MƏDƏNİYYƏT


Sənədli film sosial problemləri aradan qaldırmağa kömək edir

Bakı, 16 oktyabr, AZƏRTAC

“IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində oktyabrın 16-dan 19-dək Bakıda “Sosial dəyişiklik üçün kino” layihəsi reallaşdırılır. Bu beynəlxalq layihə beşinci dəfədir ki, müasir cəmiyyətin sosial problemlərinə həsr olunan sənədli filmləri nümayiş etdirir. Tədbir çərçivəsində ustad dərsləri və müzakirələr də keçirilir.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzi oktyabrın 16-da - layihənin açılış günündə tamaşaçılara rejissor Pavel Lozinskinin “Səni nə qədər sevdiyimi ağlına belə gətirə bilməzsən” filmini təqdim edib. Filmin nümayişindən əvvəl Varşavadakı Adam Mitskeviç İnstitutunun “Sosial dəyişiklik üçün kino” layihəsinin və “DokuBaku” beynəlxalq sənədli filmlər festivalının təqdimatı olub. Tədbirdə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka iştirak edib.

Sonra rejissor Pavel Lozinski bu mühüm layihədə öz filmini nümayiş etdirməyə yaradılan şəraitə görə tədbirin təşkilatçılarına – Adam Mitskeviç İnstitutuna və “DokuBaku” festivalına təşəkkürünü bildirib. Vurğulayıb ki, sosial yöndə olan filmlər insanın dünyagörüşünü genişləndirir, bir çox məsələlərin həlli yollarını tapmağa kömək edir.

Adam Mitskeviç İnstitutundan kino mütəxəssisi Qjeqoj Skorupski təmsil etdiyi strukturun fəaliyyətindən danışaraq qeyd edib ki, “Sosial dəyişiklik üçün kino” layihəsi diqqəti sosial problemlərə cəlb etmək, dünyanı dəyişmək potensialına malik sənədli kinonun inkişafına və təbliğinə yönəlib.

“Səni nə qədər sevdiyimi ağlına belə gətirə bilməzsən” filmi tamaşaçılarda dərin təəssürat oyadıb. Filmdə iyirmi yaşlı Hanya və onun anası Eva psixoterapevtin yanına gedirlər. Uzun illərdir ki, onlar ümumi dil tapa və “ortaq məxrəcə” gələ bilmirlər. Onlar aralarında ünsiyyətlə bağlı bu çıxılmaz vəziyyəti həll etmək üçün müalicə almaq istəyirlər.

Sonda film barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.