SİYASƏT


Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir

Daşkənd, 19 oktyabr, АZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Türkiyə Din İşləri İdarəsinin sədri Əli Ərbaşın da iştirak etdikləri görüşdə Özbəkistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin davamlı olaraq inkişaf etdiyi bildirilib.

Allahşükür Paşazadə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən tədbirlər, Daşkənddə təşkil olunan “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib. Bildirilib ki, bundan əvvəl Türkiyə, İran, Finlandiya və digər ölkələrdə də belə tədbirlər keçirilib və bu istiqamətdə işlər davam edir.

Prezident Şavkat Mirziyayev qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyası üçün zəruri addımdır və bu təşəbbüs bütün müsəlman dünyasında dəstəklənir. Bu məsələ Daşkənd konfransında qəbul olunan bəyanatda da öz əksini tapıb.

Dövlət başçısı Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.

Şavkat Mirziyayev bildirib ki, Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq yerinə yetirilməsinin tərəfdarıdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.