CƏMİYYƏT
Ümumdünya Əl Yuma Gününə həsr edilmiş brifinq keçirilib
Bakı, 16 oktyabr, Əziz Məmmədov, AZƏRTAC
Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün Ümumdünya Əl Yuma Gününə həsr edilmiş brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aytən Məmmədova çıxış edib. O bildirib ki, BMT-nin Uşaq Fondu (YUNİSEF) 15 oktyabr tarixini rəsmən Ümumdünya Əl Yuma Günü elan edib. Bu təşəbbüs ilk dəfə BMT Baş Məclisi tərəfindən Sanitariya İli elan olunmuş 2008-ci ildə keçirilən tədbirlər çərçivəsində rellaşdırılıb. Həmin gün BMT-nin dəstəyi ilə bütün dünyada təşkil edilən genişmiqyaslı aksiyaların əsas məqsədi - xüsusən Asiya, Afrika və Cənubi Amerika ölkələrində bir sıra xəstəliklərin profilaktikasına əsas yanaşma kimi bu sadə, lakin çox əhəmiyyətli gigiyenik prosedura əməl olunmasının zəruriliyinə ictimaiyyətin diqqətini cəlb etməkdir. Qeyd edilib ki, bu il Ümumdünya Əl Yuma Günü “Əllərimiz bizim gələcəyimizdir” şüarı altında keçirilir. Sağlamlığımızın qorunması üçün Əlləri yumağın əhəmiyyəti xüsusi vurğulanıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov xatırladıb ki, 2015-ci ilin sentyabr ayında keçirilmiş tarixi sammitdə BMT-nin üzvləri olan 193 dövlətin hamısı 2030-cu ilə qədər olan dövr üçün davamlı inkişafın 17 hədəfini (DİH) yekdilliklə qəbul edib. Qeyd edilib ki, bu siyahıdakı 6.2 nömrəli hədəfə (su ehtiyatlarının, onlardan səmərəli istifadənin təmin edilməsi və hamı üçün sanitariya) nail olmaq məqsədilə Azərbaycanda mütəmadi olaraq maarifçilik tədbirləri keçirilir. Məsələn, 2015-ci ildən etibarən respublikanın təhsil müəssisələrində “Su – həyatın özüdür. Təmiz əllər sağlamlığın rəhnidir” şüarı altında gigiyenik normaların təbliğinə dair tədbirlər keçirilir. Hazırda belə tədbirlər ölkəmizdə 2621 məktəbi, 3 liseyi və 111 uşaq bağçasını əhatə edir.
Sonra İSİM-in Səhiyyə İqtisadiyyatı və Tibbi Sığorta Şöbəsinin iqtisadçısı Elvina Əliyeva, “Ümidli gələcək” gənclər təşkilatının icraçı direktoru Kəmalə Aşumova və “Uşaq qaynar xətti” xidmətinin koordinatoru Gülşən Axundova müvafiq təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, diareya və ya pnevmoniya xəstəlikləri hər il dünyada 1,4 milyondan çox uşağın ölümünə səbəb olur, yeni doğulanlar arasında ölüm hallarının 15 faizi infeksiyalarla bağlıdır. Əlləri sabunla yumaq bu itkilərin qarşısını almaq üçün səmərəli vasitədir. Məsələn, müəyyən edilib ki, əgər valideynlər öz əllərini tez-tez sabunla yusalar, azyaşlı uşaqlar arasında kəskin respirator infeksiyalarla bağlı ölüm halları 20 faiz və kəskin bağırsaq infeksiyaları ilə bağlı ölüm halları 50 faiz azalar. BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri qeyd edirlər ki, yuyulmamış əllər problemi dünya miqyasında fəlakətli nəticələrə gətirib çıxarır. Yuyulmamış əllər vasitəsilə insan orqanizminə düşən törədicilər vəba, virus pnevmoniyası, hepatit, kəskin respirativ virus infeksiyaları kimi dəhşətli xəstəliklərə səbəb olur. Asiya və Afrikada uşaqlar arasında ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri çirkli əllərdir. Ona görə ki, əllərin mütəmadi olaraq yuyulmaması adi soyuqdəymə, konyuktivit, qaşınma, müxtəlif göbələk xəstəlikləri kimi xoşagəlməz nəticələr doğurur. YUNİSEF-in məlumatına görə “Çirkli əllər xəstəliyi” adlanan diareya hər il beş min uşağın ölümünə səbəb olur.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, əgər həmin uşaqlar yeməkdən əvvəl və ayaqyoluna gedəndən sonra əllərini sabunla yaxşıca yusalar, bu ölüm hallarının yarısından xilas olmaq mümkündür. Ona görə də əl yuma kimi sadə gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas etməyə imkan verər. Bu prosedur orqanizmin zərərli virus və infeksiyalara yoluxmasının qarşısını almağa kömək etməklə həyatımızı daha rahat, xoşagələn və təhlükəsiz edir.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.