MƏDƏNİYYƏT
“Ana” şeirinə çəkilmiş diskin təqdimatı keçirilib
Bakı, 13 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində böyük dramaturq Cəfər Cabbarlının “Ana” şeirinə çəkilmiş diskin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı diskin muzey və “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin birgə layihəsi əsasında hazırlandığını diqqətə çatdırıb. “Ana” şeirinin yaranmasından bir əsr ötdüyünü vurğulayan Q.Seyfəddinqızı deyib: “Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi yer tutmaqla yanaşı, həm də lirik şeirlər müəllifi olub. O, “Ana” şeirini 1916-cı ildə 17 yaşında ikən qələmə alıb. Ədibin yaradıcılığında xüsusi yer tutan bu şeir hazırda ikinci həyatını yaşayır və ona maraq ildən-ilə daha da artır”.
Musiqi əsərinin ifaçısı, tanınmış muğam ustası, Xalq Artisti Alim Qasımov bildirib ki, bu mahnını təzədən bir də oxumaq və daha da dərinə getmək olardı.
Filmin bəstəkarı Elçin İmanov şeirin mətninə toxunmadığını, olduğu kimi şeirin sözlərinə mahnı bəstələdiyini, gözəl bir sənət əsəri meydana gəldiyini vurğulayıb.
Sonra klipə baxış olub.
Klipin rejissoru Fuad Təhməzov, operatoru Sənan Eynullayevdir. Musiqini Əvəz Muradov aranjiman edib.
Əsərin ideya rəhbəri, filologiya elmləri doktoru Vüqar Əhməd, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, şairlər - Vahid Əziz, Baba Vəziroğlu, “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov filmin yüksək peşəkarlıqla tərtib edildiyini, əslində “mahnı-hekayət” janrında çəkildiyini bildiriblər.
Çıxış edənlər ekran əsərinin ideyası və yüksək mənəvi dəyər aşılaması ilə bu gün çox aktual olan bir mövzuya həsr edildiyini, böyük dramaturqun əsərinə ikinci həyat verildiyini söyləyiblər.
Bildirilib ki, gənc nəslin tərbiyəsində əsərin böyük tərbiyəvi-didaktik əhəmiyyəti var.
Sonda Q.Seyfəddinqızı klipin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.