunmamasıdır. Ölkəmizin məhdud su ehtiyatı var. Ona görə də sudan səmərəli istifadə etməliyik.
“Yeni suvarma üsullarını tətbiq etməliyik. Bunlardan biri damcı üsulu, biri torpaqaltı, digəri isə yağışyağdırma üsuludur”, - deyə alim bildirib.