CƏMİYYƏT
Metropoliten İşçilərinin Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-də Metropoliten İşçilərinin Həmkarlar İttifaqının (MİHİ) IV hesabat-seçki konfransı keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, təşkilatın icraiyyə komitəsi, eləcə də respublika təşkilatlarının nümayəndələri iştirak ediblər.
Hesabat məruzəsini təqdim edən MİHİ sədri Arif Mərdanov ötən konfransdan keçən müddət, yəni 2012-2017-ci illər ərzində görülən işlər barədə ətraflı məlumat verib. Məruzələr ətrafında çıxış edənlər MİHİ-nin hesabat dövründə görülən işlərdən bəhs edərək, MİHİ-nin fəaliyyətini kafi qiymətləndiriblər. Çıxışlarda Arif Mərdanovun növbəti dəfə MİHİ sədri seçilməsi təklifi irəli sürülərək dəstəklənib. Məruzələr ətrafında çıxış edənlər 2018-ci ilin fevralında keçiriləcək AHİK-in V qurultayında Səttar Möhbalıyevin yenidən bu təşkilata sədr seçilməsi təşəbbüsü ilə çıxış ediblər.
Konfransda çıxış edən Səttar Möhbalıyev namizədliyinin irəli sürülməsinə, etimada görə təşəkkürünü bildirərək, MİHİ sədrinin hesabat məruzəsini, görülən işləri yüksək qiymətləndirib. S.Möhbalıyev metropolitendə son illərdə həyata keçirilən novator ideyalar arasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı tədbirləri xüsusi qiymətləndirib.
2016-cı ildə metropolitendə bu məsələ ilə bağlı əhəmiyyətli və genişmiqyaslı dəyişiklik edilib. QSC sədrinin əmri ilə struktur yenidən qurularaq “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi” yaradılıb. Şöbənin birbaşa QSC sədrinə tabe edilməsi və bütün xidmətlərdəki aidiyyəti strukturların vahid mərkəzdə cəmlənməsi, sistemli tədbirlərin həyata keçirilməsi sahəyə cavabdeh şəxslərin məsuliyyətinin artırılmasını, onların hər bir təzyiqdən kənar olmasını, müstəqil, obyektiv fəaliyyətini təmin edib. Bu təşəbbüsü təqdirəlayiq hesab edən AHİK sədri digər respublika komitələri ilə birlikdə müvafiq dövlət qurumları qarşısında bunun vacib məsələ kimi qaldırılacağını qeyd edib.
Səttar Möhbalıyev metropoliten rəhbərliyinin və həmkarlar təşkilatının birgə fəaliyyətini, bunun sayəsində ötən qısa müddətdə böyük layihələrin həyata keçirilməsini nümunəvi kollektivin həmrəy fəaliyyətinin parlaq nümunəsi adlandırıb. Bütün bunlara görə o, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova xüsusi təşəkkürünü bildirib.
Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, təşkilatın təsis etdiyi sosial məsələlərin həllində xüsusi xidmətlərinə görə medalın təltif edildiyini qeyd edərək, mükafatı QSC sədri Zaur Hüseynova təqdim edib.
Daha sonra MİHİ sədrinin seçkiləri keçirilib. Səsvermə yolu ilə Arif Mərdanov növbəti müddətə bu vəzifəyə seçilib. Nəzarət-təftiş komissiyasının yeni tərkibinin seçkilərindən konfransın qərar layihəsi oxunaraq, səsvermə yolu ilə təsdiq edilib.
AHİK sədrinə ona verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov QSC-nin yarandığı dövrdən ötən 4 ilə yaxın müddət ərzində əhəmiyyətli işlər görüldüyünü qeyd etsə də, hələ qarşıda kollektivin daha böyük nailiyyətlər əldə edəcəyinə əminliyini ifadə edib.
Konfransın sonunda metropolitendə uzunmüddətli əmək fəaliyyətinə, Metropoliten İşçiləri Həmkarlar İttifaqının işində fəal iştirakına görə Nurəddin Məmmədov və Zemfira Ağazadə MİHİ-nin fəxri fərmanına və qiymətli hədiyyələrə layiq görülüb.