CƏMİYYƏT
Yeni mənzillərə köçən kimsəsiz gənclər iş yerləri ilə təmin edilirlər
Bakı, 12 oktyabr, AZƏRTAC
Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonunun Masazır kəndində hər biri 120 mənzilli iki yaşayış binası inşa edilərək istifadəyə veriləndən sonra ilk növbədə onların məşğulluğunun təminatı sahəsində işlər aparılır. Hazırda eyni məqsədlə daha bir 120 mənzilli yaşayış binasının tikintisi aparılır və qarşıdakı dövrdə də prosesin davam etdirilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıda adları göstərilən gənclər müəssisədə müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərlə təmin ediləndən sonra onların əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və daimi iş yerlərində məşğulluğunun təmin olunması məsələsinə baxılıb. Gənclərdən 20 nəfəri “Məzun evi”ndəki ştat vahidləri və ictimai-iaşə xidməti sahələrində daimi iş yerləri ilə təmin edilməsi həyata keçirilib.
“Məzun evi”nin digər gənc sakinlərinin əməyindən istifadə olunması üçün sosial dialoq çərçivəsində işəgötürənlərlə mütəmadi əlaqələr yaradılıb. Ötən dövrdə görülən tədbirlər nəticəsində 30 gəncin yaşıllaşdırma müəssisəsində, 25 gəncin “Məzun evi” üçün tikilən yeni yaşayış binasının, 6 gəncin yaxın ərazidəki “Yeni Bakı” yaşayış kompleksinin və 11 nəfərin məcburi köçkünlər üçün inşa olunan yaşayış kompleksinin tikinti işlərində, 6 nəfərin karton fabrikində, 3 nəfərin Dövlət Neft Şirkəti (SOCAR) sistemində, 3 nəfərin beton istehsal edən zavodda, 2 nəfərin özəl klinikalarda və digər sahələrdə daimi iş yerləri ilə təmin olunması həyata keçirilib.
Aparılan işlərin davamı olaraq xalça və tikiş sexləri yaradılıb və hər iki sexdə “Məzun evi”nin 28 sakininin məşğulluğu təmin edilib. Bundan əvvəl isə həmin gənclər üçün xalçaçılıq və tikişçilik üzrə təşkil edilən hazırlıq kurslarında peşəyə yiyələniblər.
Sosial müəssisənin ayrı-ayrı sakinləri hazırda fərdi qaydada Bakı və Abşeron rayonu ərazisindəki müxtəlif ictimai-iaşə xidməti müəssisələrində çalışırlar. “Məzun evi”ndə yaşayan gənclərin xeyli hissəsi daimi iş yerləri ilə təmin ediliblər. Müəssisədə yaşayan gənclərdən 2-si Moskva, 5-i Bakının ali təhsil müəssisələrində ali təhsil alırlar. Ali məktəbləri bitirəndən sonra onların ixtisaslı mütəxəssislər kimi əmək bazarına çıxış imkanlarına malik olmaları da təmin ediləcək.
“Məzun evi” üçün tikilən növbəti yaşayış binasında uşaq bağçasının fəaliyyət göstərməsi, binanın ətrafında idman kompleksinin olması, yaxınlıqda məktəbin inşası da nəzərdə tutulub. Bununla əlaqədar həmin ərazidə yaranacaq yeni iş yerləri üzrə aidiyyəti sahələrdə ilk növbədə müəssisədəki gənclərin məşğulluğunun təminatı həyata keçiriləcək. Bütün bunlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məzun evi”ndə əmək bazarının tələblərinə uyğun bir sıra peşələr üzrə hazırlıq kurslarının təşkilinə başlanılıb.